Çində artıq robotların da "şəxsiyyət vəsiqəsi" olacaq

Bu gün, 17:38           
Çində artıq robotların da "şəxsiyyət vəsiqəsi" olacaq
Çin humanoid robotlar üçün nəzərdə tutulan rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) sisteminin sınaqlarına start verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.

Bildirilib ki, Hubey əyalətində bir sıra modellərə "pasport" rolunu oynayacaq rəsmi ID nömrələr təqdim edilib.

Bu layihənin inkişafı Uhan Humanoid Robototexnika İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Yeni sistemə əsasən, hər bir cihaza onun bütün parametrlərini özündə əks etdirən xüsusi rəqəmsal şifrə təyin olunacaq. Həmin elektron profildə aşağıdakı vacib məlumatlar yer alacaq:

- İstehsalçı şirkət, model və seriya nömrəsi;

- Cihazın konfiqurasiyası və avtonomluq dərəcəsi;

- Keçdiyi təmir işləri və texniki xidmət tarixçəsi;

- Akkumulyatorların (batareyanın) durumu və mexanizmlərin köhnəlmə dərəcəsi;

- Real vaxt rejimində cihazın hərəkət dəqiqliyi və hazırkı texniki vəziyyəti.

Təşəbbüs çərçivəsində robotların istismar müddəti boyunca vəziyyətini nəzarətdə saxlamağa imkan verəcək vahid rəqəmsal qeydiyyat platformasının qurulması planlaşdırılır.

Çin mütəxəssislərinin fikrincə, bu cür yenilik texniki xidməti sadələşdirməklə yanaşı, yaranan nasazlıqların diaqnostikasını da sürətləndirəcək. Üstəlik, cihazların rəqəmsal istifadə keçmişi robotların qarışdığı qəzalar və ya hər hansı insidentlər zamanı hüquqi cəhətdən kimin məsuliyyət daşıdığını (istehsalçının, yoxsa sahibinin) müəyyənləşdirməyə kömək edəcək.

Layihənin digər önəmli məqsədi robototexnikanın təkrar bazarı üçün etibarlı mühit yaratmaqdır. Belə ki, gələcək alıcılar eynilə işlənmiş avtomobil alarkən olduğu kimi ("robotun yürüşü" və s.), cihazın istifadə tarixçəsini və texniki yoxlama nəticələrini əvvəlcədən şəffaf şəkildə nəzərdən keçirə biləcəklər.

Çin mətbuatının verdiyi məlumata əsasən, bəzi istehsalçı şirkətlər kodlaşdırma sistemini artıq uğurla sınaqdan keçiriblər. Milli standartların təsdiq edilməsindən sonra identifikasiya nömrələrinin kütləvi şəkildə paylanmasına başlanacaq. Layihənin ilkin mərhələsi sənaye, xidmət və təhsil sektorlarında tətbiq olunan humanoid robotlara şamil ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru