Milyonlarla dollar borcu olan Hanter Bayden yeni qazanc yoluna əl atdı
Bu gün, 12:08

ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden çəkdiyi rəsmləri 54 min dollara satmağa çalışır.
Bu barədə "The New York Post" (NYP) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, rəsmi alan şəxsə Hanter Baydenlə videozəng vasitəsilə ünsiyyət imkanı da təqdim olunur. Bildirilir ki, bu söhbət zamanı o, alıcıya əldə etdiyi əsər barədə ətraflı məlumat verir.
Məlumata əsasən, Hanter Bayden əsərlərini tanıtmaq məqsədilə milyonlarla izləyicisi olan influenserlərin iştirakı ilə sosial şəbəkələrdə geniş reklam kampaniyasına başlayıb.
Mənbələrin sözlərinə görə, kampaniyanın başladığı may ayından etibarən onun "Instagram" hesabının izləyici sayı 335 minə yaxınlaşıb. Hanter Bayden həmin platformada özünü rəssam və yazıçı kimi təqdim edir.
"The New York Post" daha əvvəl yazmışdı ki, Hanter Bayden 20 milyon dollardan çox borcu səbəbindən Kaliforniyada gizlənir. Nəşrin iddiasına görə, onun Vaşinqtondakı hüquqşünaslar komandasına təxminən 17 milyon, biznesmen və keçmiş tərəfdaşı Kevin Morrisə 5 milyon, adı açıqlanmayan bir sənət dilerinə isə 1 milyon dollardan artıq borcu var.

