KREML ƏN TƏHLÜKƏLİ ALƏTƏ ƏL ATIR... - “Rus İcması” niyə və kimlərə qarşı yaradılıb?
Bu gün, 16:48

Moskva Rusiyadakı “qara millət”in “qənimlərini” niyə himayə edir?
1941-1945-ci illər müharibəsində faşizmə qalib gəldiyini elan edən və hər il 9 mayda bununla bağlı Qələbə Paradı keçirən Rusiyanın nə vaxtsa digər xalqlara qarşı qatı millətçilik, şovinist, bəzənsə hətta nasist əhval-ruhiyyənin hakim olduğu və bunun birbaşa siyasi hakimiyyət tərəfindən dəstəkləndiyi bir ölkəyə, cəmiyyətə çevrilməsi bəlkə də kimsənin ağlına gəlməzdi. Lakin müasir Rusiyanın heç vaxt ağlına gəlməyən bir çox şeylər hazırda başına gəlməkdədir…
Bu gün vaxtilə faşizmin, nasizmin banisi elan edilən Almaniyada miqrant, qeyri-alman taksi sürücüsünün, həkimin, ticarətçinin milli mənsubiyyətinə, dilinə, dininə, dərisinin rənginə görə hansısa alman tərəfindən təhqir, təhdid edilməsinə, alçaldılmasına demək olar ki, rast gəlməzsiniz. Lakin “faşizmə qalib gələn” Rusiyada əksinə, milli mənsubiyyətinə görə addımbaşı insanların təhqir edildiyinə dair saysız-hesabsız faktlarla, videogörüntülərlə rastlaşa bilərsiniz.

Əsas hədəfdə olanlarsa təbii ki, postsovet məkanından, keçmiş “qardaş respublikalar”dan olan “qara millət”, müsəlmanlar və digər qeyri-ruslardır. Bu insanlara qarşı istər məişət səviyyəsində, istərsə də dövlət qurumları tərəfindən özbaşınalıq, təhqir, təhdid halları baş verərkən, onların paspotuna, vətəndaşlığına belə baxan olmur. Yəni, bir çox hallarda hətta Rusiya vətəndaşı olsan belə, qeyri-russansa, deməli, heç kimsən! İstənilən an saxlanıla, xırda pozuntuya görə vətəndaşlıqdan belə məhrum oluna bilərsən.
Bir sözlə, onlarla etnik bölgə və on milyonlarla qeyri-rusun yaşadığı müasir Rusiyanın gerçək şüarı “Rossiya dlya russkix”(Rusiya ruslar üçün) olaraq qalır və bu şüarın əsas ilhamvericisi Kremlin özüdür…

Bu prosesdə Kremlin yerdəki əsas köməkçiləri hüquq-mühafizə orqanları ilə yanaşı, elə Kremlin özü tərəfindən yaradılan və rəsmi, qeyri-rəsmi səlahiyyətlər verilən “Rus İcması”dır. Bu “icmalar” faktiki olaraq miqrantları və ümumilikdə qeyri-rusları sıxışdırmaqla, bəzənsə onlara qarşı açıq quldurluqla məşğul olan dəstələrdir…
Hüquqi baxımdan “Rus İcması” Ukraynaya qarşı işğalla paralel, 2022-ci ildə Rusiyadakı "İctimai Birliklər Haqqında" Federal Qanuna uyğun olaraq qeydiyyata alınıb və Regionlararası İctimai Təşkilat statusunda fəaliyyət göstərir. Təşkilatın elan edilmiş məqsədləri guya “rusların qarşılıqlı yardımı, mədəni, mənəvi maarifləndirilməsi və ənənəvi dəyərlərinə dəstək”dir. Üstəlik, “hüquq-mühafizə orqanlarına patrul xidməti və köməklə bağlı təşəbbüsləri həyata keçirmək” üçün bu təşkilat "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı haqqında" Federal Qanunu əsas gətirərək, "Rus Drujinası" da yaradıb.

