"Marketlərin artması insanların "yaxşı" yaşaması"nı göstərmir, qiymətlər də inhisar yolu ilə müəyyən olunur"
  Dünən, 08:08              
	
Sosial şəbəkələrdə belə bir fikir gəzir ki, "əgər market sayı çoxalırsa, camaat yaxşı yaşayır". Yaxşı yaşamaq üçün marketdə növbə gözləmək doğru kriteriyadırmı?Marketlərin sayında artım alıcılıq qabiliyyətinin yüksək olduğuna işarədirmi? İnsanların marketlərə axın etməsi inflyasiya təfəkkürü və qiymət artımı qorxusu ilə "ehtiyat" yığmaq üsulu deyilmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, mağazalarda qiymətlər təxmini eynidir və xaricdən gətiriləndən də xeyli bahadır.
“Biz marketlərin sayının artmasına yox, insanların daha çox mal alıb-almamasına baxmalıyıq. Hansısa marketin bağlanıb, yaxud açılması bu o demək deyil ki, bütövlükdə marketlərin sayı artdı. Amma artırsa belə, cəm halda alınan malların sayı, həcmi artmırsa, yəni əvvəllər 3 mağazadan alış-veriş edirdilər, indi 5 mağazadan alırlar, amma son nəticədə eyni sayda mal alırlarsa, bu insanların daha yaxşı yaşamasının, alıcılıq qabiliyyətinin artması demək deyil. Bu bəli, ona görə yaxşıdır ki, bir sıra mağazalar var, bunlar arasında seçim imkanı edə bilirlər. Amma hamı bilir ki, Azərbaycanda marketdəki qiymət inhisar yolu ilə müəyyən olunur. Yəni qiymətlər təxmini eynidir və xaricdən gətiriləndən də xeyli bahadır. Bu baxımdan da mağazalar daha çox qazanır.
Ümumiyyətlə, Azərbaycanda ən yaxşı biznes hardadır? Ya marketlərdi, ya da tikintidir. Vəssalam. Ona görə də kimin əlində pulu var gedir ya market alır, ya da ev tikir. Çünki orda qoyulan pulla, çıxarılan pulun -sahibkarın qazancı, marjası çox böyük olur. Buna görə də insanlardan daha çox pul çıxarmaq üçün biznes o sahələrə girir. Çünki insanların daimi gündəlik yemək, içmək, almaq tələbatları var. Həm də guya marketlərdə satılan mallar nə mallarıdır? Çoxu xeyirlidir? Xeyr. İnflyasiya ilə bağlı kimsə düşünmürəm gedib mal alsın ki, sabah birdən qiymət qalxar. Ola bilər kimsə bunu edir. Amma əsasən bu deyil. Mən hesab etmirəm ki, marketlərin artması insanların daha yaxşı yaşamasına dəlalət edir”-Əkrəm Həsənov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
 
  

 
				  
				  
				  
				  
				  
				  
				 
 
   
   
   
   
   
   
   
   
   
   
     
     
     
     
     
	  
	   
	  
	   
	  
	   
	  
	   
	  
	  