Naxçıvanda sahibkarlara 7 ay ərzində 3,4 milyon manat güzəştli maliyyə yardımı verilib. Bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb. Bildirilir ki, vəsait 101 layihənin maliyyələşdirilməsinə yönəldilib və onun 80 faizdən çoxu rayonlarda fəaliyyət göstərən sahibkarlara ayrılıb. Layihələr hesabına 145 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Naxçıvanın İqtisadiyyat Nazirliyi bunu yeni iş yerlərinin açılması baxımından mühüm nəticə kimi təqdim edir. Yerli sahibkarlar isə güzəştli maliyyə yardımlarının hamı üçün əlçatan olmadığını, əsasən məmurlara yaxın şəxslərin bu imkanlardan yararlandığını iddia edirlər. Onların sözlərinə görə, vəsaitlərin təyinatı üzrə xərclənməməsi səbəbindən nəzərdə tutulan yeni iş yerlərinin də bir hissəsi faktiki olaraq yaradılmır. Gündəlik Naxçıvan