Türk dünyasının ən işıqlı adamlarından biri - Aydın Məmmədov 82
17-01-2026, 00:12

Bu gün heç vaxt nə iqtidarçı, nə də müxalifətçi olmayan tanınmış türkoloq, tənqidçi ədəbiyyatşünas, filologiya elmləri namizədi Aydın Məmmədovun doğum günüdür. 1944-cü ildə Şəkidə anadan olan Aydın Məmmədov, 1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olub.
Yox, mən bu gün onun təhsilindən, uşaqlıq illərindən, əmək və elmi fəaliyyətindən, yazdığı tədqiqatlı kitablardan, tutduğu vəzifələrdən, baş vermiş qəzadan yazıb sizləri yormaq istəmirəm.
Sadəcə məqsədim onun bu günkü doğum günündə demək istəyirəm ki, onun yoxluğuna və ölümündə hamımız günahkarıq. O vaxt onu nə vəzirovçular, nə mütəllibovçular və nə də Cəbhənin böyük bir qanadı sevmirdi. ( Bu fikrin necə və harda yarandığını bilmirəm, amma rəhmətlik böyük əksəriyyət tərəfindən qəbul olunurdu N.X) Aydın Məmmədov bütün bunları bilsə də iqtidarla müxalifət arasında "qızıl orta"nı tapmağa çalıışırdı, barış nöqtəsini istəyirdi. Deyirdi ki, "mən orta müxalifətin nümayəndəsiyəm. Yəni hakimiyyətdə və müxalifətdə olan mütərəqqi qüvvələrin birləşdiricisiyəm". Bu zaman nə mərkəzi hakimiyyətin, nə də müxalifətin dağıdıcı, radikal qüvvələri Aydın Məmmədovun yanaşmasından, hətda yaşamasından rahat ola bilmirdilər.
Aydın Məmmədov isə fikirlər burulğanında yorulmadan yenə də yollar axrarırdı. Təbii ki, cavab tapa bilmədiyi anlar da olurdu. Bu zaman o, ümidsiləşirdi: "Bu xalq öz qəhrəmanlarını daim gözünün önündə olmağını istəyir- ya tribunada, ya da dar ağacında.” Və ya ümidsizliklər içində bəzən azaraq "Yorulmuş atları güllələyirlər, deyilmi" deyə susardı...
Təəssüf ki, alınmadı. Nəticədə Aydın Məmmədov öldürülməsi üçün münbit şərait yarandı, hazırlanmış avtomobil qəzasına salındı. Bax, elə həmin gündən üzü bu yana hamımız sözünün aydını olan, ancaq vətəni üçün çalışan, düşünmədə analoqu olmayan, bənzərsiz Aydın Məmmədov yoxluğuna, boşluğuna düşdük. Uzun illər bu yoxluqdan, bu boşluqdan ayıla bilmədik, özümüzü ondan kənarda nə qədər axtarsaq da tapa bilmədik, axtardıq, axtardıq..və yenə də onun özünə və sözünə qayıtdıq.
Biz həmişə beləyik. İtirdiyimiz şəxsin böyüklüyünü, ucalığını sonralar başa düşürük və başlayırıq "Nida ilə tamamlanan ömür cümləsi", "Tez apardı ölüm səni" kimi palazqulaqlı yazılar yazmağa, "Peyğəmbər" adlandırıb kədərlənməyə, təəssüflənməyə. Bu yerdə şair Cabir Novruzun şerini xatırlamaq əsl yerinə düşür.
Bu nədəndir ölən kimi,
qəlbimizdə adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir..
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Aydın Məmmədov həyatı boyu heç kimi yamsılamadı, özü oldu və məqsədi də " bir yolum, bir məsləkim var: xalqa həqiqəti olduğu kimi çatdırmaq, heç kimin qarşısında əyilməmək, xalqa düzgün yol göstərmək” oldu.
Aydın Məmmədov narahat insan idi. Bayaqdan haqqında kiçik araşdırma aparıram və görürəm ki, xalqın mənəvi inkişafına xidmət edən elə bir sahəmiz yoxdur ki, Aydın orada öz alim-vətəndaş kimi sözünü deməsin.! Təbii ki, bütün bunlar ona böyük xalq sevgisi gətirirdi. Aydın Məmmədov o qədər sevilirdi ki, televiziya ekranlarında belə bütün azərbaycanlılar üçün doğmalaşmışdı. Hamı, qiyabi də olsa, bu müdrik insanla sanki məsləhətləşirdi.! Heç nə də istəmirdi...Çünki onu yalnız və yalnız bu xalqın taleyi maraqlandırırdı: Sanki onun üçün ailə də yox idi, övlad da yox idi, elm də yox idi... və təkcə ömrünü sərf elədiyi türkologiya vardı, türkçülük vardı və bu millət vardı...Xalqın dərdlərini də, vəziyyətdən çıxış yollarını da elə məntiqli, təkrar olunmayan dillə anladar, izah edərdi ki, hər şey hamıya adı kimi "aydın” olardı.
Bir xüsusiyyətini də deyim. Aydın Məmmədov alim idi, siyasətçi idi, ziyalı idi. Lakin o, həm də yetkinliyi, kamalı ilə seçilən şəxs olmaqla bərabər həm də həmişə el-obasına ağsaqqal məsləhətləri verən gənc ağsaqqal idi.! Bütün bacarığını xalqına verməkdən çəkinmirdi. Təki xalq suverenliyini, müstəqilliyini tapsın, aydın günlərə qovuşsun.!
Bayaq bir söz işlətmişdim " Yorulmuş atları güllələyirlər, deyilmi". Belə bir ABŞ filmi var idi. Yəqin çoxunuz baxmısız. Bu filmi və adını Aydına aid etmək istəməsəm də Aydın bəy bu filmin adını təkrarlamağı çox sevirdi. Bəlkə də bu sözün sehrinə görə yorulmadan çalışırdı ki, bu söz ona şamil edilməsin..47 yaş nədir ki?! Bilmirəm..Amma bilirəm ki, çox işlər görəcəkdi...Ancaq ucuz ölüm, avtomobil qəzası 19 aprel 1991-ci ildə xalqımızın iki mübariz alimini Dilarə Ələkbər qızı Əliyeva və Aydın Məmmədovu əlimizdən aldı. Qismətə bax, taleyə bax: Vertalyot qəzasına salınanda burnu da qanamayan Aydın Məmmədovu əcəl, heç bir həftə keçməmiş Alatəmir kəndi ərazisində avtomobil qəzasının qurbanı etdi.
Həyatda hər oğula xalqının oğlu demirlər. Bu adı qazanmaq da hər oğulun işi deyildir. Aydın isə bu adı çoxdan qazanmışdır.
Aydın öz şirin canını canından əziz sevdiyi xalqının yolunda şəhid etdi.
Onun dünyaya gəlişi də, ölümü də bir yazarın dediyi kimi yaşadığımız dünyanın "Aydın hadisəsi" idi.
"Yaşamaq lazımdır sabaha qədər" deyirdi Aydın Məmmədov..
Mən isə deyirəm: Sən bütün sabahlarda yaşayırsan, Aydın bəy!
Sabahın xeyir Aydın bəy!
Sözardı: Sözardı: Sanki indi Elmira Qafarovanın uzaqdan bir səsi gəlir: 4-cü mikrofon, Aydın Məmmədov..! Çevrilib baxıram: nə mikrofon var, nə Aydın Məmmədov ..
Baba Allahnəzərov



