Böyük Britaniyada inanılmaz hadisə: Görmə qabiliyyəti olmayan şəxs gecə vaxtı 241 kilometr avtomobil sürdü
Bu gün, 11:08

Böyük Britaniyada rəsmi olaraq görmə qabiliyyətini itirmiş şəxs kimi qeydiyyatda olan və sürücülük vəsiqəsi olmayan bir nəfər sərxoş vəziyyətdə gecə vaxtı 241 kilometr avtomobil idarə edib.
Bu barədə "The Times" nəşri məlumat yayıb.
Məlumata görə, qayda pozuntusuna yol verən şəxsin 49 yaşlı Entoni Holl olduğu müəyyən edilib. O, sevgilisinə məxsus "Vauxhall Meriva" markalı avtomobili icazəsiz götürərək Qərbi Yorkşirdən Kambriya qraflığı istiqamətində hərəkət edib.
Bildirilir ki, Entoni Holl yolu yalnız qarşıda hərəkət edən yük maşınlarının arxa işıqlarına baxaraq müəyyənləşdirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili Karlayl şəhəri yaxınlığında magistral yolda saxlayıblar. Polis əməkdaşları nəqliyyat vasitəsinin zolaqlar arasında hərəkət etdiyini və tez-tez yolun kənarına çıxdığını müşahidə ediblər.
Entoni Holl səfərdən əvvəl şərab içdiyini, həmçinin artıq iki ildir ki, görmə qabiliyyətini itirmiş şəxs kimi rəsmi qeydiyyatda olduğunu etiraf edib.
Alkotestin nəticələrinə əsasən, onun nəfəsinin hər 100 millilitrində 46 mikroqram spirt aşkarlanıb. Halbuki Böyük Britaniyada icazə verilən hədd 35 mikroqramdır.
Yerli prokuror Sureş Basra bildirib ki, hadisənin xəsarət və ya maddi ziyanla nəticələnməməsi böyük şans olub.
"Cənab Hollun belə şanslı olması və hadisənin heç bir xəsarət və ya maddi ziyanla nəticələnməməsi əsl möcüzədir", - deyə prokuror vurğulayıb.
Məlumata görə, Entoni Holl barəsində məhkəmə qərarı sentyabrın 8-də elan olunacaq. Həmin vaxta qədər ona nəqliyyat vasitələrini idarə etmək müvəqqəti olaraq qadağan edilib.

