“Süni intellekt yaxşı rəhbərləri daha da gücləndirəcək, zəifləri isə...”

Bu gün, 16:24           
“Süni intellekt yaxşı rəhbərləri daha da gücləndirəcək, zəifləri isə...”
İsmayıl Əliyev

Satış və biznes inkişafı rəhbəri

Bir neçə il əvvəl “süni intellekt” deyəndə çoxumuz bunu filmlərdə görürdük. Bu gün isə telefonumuzda, iş yerimizdə, hətta gündəlik qərarlarımızda onunla qarşılaşırıq. Təbii ki, belə bir sual da yaranır: Sabah rəhbərlərə ehtiyac qalacaqmı?

Məncə, cavab qısadır. Bəli. Amma süni intellektdən istifadə etməyən rəhbərlər üçün işlər çətinləşəcək.

Çünki rəhbərlik təkcə hesabat oxumaq və ya rəqəmlərə baxmaq deyil. Bəli, süni intellekt bir neçə saniyəyə satış hesabatı hazırlaya, bazarı analiz edə, hansı məhsulun daha çox satılacağını proqnozlaşdıra bilər. Hətta rəhbərin günlərlə vaxt sərf etdiyi işi bir neçə dəqiqəyə bitirə bilər.

Amma rəhbər olmaq başqa məsələdir. Komandada problem olanda, işçi motivasiyasını itirəndə, vacib müştəri narazı olanda və ya şirkət çətin qərarla üz-üzə qalandar, insanlar kompüterə yox, rəhbərə baxırlar. Çünki insanlar göstəriş yox, güvən axtarırlar.

Heç bir proqram komandanın gözünün içinə baxıb “narahat olmayın, bu vəziyyətdən çıxacağıq” deyə bilmir.

Heç bir alqoritm çətin gündə məsuliyyəti öz üzərinə götürə bilmir. Bunu yalnız insan edir.

Burada başqa bir həqiqət də var. Bu gün hələ də qərarlarını yalnız hisslərinə əsasən verən rəhbərlər var. Məlumatı gec analiz edən, bazardakı dəyişiklikləri sonradan görən rəhbərlər var. Belə davam etmək artıq mümkün deyil. Çünki bazar heç kimi gözləmir. Bu gün rəqib bir qərarı bir saata verirsə, sən onu üç gün sonra verirsənsə, artıq geridə qalmısan.

Məhz burada süni intellekt rəhbərin ən güclü köməkçisinə çevrilir. O, rəhbərin yerinə qərar vermir. Sadəcə qərarı daha məlumatlı, daha sürətli və daha dəqiq verməsinə kömək edir. Ən maraqlısı isə budur ki, süni intellekt hamını eyni səviyyəyə gətirməyəcək. Əksinə, fərqi daha da böyüdəcək.

Yaxşı rəhbər bu texnologiyadan istifadə edib daha da güclənəcək. Zəif rəhbər isə nə qədər texnologiyaya sahib olsa da, yenə də zəif qalacaq. Çünki problem proqramda yox, düşüncə tərzindədir. Gələcəyin uğurlu rəhbəri hər şeyi özü edən insan olmayacaq. Doğru texnologiyadan istifadə edib, insanları da arxasınca apara bilən rəhbər olacaq.

Texnologiya sürəti artıracaq, amma istiqaməti yenə də insan müəyyən edəcək. Mən inanıram ki, uzun illər sonra belə şirkətlərin taleyini proqramlar yox, doğru qərar verən insanlar müəyyən edəcək. Süni intellekt rəhbərləri əvəz etməyəcək. O, sadəcə yaxşı rəhbərləri daha da güclü edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru