Çin Yeni ilində rekord: Ölkə daxilində 9,5 milyard səfər ediləcək
17-02-2026, 17:44
Çin vətəndaşları Yeni il bayramı dövründə ölkə daxilində rekord 9,5 milyard səfər edəcəklər.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi yerli hakimiyyətlərin proqnozlarına istinadla yazıb.
Bu il Çin Yeni ili 17 fevrala təsadüf edir, bayram günləri isə 15-23 fevral tarixlərini əhatə edəcək. Hakimiyyət vətəndaşların xərclərini stimullaşdırmaq və beləliklə ölkə iqtisadiyyatını dəstəkləmək məqsədilə rəsmi istirahət günlərinin sayını doqquz günə çatdırıb.
Yeni il ilə bağlı səfərlər adətən 40 günlük dövr üçün hesablanır. Təxminən bu qədər vaxt tələb olunur ki, bilet alınsın, bayrama gedilsin və sonra geri dönülsün. Bu il səfərlərin ümumi sayı 2 fevral – 13 mart tarixləri üçün hesablanır. Mütəxəssislər bu 40 günü dünyanın ən geniş miqrasiyası hesab edirlər.
Keçən il eyni dövrdə ölkə daxilində 9,02 milyard səfər həyata keçirilib. Bu il səfərlərin sayının artmasına həm istirahət günlərinin sayının çoxalması, həm də Çin ərazisinə vizasız daxil ola biləcək ölkələrin siyahısının genişlənməsi səbəb olacaq.