Lakin Rusiyada eyni qanun əsasında yaradılan və faktiki geniş səlahiyyətlər verilmiş, geniş şəkildə təşkilatlanmış hansısa “Tatar İcması”, “Başkir İcması”, “İnquş İcması”, “Kabardin İcması”, “Yakut İcması” və s. görməzsiniz, buna imkan verməzlər…
“Rus İcması”nın Rusiya üzrə artıq 150-dən çox yerli təşkilatı var. Lakin təşkilatın rəhbərləri etiraf edirlər ki, Şimali Qafqaz respublikalarında onların şöbələri yoxdur.
Sual yaranır: Niyə? O ərazilərdə ruslar yaşamırmı? Yaşayır. Bəs onların “qarşılıqlı yardım, mədəni, mənəvi maarifləndirmə və ənənəvi dəyərlərə dəstəyə” ehtiyacı yoxdurmu? Var. Deməli, məqsəd humanizm, ruslara yardım, dəstək yox, sadəcə, qeyri-rusları və miqrantları əzməkdir. Bunu isə Qafqazda yox, rus kökənli əhalinin üstünlük təşkil etdiyi ərazilərdə bacarırlar, çünki orada bu, daha asandır. Həmin ərazilərdə onlar “qara millət”ə qarşı 1990-cı illərin “skinxedləri”nin funksiyasını yerinə yetirməkdədirlər.

Ümumiyyətlə, tarixən istənilən sırf millətçi əsaslarla yaradılan birliklər əksər hallarda faşist və ya nasist ideologiyasına qapılıblar. Rusiyadakı zatən şovinst, imperiyaçı ideologiyaya köklənən, üstəlik Ukraynaya qarşı savaşdakı uğursuzluqla daha da aqressivləşən rus cəmiyyətinin fonunda “Rus İcması”nın asanlıqla nasist ideologiyasını özünə hopdurması üçün münbit şərait yaranır. Hazırda bu təşkilat inamla məhz buna doğru gedir və bu “yolda” onların Rusiya İstintaq Komitəsinin başçısı, qatı millətçi və ksenofob baxışları ilə tanınan Aleksandr Bastrıkin, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill və “pravoslav iş adamı” Konstantin Malofeyev kimi olduqca nüfuzlu himayədarları var. Onlarınsa arxasında təbii ki, Kremlin özü dayanır…

“Rus İcması”nı himayə edən bu üçlükdə hərənin öz “vəzifəsi” var:
Bastrıkin müntəzəm olaraq ictimaiyyəti “miqrant cinayətləri”nin artması barədə məlumatlandırır və daha qətiyyətli tədbirlər tələb edir, miqrasiya axınının azaldılması üçün “konkret təkliflər” verir. Patriarx Kirill ruslara “yad mədəniyyətə malik insanlar”ın kütləvi axınının həyati təhlükəsindən danışır. Məsələn, çıxışlarının birində deyir: "Rusiya həmişə xarici təcavüzkarları məğlub edib, lakin bu gün təcavüz xarici deyil. Məqsədlərinə çatmaq üçün zorakılığa meylli qruplarda birləşən insanlar artıq ölkə daxilindədirlər".
Yəni, Rusiyadakı qeyri-ruslar mütləq şəkildə “zorakılığa meylli qruplar” kimi təqdim olunur. Halbuki rəsmi statistikaya görə də Rusiyadakı cinayətlərin, zorakılıqların mütləq böyük əksəriyyəti rusların özləri tərəfindən törədilir...
Hələ ötən il Moskva və Sankt-Peterburqda Rus Provaslav Kilsəsi tərəfindən təşkil olunan xaç yürüşlərinə “Rus İcması”nın aktiv şəkildə cəlb olunması, şəxsən Patriarx Kirill tərəfindən "xaç yürüşü”nün "rus yürüşü”nə çevrilməsi də Patriarxın və ona bu vəzifəni tapşıran Kremlin məramlarının aydın təzahürü idi...
Bu təşkilatın və onun həyata keçirdiyi prosesin əsas maliyyə sponsorluğunun isə o cümlədən, Azərbaycana və azərbaycanlılara da qarşı təxribatçı, milli ədavət körükləyən, saxta məlumatlar yayan, çirkin təbliğat aparan "Çarqrad" media holdinqinin sahibi Konstantin Malofeyevə tapşırıldığı məlumdur...

