"Microsoft" sistemində boşluq tapanlara 20 milyon dollar payladı

Bu gün, 15:44           
"Microsoft" sistemində boşluq tapanlara 20 milyon dollar payladı
“Microsoft” son bir il ərzində sistemlərində təhlükəsizlik boşluqları aşkarlayan 562 tədqiqatçıya ümumilikdə 20 milyon dollar mükafat ödəyib.

Valyuta.az xəbər verir ki, açıq mənbə kodları və bulud xidmətlərini də əhatə dairəsinə daxil edən texnologiya nəhəngi tarixində ən yüksək ümumi ödəniş məbləğinə çatdığını açıqlayıb.

“Microsoft” təhlükəsizlik tədqiqatçılarına ödədiyi mükafatların həcminə görə rekord göstəriciyə nail olub. Şirkət 2025-ci il iyulun 1-dən 2026-cı il iyunun 30-dək 562 müstəqil mütəxəssisə ümumilikdə 20 milyon dollar ödədiyini bildirib.

Hər bir tədqiqatçıya düşən orta məbləğ təxminən 35 min dollar təşkil edib. Rekord ödənişin əsas səbəblərindən biri şirkətin Redmond kampusunda keçirilən “Zero Day Quest” adlı canlı haker tədbiri olub. Tədbir çərçivəsində təxminən 700 təhlükəsizlik boşluğu barədə məlumat verilib və mütəxəssislərə 2,3 milyon dollar mükafat ödənilib.

“Zero Day Quest” proqramı 20 ölkədən kibertəhlükəsizlik mütəxəssislərini bir araya gətirib. İştirakçılar əsasən “Microsoft”un bulud və süni intellekt platformalarında yüksək prioritetli ssenarilərə fokuslanıblar.

Mükafat məbləğindəki artımın digər səbəbi isə təhlükəsizlik araşdırmalarının əhatə dairəsinin genişləndirilməsi olub. Şirkət bu il ənənəvi sərhədlərdən kənara çıxaraq açıq mənbəli proqram təminatlarını, üçüncü tərəf komponentlərini və bulud xidmətlərini də proqrama daxil edib.

Əhatə dairəsinin genişlənməsi nəticəsində 300-dən çox əlavə hesabat əldə olunub və bu sahələr üzrə 800 min dollardan çox ödəniş həyata keçirilib.

Sistemlərdəki boşluqlar barədə məlumat verən mütəxəssislərin coğrafiyası ötən illə müqayisədə genişlənərək 64 ölkəyə çatıb. Əvvəlki dövrdə “Microsoft” 344 tədqiqatçıya 17 milyon dollar ödəyib və hər bir mütəxəssisə orta hesabla 49 min dollar düşüb.

Bu il ümumi ödəniş məbləği artsa da, hər bir tədqiqatçıya düşən orta məbləğ azalıb. 2026-cı ilin ilk yarısında müraciətlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, icma ilə qarşılıqlı əlaqə və təhlükəsizlik araşdırmalarında süni intellektdən istifadənin artması bu göstəricilərdə mühüm rol oynayıb.

Süni intellekt texnologiyaları daha çox insanın kibertəhlükəsizlik sahəsinə daxil olmasına imkan yaradır, eyni zamanda şirkətləri mükafat proqramlarını daha çox kritik boşluqlara yönəltməyə təşviq edir.

Bu tendensiya fonunda “GitHub” ödəniş məbləğlərini yeniləyib, “Apple” isə standart müraciət limitlərinə məhdudiyyətlər tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru