Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq

Bu gün, 10:18           
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Son dövrlər bank kartlarından vəsaitlərin oğurlanması ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə diqqətçəkən məqam bu cinayətlərin çox vaxt ölkə xaricindən həyata keçirilməsi və nəticədə vətəndaşların hüquqlarının qorunması məsələsinin daha da çətinləşməsidir. Bir çox hallarda zərərçəkənlər pullarının geri qaytarılmadığını bildirir. Belə halda məsuliyyətin kimdə olduğu ilə bağlı məsələ gündəmə gəlir.

Bəs bank vətəndaşa dəymiş zərəri ödəməlidirmi?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova qeyd edib ki, məsuliyyət konkret hadisənin necə baş verməsindən asılıdır:

“Məlum olduğu kimi, bank ilə müştəri arasındakı münasibət müqavilə ilə tənzimlənir. Bank hesabı açılarkən tərəflər arasında müqavilə bağlanır və bu müqavilə çərçivəsində hər iki tərəf qeyd edilən öhdəlikləri daşıyırlar. Məsələn, hesabın təhlükəsizliyini təmin etmək bankın öhdəliyidir. Müştəri isə öz növbəsində, ödəniş alətlərindən düzgün istifadə etməyi və məxfi məlumatları qorumağı öhdəsinə götürür”.

İqtisadçının sözlərinə görə, burada əsas hüquqi prinsip öhdəliyin düzgün icra olunmamasına görə məsuliyyətin yaranmasıdır:

“Sadə dillə ifadə etsək, kim öhdəliyini pozubsa, o da məsuliyyət daşıyacaq. Mübahisənin taleyini həll edən əsas məsələ isə sübut yüküdür. Məsələn, bank sübut etməlidir ki, əməliyyat autentifikasiya olunub, yəni, SMS kod, 3D secure və s. istifadə edilib. Müştəri isə sübut etməlidir ki, bu əməliyyatda onun iradəsi olmayıb. Əgər bank sübut etsə ki, əməliyyat düzgün texniki prosedurla təsdiqlənib, o zaman hüquqi baxımdan bu əməliyyat müştərinin razılığı ilə edilmiş kimi qiymətləndiriləcək və bank məsuliyyət daşımayacaq”.

Vüsalə Əhmədova deyib ki, təhlükəsizlik öhdəliyinin pozulması hallarında məsələn, şübhəli əməliyyatları aşkarlamayıbsa, riskli tranzaksiyalara nəzarət etməyibsə və s. bank ciddi məsuliyyət daşıyır:

“Bank dələduz əməliyyatları vaxtında aşkar edib bloklamalıdır. Məsələn, müştəri heç bir kod paylaşmayıb, heç bir linkə daxil olmayıb, ancaq, buna baxmayaraq kartından ardıcıl olaraq 5 xarici əməliyyatla pul çıxarılıb. Bu kimi hallar müştərinin iradəsi xaricindədir. OTP daxil edilməyibsə və ya sistem bunu düzgün qeyd etməyibsə, bu artıq bank üçün risk deməkdir. Fərqli ölkələrdən eyni anda əməliyyatlar, qısa müddətdə çox tranzaksiya və s. kimi durumlarda bankın dərhal reaksiya verməsi mütləqdir. Əks halda, bunlar bankın səhlənkarlığı kimi qiymətləndiriləcək. Həmçinin də, əgər kart məlumatları bank sistemindən sızıbsa, bu da tam olaraq bankın məsuliyyətidir. Bu kimi hallarda bank zərəri tam şəkildə ödəməlidir. Xaricdən edilən oğurluqlarda problem təkcə texniki deyil, həm də hüquqidir. Müxtəlif ölkələrin qanunlarındakı fərqlər, pulun tez bir zamanda başqa hesablara ötürülməsi, bəzi hallarda da, kriptovalyutaya çevrilməsi kimi faktorlar zərərin bərpasını ciddi şəkildə çətinləşdirir. Pulun geri qaytarılması üçün beynəlxalq əməkdaşlıq da tələb olunur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru