İqtisadi problemlərin kodları.
19-01-2026, 10:24

Azərbaycan iqtisadiyyatının ən ciddi problemi odur ki, ÜDM artmır, iqtisadi aktivlik zəifləyib, əlavə dəyər az yaranır. Amma, bu nəticədir, bəs əsas səbəblər nədir?
Bunu anlamaq üçün Azərbaycan iqtisaadiyyatının “anatomiyasını” dəqiq analiz etmək lazımdır. Uzun illərdir ki, ölkə iqtisadiyyatı bəsit bir düsturla çalışırdı – neft gəlirləri Neft Fonduna, oradan büdcəyə ötürülürdü, büdcə xərcləri iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevriliri. Korrupsiya və qeyri-şəffaf xərcləmələri, hələlik, qoyaq kənara və mənzərəyə baxaq.
Bəsit misalla izah edim: məsələn, büdcə pullarına aparılan tikinti üçün daş lazımdır – karxana işləyir, karxanaya nəzarət edən bir neçə dövlət-hökumət qurumu var (sayğacdan kənar enerji, su verənlərdən tutun da, vergilərə qədər – onlar qazanırdı), daş kəsməyə avadanlıq satan, onları təmir edən, yedək parçalar gətirən, satanlar var idi – onlar qazanırdı. Daş kəsildi, onu daşımaq lazım idi – Bakı ətrafı kənd camaatı uzun illərdir “kamaz” işlədirlər, onlar daşıma işinə qoşulub qazanırdılar, həmin “kamaz” yolda inspektoru, təkər təmir edəni, yol boyu kafelərdə nahar bişirəni, “kamazı” təmir edəni, onu təmir etmək üçün ehtiyat hissələrini ölkəyə gətirəni, satanı – böyük bir qrup insanı dolandırırdı. Daş gəlirdi tikintiyə, rəsmi sənəd yox, qaimə yox – “bir günlük” firmalar rəsmiləşə ilə məşğul olub qazanırdılar. Həmin daşı hörən, sonra suvağını vuran da qazanırdı, tikintiyə nəzarət edən, həyata keçirənlər qazanırdı. Sonra tikilinin armaturunu, sementini, taxtasını, döşəməsini, tavanını, keramikasını, sanitar qovşağını, mebeleni, və s. təmin edənlər qazanırdı, onlar üçün material gətirənlər, burda istehsal edənlər qazanırdı – sonda yenidən bütün bu əməliyyatları rəsmiləşdirən “bir günlük” firmalar peyda olub, onlar da qazanırdı.
Yəni, neftin pulu büdcəyə, büdcənin pulu tikintiyə gedirdi – yüzminlərlə insan bu yol boyu qazanırdı. Amma, tikinti üçün lazım olan çox şey xaricdən gəldiyi üçün büdcə vəsaiti, manat, dollar çevrilib həmin tikintini davam etdirmək üçün mal almağa xərclənir.
İndi bütün yollarda “tixacdı” yəni, tikinti da azalıb və inhisara alınıb, qazananların sayı və dairəsi daralıb.
Gələk ticarətə - ölkədə büdcədən maaş-təqaüd-müavinat şəklində hər il vətəndaşlara 16-18 mlrd. manat arası pul ödənilir. Əhali xərclədiyi hər 100 manatın 51 manatını ərzağa, 4 manatını dərmana, 6 manatını benzin-dizelə yönəldir – bu dünya ortalamasına baxanda ciddi kasıblıq əlamətidir. Yəni, neftin pulu büdcəyə, ordan maaş-təqaüd-müavinata gedir, əhali də həmin pulu yenidən marketlərə, apteklərə gətirir, market-aprek sahibləri qazanır, amma topdansatışal məşğul olan iri, inhisarçı şirkətlər isə mənim manatı dollar çevirib ölkəyə mal gətirirlər.
İndi ÜDM, iqtisadiyyat daralır, çünki, büdcə xərcləmələrinin multiplikativ effekti çox aşağı düşüb – obrazlı desək, əvvəl tikintidə 10 şirkət qazanırdısa, indi 4 şirkət qazanır, əvvəl tək Bakıda 26 min kiçik-orta market var idisə, indi onların sayı 10-12 minə düşüb, böyük marketlər zəncirləri ticarətdə olan marjanın əsas sahibinə çevriliblər. Əvvəl ölkədə 240 dərman gətirən şirkət var idisə, indi onların sayı 5-6 dəfə azalıb, əsas 2-3 inhisarçı şirkət yaranıb.
Hə, indi gələk əsas məsələlərdən birinə - yeni maliyyə naziri təyin edildi, ona əsas vəzifə kimi büdcə vəsaitinə qənaət edilməsi tapşırıldı. İlk baxışdan çox gözəl və ülvü vəzifədir – amma, iqtisadi sistem dəyişmədən, iqtisadiyyatın motorunun büdcə xərcləmələri olduğu yanaşmasına heç bir dəyişiklik etmədən belə qənaət rejimi (özü də, qulağı kəsib, sonra saymaqla), iqtisadiyyatı durma nöqtəsinə gətirdi. İnhisarçılıq və iqtisadi azadlıqların daralması, iqtisadi oyunçuların kəskin azalması ilə yanaşı, büdcə “xəsisliyi” iqtisadiyyatı boğur. Hələ bir aşırı tənzimləmə, mənasız nəzarət, artan cərimələr, hüquq-mühafizə orqanlarının biznesə müdaxiləsi də biznesin qırlılmış belini tam bükür.
İllərdir hökumətə çağırışımız o idi ki, bu bəsit modeldən ən çəkib, qəliz, mürəkkəb, effektiv, çoxşaxəli, rəqabətli sistemə keçmək lazımdır. Bu gün tədbiq edilən sistem işləmir, məmləkətin gələcəyi üçün təhdid yaradır, bunu anlamaq lazımdır ki, fəlsəfə, yanaşma dəyişsin. Hökumət ən böyük problemi azalan büdcə gəlirlərində görür, ona görə də, vergi-rüsum-cərimələri artırmaqla, güya, bu problemi çözmək istəyir – halbuki, ən böyük problem bu deyil, problem iqtisadi aktivliyin ZƏİFLƏMƏSİDİR, iqtisadiyyatın DARALMASIDIR, hökumət vergi-rüsum-cərimələri artıranda, iqtisadiyyat daha da daralır, iqtisadi aktivlik daha da zəifləyir.
Bax belə bir “qısır döngəyə” düşmüşük, hökumət yanaşmasını dəyişməsə, bu döngədə fırlana-fırlana, zəifləyərək qalacağıq...
Natig Cəfərli
TEREF

