"Davamlı biznes trendin deyil, tələbatın üzərində qurulur" - Dr. Nəcəf Allahverdiyev
Bu gün, 15:24

Son dövrlərdə sosial şəbəkələrdə trendə çevrilən məhsullar ətrafında qurulan bizneslərin sayı sürətlə artır. Bir çox sahibkar qısa müddətdə yüksək satış və qazanc əldə etmək ümidi ilə bu məhsullara yatırım edir. Lakin trendin müvəqqəti olması belə bizneslərin davamlılığı ilə bağlı suallar yaradır.
Trend məhsullara yatırım etməzdən əvvəl sahibkar hansı meyarlara diqqət etməlidir ki, trend bitəndə biznesi də bitməsin?
Biznes təlimçi, “Karnegi Şəxsi İnkişaf Akademiyası”nın rəhbəri Dr. Nəcəf Allahverdiyev Valyuta.az-a bildirib ki, bəzən bazarda yaranan müvəqqəti ajiotaj insanı aldada bilir:
"Trend məhsullarla bağlı yadıma həmişə bir hadisə düşür. Təxminən 20 il əvvəl Azərbaycanla Gürcüstan arasındakı sərhəddə müəyyən problemlər yaranmışdı. Həmin dövrdə Gürcüstandan gətirilən bir məhsulun ölkəyə girişi çətinləşdi. Nəticədə bazarda qıtlıq yarandı və qiyməti bir neçə dəfə artdı. Hamı bu məhsuldan danışırdı və sanki bir anda "trend"ə çevrilmişdi. O vaxt gürcüstanlı tanışlarımdan biri ilə söhbət edirdik. Zarafatla dedim ki, əgər bu məhsulu sərhədin o tayından gətirmək mümkün olsa, burada çox yaxşı qazanc əldə etmək olar. Bu, sadəcə həmin günün vəziyyəti ilə bağlı bir fikir idi. Aradan təxminən 6 ay keçdi. Həmin tanışım mənə zəng edib dedi ki, sənin dediyin məhsuldan gətirmişəm, sat. Mən əvvəlcə çox çaşdım. Çünki zarafatla danışdığım o hadisə yadımdan çıxmışdı. Bu tanış isə 6 aydan sonra sərhədlər açılandan sonra qabağa düşmək istəyir. Amma artıq gec idi. Sərhəd açılmışdı, bazar məhsulla dolmuşdu, qiymətlər əvvəlki səviyyəsinə, hətta ondan da aşağı düşmüşdü. O məhsulu sata bilmədi. Və mən yadına düşdüm. Təbii olar məhsulu istədiyi qiymətə sata bilmədi. Çünki müvəqqəti trend bitmişdi. Artıq tələbat təmin olub, bazar dolub, təklif tələbatı üstələmişdi. Bu hadisə mənə bir dərs verdi. Bəzən bazarda yaranan müvəqqəti ajiotaj insanı aldada bilir".
"Əslində, trend çox vaxt qısamüddətli olur. Ona görə də sahibkar trendə yox, tələbata baxmalıdır. Özünə sual verməlidir: bu məhsula bir ildən sonra da ehtiyac olacaqmı? İnsanlar bunu reklam və dəb naminə alırlar, yoxsa həqiqətən istifadə etdikləri üçün? Bir məsələni də unutmaq olmaz. Bu gün yüksək görünən marjanı sabah bazara daxil olan onlarla yeni satıcı görəndə həmin marja sürətlə aşağı düşəcək. Əgər bütün hesabınızı bugünkü yüksək qazanc üzərində qurmusunuzsa, ciddi zərərlə üzləşə bilərsiniz. Mən trenddən istifadə etməyin əleyhinə deyiləm. Əksinə, bəzən bazara daxil olmaq və sürətli nağd pul axını yaratmaq üçün yaxşı fürsətdir. Amma trendi bizneslə qarışdırmaq olmaz. Davamlı biznes o zaman yaranır ki, məhsul insanların uzunmüddətli ehtiyacını ödəyir, müştəri isə aldığı dəyərə görə yenidən sizə qayıdır. Trend dəyişəcək. Amma insanların real ehtiyacları qalacaq. Uzunömürlü biznes də məhz bu ehtiyacların üzərində qurulur" - deyə Nəcəf Allahverdiyev qeyd edir.

