Çin süni intellekt sahəsində ABŞ-ni ÜSTƏLƏYİR: Vaşinqtonun Pekinin yeni iqtisadiyyat modeli ilə yetərsiz mübarizəsi
18-02-2026, 12:34

Çin gələn ay növbəti beşillik planını açıqlayacaq. Bu planlar olduqca əhəmiyyətlidir, çünki Çin bu proqramlarda hədəflənən sektorlara milyardlarla dollar vəsait ayırır və onlara xüsusi güzəştli şərait yaradır. Çin kritik sektorlarda bütün gücü ilə irəlilədiyi bir vaxtda ABŞ rəqabətə davam gətirmək üçün dil və təsvirlər üçün deyil, elm və riyaziyyat dünyası üçün hazırlanmış tamamilə yeni nəsil süni intellekt (Sİ) modellərindən istifadə etməli olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “SandboxAQ” şirkətinin icraçı direktoru Cek Hayderinin “The Wall Street Journal”a yazdığı təhlil məqaləsində qeyd olunub.
C. Hayderinin sözlərinə görə, Pekinin sonuncu beşillik planına biotexnologiya daxil edilmişdi və hazırda Çin yeni klinik sınaqlar sahəsində sürətlə yüksəlir, tez-tez Qərbdəki rəqiblərini qabaqlayır:
“Kommunist Partiyasının hakimiyyəti dövründə 15-ci olacaq bu yeni plan Sİ və kvant texnologiyalarına fokuslanmağa davam edəcək və fiziki dünyanın digər əsas sahələrinə olan yatırımları ikiqat artıracaq. Plan xüsusilə Çinin kritik minerallar sahəsindəki dominantlığına əsaslanan yeni materialşünaslığa yönələcək. Yeni materiallara polad kimi ənənəvi materiallardan daha möhkəm və yüngül ola bilən yeni metal ərintiləri, həmçinin karbon əsaslı materiallar daxildir. Yeni materialşünaslıq, eyni zamanda, daha çox enerji saxlayan, daha sürətli enerji yığan və daha yüngül çəkili batareyalar üçün “de novo” (yeni) kimyəvi birləşmələri də əhatə edir. Bunların tətbiq sahələri arasında hipersəs raketləri, qabaqcıl çip istehsalı, hərbi gəmilər və enerji saxlama batareyaları var”.
İcraçı direktor bildirib ki, sosial media və “Pinterest” şəkilləri üzərində təlim keçmiş Sİ modelləri atomaltı səviyyədə fizika tələb edən bu tətbiqlər üçün yararsızdır:
“Bizə real dünya üçün yeni Sİ modelləri lazımdır – laboratoriya məlumatları və tənliklərə əsaslanan çıxışlar üzərində təlim keçmiş kəmiyyət modelləri ki, bu da onlara mövcud texnologiyanı ötüb keçməyə imkan versin. Strateji əhəmiyyətli tətbiqlərdə “hallüsinasiya”lar (Sİ-nin yanlış məlumat uydurması) qəbuledilməzdir. Ən yaxşı kəmiyyət Sİ modellərinə və kvant texnologiyasına sahib olan ölkə bu əsrin qalan hissəsində hökmranlıq edəcək. Çinlilər bunu bilir və diqqətlərini buna yönəldiblər”.
Müəllif qeyd edib ki, real dünya Sİ-nin tətbiq sahələrinə əczaçılıq, yarımkeçiricilər, enerji və maliyyə xidmətləri daxildir – bu dörd sektor qlobal iqtisadi hasilatın 25 trilyon dollardan çoxunu təşkil edir və onlar dil deyil, rəqəmlər və tənliklər üzərində inkişaf edir.
“Sİ dünyasında belə bir konsensus var ki, model yaradıcıları onlayn tapıla bilən, demək olar ki, bütün mümkün məlumatları “sorub bitiriblər”. Sİ modellərinin gedişatını dəyişdirəcək yeni məlumatlar internetdən deyil, sektora xas yeni mənbələrdən gələcək. Yeni tibbi müalicələrin hazırlanması üçün bizə minlərlə təcrübə aparan avtomatlaşdırılmış laboratoriyalardan əldə edilən məlumat dəstləri lazımdır. Bu robot laboratoriyalar həm Qərbdə, həm də Çində ortaya çıxır. Laboratoriya nəticələri daha sonra fizika və kimya tənliklərinə əsaslanan sintetik məlumatlarla zənginləşdirilir. Bu məlumat dəstləri müvafiq sektora uyğunlaşdırılmış yeni arxitekturalı xüsusi modellərin təlimində istifadə olunur”, – Hayderi vurğulayıb.
O bildirib ki, yeni modellərə ehtiyac xüsusilə müdafiə və enerji sahələrində kəskindir:
“Çin hipersəs raketlərin hazırlanmasında ABŞ-ni qabaqlayır. Bu raketlər yüksək sürətlə hərəkət edir, onları izləmək və vurmaq ənənəvi variantlardan daha çətindir. Yeni materiallar bu raketləri yüngül və dözümlü edir. Çin həmçinin batareya bazarına nəzarət edir. Rəqabət aparmaq üçün biz litium əsaslı batareyalardan kənara çıxmalı və yeni kimyəvi tərkiblərə keçməliyik”.
C. Hayderi qabaqcıl çip istehsalı üçün yeni materiallar və proseslər tələb olunduğuna diqqət çəkərək yeni materialları və çip topologiyalarını layihələndirmək üçün Sİ modellərinin zəruri olduğunu vurğulayıb.
“Çin qlobal iqtisadiyyatın əsas sektorlarında hökmranlıq etmək niyyətindədir və bunu artıq kritik materiallar kimi sahələrdə sübut edib. Yeni beşillik plandakı bu kəskin fokuslanma ABŞ və müttəfiqlərinə bir xəbərdarlıqdır: Əgər Qərb Çini üstələmək istəyirsə, real dünya üçün nəzərdə tutulmuş süni intellektlə böyük bir sıçrayış etməlidir”, – Hayderi fikrini tamamlayıb.

