Rusiya Ukraynaya kütləvi hücuma keçdi - Çox sayda ölən var
Bu gün, 11:08

Rusiya ordusunun Ukraynanın Zaporojye, Dnepr və Xerson vilayətlərinə endirdiyi son zərbələr nəticəsində mülki əhali arasında itkilər qeydə alınıb, onlarla insan yaralanıb. Regional hərbi administrasiyaların rəhbərləri hücumların fəsadları barədə məlumat yayıblar.
NOCOMMENT.az xəbər verir ki, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov rayon ərazisindəki yanacaqdoldurma məntəqəsinə PUA zərbəsi endirildiyini bildirib. Hadisə nəticəsində güclü yanğın baş verib və 25 yaşlı qadın xəsarət alıb. Ümumilikdə vilayət üzrə son sutkada 7 nəfər yaralanıb.
Dnepr şəhərində isə düşmən hücumu nəticəsində fərdi yaşayış evində yanğın qeydə alınıb, 3 nəfər xəsarət alıb. Dnepropetrovsk rəsmisi Aleksandr Qanja 70 yaşlı qadının ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini, 50 və 60 yaşlı iki kişinin isə ambulator yardıma müraciət etdiyini bildirib. Bundan əlavə, Krivoy Roq rayonunda dörd, Sinelnikovda isə bir nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Ən ağır itkilər Xerson vilayətində qeydə alınıb. Vilayət rəhbəri Aleksandr Prokudin zərbələr nəticəsində 1 nəfərin öldüyünü, biri uşaq olmaqla 15 nəfərin yaralandığını açıqlayıb. Az sonra Prokudin daha bir acı xəbəri paylaşaraq, Xersonun mərkəzində atəşə məruz qalan və ağır yaralanan 22 yaşlı gənc qızın da xəstəxanada həyatını itirdiyini diqqətə çatdırıb.

