Paşinyan dəmir yollarına nəzarəti Rusiyadan geri istəyir - “Bu, bizim işimiz deyil...”
13-02-2026, 17:34

Ermənistanın Baş naziri Nikol Paşinyan “Public TV”yə müsahibəsində ölkənin dəmir yollarına nəzarətin Rusiyadan geri alınması məsələsini qaldırıb.
“AzPolitika” xəbər verir ki, o, bunu Ermənistanın tranzit və rəqabət üstünlüklərini qorumaq, həmçinin ölkə üzərindən beynəlxalq marşrutun formalaşdırılması zərurəti ilə əsaslandırıb.
Paşinyanın sözlərinə görə, 2008-ci ildə imzalanmış 30 illik güzəşt müqaviləsinə əsasən, Ermənistanın dəmir yolu sistemi “Russian Railways” şirkətinin yaratdığı “South Caucasian Railway” CJSC-yə verilib.
Baş nazir bildirib ki, son vaxtlar Rusiya tərəfinə dəmir yolunun bəzi hissələrinin bərpası ilə bağlı müraciət ediblər və “müsbətə bənzər” cavab alıblar. Bununla yanaşı, o, regional kommunikasiyalar kontekstində “çox vacib praktiki məsələ”nin yarandığını vurğulayıb.
Paşinyan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməsini nəzərdə tutan Zəngəzur dəhlizi (“Trump Route” marşrutu adlandırıb) barədə danışaraq bildirib ki, xəttin Azərbaycanın Zəngilan rayonundan Ermənistanın Meğri rayonuna daxil olub oradan Naxçıvana keçməsi gözlənilir.
Baş nazirin sözlərinə görə, dəmir yolu bağlantısının davamı üçün iki “rəqabətli seçim” mövcuddur:
Türkiyə və Azərbaycanın elan etdiyi Qars–Naxçıvan istiqamətində yeni xətt;
Ermənistandan keçən variant – Arazdəyəndən Axurikə mövcud dəmir yolu xətti üzərindən.
Paşinyan qeyd edib ki, Naxçıvanla sərhəddə yerləşən Arazdəyəndə (ermənilər Yerasx deyir-red.) cəmi bir neçə kilometr rels çatışmır, Türkiyə sərhədindəki Axurikdə isə çatışmayan hissə “daha da qısadır”.
“Beynəlxalq kontekstdə bu dəmir yolu hissəsinin Rusiyanın idarəçiliyində olması Qars–Dilucu marşrutunu daha əlverişli kimi təqdim etmək üçün istifadə olunur. Bu, bizim üçün problemdir, çünki hazır dəmir yolumuz olduğu halda rəqabət üstünlüyümüzü itiririk”, – Paşinyan deyib.
Müsahibədə Paşinyan Rusiyanın Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və mümkün üzvlük istiqamətində addımlarına dair narahatlıqlarına da toxunub. O bildirib ki, yanvar ayından Moskva Aİ-ni Rusiyaya qarşı “qarşıdurmaya yönələn strateji xətti” olan “aqressiv hərbi-siyasi blok”a çevrilməkdə ittiham edir.
“Rusiyaya və ya Rusiya maraqlarına zərər vurmaq bizim gündəmimizdə olmayıb, yoxdur və olmayacaq. Bu, istisnadır”, – deyə Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, “Trump Route” nümunəsi ilə Rusiya tərəfinin narahatlıqlarına cavab veriblər.
Beləliklə, Ermənistan rəhbərliyi regionda formalaşan yeni nəqliyyat marşrutları fonunda dəmir yollarına nəzarət məsələsini strateji prioritet kimi gündəmə gətirir. Bu isə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xəritəsinin yenidən formalaşdığı bir dövrdə əlavə geosiyasi dinamika yaradır.