Artıq “Rus İcması” Rusiya hüquq-mühafiəzə orqanlarının, “OMON”-un qeyri-ruslara və miqrantlara qarşı keçirdikləri “əməliyyatıların” ənənəvi iştirakçısına çevrilib. İndiyə qədər media və sosial şəbəkələrdə təxminən 900 belə reyd keçirildiyi barədə məlumata rast gəlinib. Bastrıkinin özünün fəxrlə bayan etdiyi kimi, bu reydlər nəticəsində indiyə qədər Rusiya vətəndaşlığı almış 80 min qeyri-rus millətlərin nümayəndələri hərbi uçota cəlb olunub və onlardan 20 mini(!) artıq cəbhəyə, yəni, “top yemi” olmağa göndərilib.
Görünən mənzərə budur ki, sağlam, idmançı cüssəli “Rus İcması” nümayəndələri özləri cəbhəyə getmək, döyüşmək əvəzinə, qeyri-rusları “ovlayıb” ölümə göndərməklə məşğuldurlar...
Ancaq onların işi tək bu deyil. Bu “fəaliyyət”ə gözlənildiyi kimi, reket, şantaj, zorla pul tələb etmə kimi əməllər də daxildir və təbii ki, bütün bunlar əsasən qeyri-ruslara qarşıdır. Belə hallar hər nə qədər gizlədilməyə çalışılsa da, onların üzə çıxanları da olur. Məsələn, ötən ilin avqust ayında Kaluqadakı Obninsk rayonunun "Rus İcması"nın başçısı Ruslan Denisovun şantaj və külli miqrdarda tələb etmə ittihamı ilə həbs olunmasına dair məlumat yayıldı. Rəsmi orqanlar bunu təsdiqləməli oldular. Lakin bu, “Rus İcması”nın gerçək qanunsuz əməllərinin, özbaşınalıqlarının ictimaiyyətə sızdırılan çox cüzi bir hissəsidir...
Bu gün Rusiyanın əksər şəhərlərində “Rus İcması”nın kütləvi yürüşləri keçirilir. Ayrı-ayrı şəhərlərdə hətta 9 may Qələbə Paradında “Rus İcması” rəsmi dövlət strukturlarına aid hərbi birləşmələrlə yan-yana yürüş etdi, əhalidən, məmurlardan alqışlar aldı. Hətta məsələn, tarixən rus torpaqları olmayan Xantı-Mansi Muxtar Dairəsi kimi ərazilərdə belə.
Faktiki olaraq bu, neo-millətçiliyin Rusiya dövlət sisteminin bir hissəsinə çevrilməsi proesidir. Bunlar artıq Rusiya hökuməti tərəfindən qurulan yeni ideoloji reallığın bir hissəsidir. Bəs Kremlin bu cür, az qala neonasist təkilatları himayə etməsi, onların fəaliyyətini genişləndirməsi hansı ehtiyacdan irəli gəlir?
Məsələ ondadır ki, Rusiya imperiya sistemi yenə köhnə tarixini təkrarlayır və daxildə hakimiyyətə inamın sarsıldığı indiki çətin durumda ən təhlükəli alətinə - şovinizmə əl atır, ona güvənir, ona stavka edir. Hakimiyyət orqanları üzdə "çoxmillətli harmoniya"dan danışarkən, nifrət və daxili düşmən axtarışı üzərində qurulmuş “Rus İcması” kimi strukturların özbaşınalığını qanuniləşdirir.
İşğalçılıq müharibəsinin yaratdığı iqtisadi çöküş, regionların daha da yoxsullaşması, başıpozuqluq, mənəvi, texnoloji geriləmə, sosial problemlər və s. Bunların hamısına görə "gəlmələr", qeyri-ruslar, müsəlmanlar günahkar çıxarılır, günah keçisi edilir. Zatən iliynə qədər şovinizmə yoluxmuş rus cəmiyyətində yığılmış neqativ enerji də bilərəkdən məhz onlara yönləndirilir.
Rusiya əsrlər boyu qonşu məmləkətlərdə, SSRİ dağılandan sonra isə bu coğrafiyanı öz nüfuz dairəsində saxlamaq üçün keçmiş SSRİ respublikalarında milli ayrıseçkilik, ədavət, qan salmaqla məşğul olub, separatçılığı körükləyib və maliyyələşdirib. İndi isə bu təhlükəli bəlanı özünə, öz içinə çəkməkdədir. Bu “yol” xeyli sayda etnik respublikaların, bölgələrin yer aldığı Rusiya üçün olduqca təhlükəli, hətta onun indiki formada və sərhədlər daxilində mövcudluğuna son qoya biləcək qədər risklidir.

Artıq ölkə daxilində “Rus İcması” və getdikcə təbliğatı güclənən rus millətçiliyinə etirazlar artmaqdadır. Hətta Kremlin qulluğunda duran indiki Çeçenistan rəhbərliyi belə zaman-zaman buna etiraz etmək məcburiyyətindədir. Kimsə bu haqlı narazılığın bir gün idarəolunmaz hala keçməyəcəyinə təminat verə bilməz.
Məşhur rəvayətdə deyildiyi kimi, Allah ölməzdən əvvəl insanın ağlını alır. Tarixdən isə məlumdur ki, çox vaxt bəzi dövlətlər, xüsusilə də imperiyalar insan taleyi, özü də həddini, yolunu azmış, qana susamış, harınlamış insanın taleyini yaşayaraq, özü özünü məhv edir…
Cəlal Məmmədli
“AzPolitika.info”

