Səyyad ARAN haqqında kiçik bir XATİRƏ
7-04-2026, 08:34

Dostlar, düşünürəm ki, deputat Səyyad Aranın "300 manat maaş alan-alsın, mənə nə, millət necə tarac olur-olsun, mənə nə" söhbəti təsadüfi deyil. Bizim deputat həmişə "maraqlı", daha doğrusu Sabiryanə adam olub. Onu mən 90-lardan tanıyıram...
Deməli, 93-cü il hadisələrində Xalq Cəbhəsinin silahliları Milli Məclisin binasını mühasirəyə almışdılar, deputatları bayıra buraxmırdılar. Biz 3 jurnalist- mən, Səyyad Aran və Zərdüşt Əlizadə binada bir yerdə idik. Milli Məclisin iclaslarını işıqlandırmaq istəyirdik.
Arayış üçün deyim ki, o zaman mən "DİRÇƏLİŞ" qəzetinin, Zərdüş bəy "İSTİQLAL" qəzetinin redaktoru idi, Səyyad bəy isə, "SƏS" qəzetində redaktor müavini işləyirdi. Hər iki həmkarımı əvvəlcədən tanıyırdım, yaxşı münasibətlərim vardı, onların qəzetində dəfələrlə çap olunmuşdum. Zərdüşt bəylə isə, hətta "Aydınlıq" qəzeti üçün müsahibələr hazırlamışdım.
AXC silahlıları Milli Məclisdə Zərdüşt bəyə yaxınlaşdılar, onu mühasirəyə aldəlar, avtomatı sinəsinə dayadılar, amma atmadılar. Biz Səyyad bəylə silahlıları sakitləşdirdik, Zərdüşt bəyi "azad" etdik. Axşamı bir yerdə səhər elədik, səhərə kimi dərdləşdik. Dərd də qurtaran şey deyil...
Bu hadisədən 10 il keçdi, Səyyad bəy artıq deputat idi, "Xalq Qəzeti"nə gəlmişdi, mən də orda işləyirdim. Adamı görəndə sevindim, köhnə dost kimi üstünə getdim. Səyyad Aran məni "tanimadı", yad adam kimi əlini uzatdı. heç demədi ki, "burda neynirsən, necəsən, nə var, nə yox?" Təsəvvür edirsinizmi?!
Qalib Arif
TEREF

