"Ölkəni yalnız küçədə barrikada quranlar yox, kabinetdə vicdanını satanlar da dağıda bilər."
Bu gün, 12:42

Viktor Hüqonun "Səfillər" romanında bir fikir var: "Ölkəni yalnız küçədə barrikada quranlar yox, kabinetdə vicdanını satanlar da dağıda bilər." Ədəbiyyatın böyük dərsi budur: xəyanətin həmişə eyni üzü olmur.
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu maraqlı idi. Bu dialoqla bağlı xeyli mədhiyyə də oxudum, tənqid də. Aralarında həqiqətən yaxşı analizlər var idi. Amma məncə, ən vacib məqam bir az kənarda qaldı. Bu dialoqda mənim diqqətimi ən çox çəkən Hikmət Hacıyevin diplomatiyası oldu.
Diplomatiya təkcə beynəlxalq tribunada, rəsmi protokollarda nümayiş etdirilən bacarıq deyil. Dövləti təmsil edən insan cəmiyyətlə ünsiyyət qurmağı, fərqli düşünən insanı dinləməyi və ən gərgin məqamlarda belə təmkinini qorumağı bacarmalıdır. Əsl diplomatiya yalnız dövlətlər arasında deyil, insanlarla münasibətdə də özünü göstərir.
Amma biz çox vaxt dialoqu yox, tərəfi izləyirik. Kimin nə dediyini yox, kimin dediyini qiymətləndiririk. Nəticədə arqumentlər yox, azarkeşlik qalib gəlir. Hikmət bəyə mən də azarkeşlik edirəm. Amma bu mənim ona doğru sual ünvanlamağıma mane olmur. Hikmət bəy doğru düşünür xaricə qaçıb ordan vətəni biabır etmək vətənə xəyanətdir. Amma bu fikri alqışlayan adamlar gördüm ki, onların əksəriyyətinin Tural Sadıqlıdan yalnız bir fərqi var: Tural xaricə qaçıb ordan özü söyür, burdakı məmurlar, media kapitanları kabinetdə oturub əyri əməlləri ilə hakimiyyəti, dövləti camaata söydürürlər.
Biz bu dialoqda qalib axtardıq və şübhəsiz ki, kübarlığı diplomatiyası ilə qalib Hikmət bəydir. Amma burada başqa bir sual da yaranır. Vətənə xəyanəti yalnız xaricdə oturub ölkəsini hədəfə alan insanlar edirmi? Bəs dövlətin büdcəsini talayan, xalqın haqqını mənimsəyən, korrupsiya ilə gələcək nəsillərin haqqını oğurlayan məmurların əməli nədir? Əgər vətən torpaqdan ibarət deyilsə, onun sərvətini talamaq, insanların dövlətə inamını sarsıtmaq da vətənə vurulan zərbə deyilmi?
Bir məsələni də ayırd etməyi bacarmalıyıq. Müxalif olmaq söyüş partiyası yaratmaq deyil. Müxalif olmaq tələb etməkdir. Daha yaxşı təhsil, daha ədalətli məhkəmə, daha şəffaf idarəçilik, korrupsiyaya qarşı mübarizə tələb etməkdir. Söyüş arqument deyil. Necə ki, korrupsiya da dövlətçilik deyil.
Sağlam dövlət həm sağlam hakimiyyətə, həm də sağlam müxalifətə ehtiyac duyur. Çünki biri idarə edir, digəri isə səhvləri göstərir. Hər ikisinin məqsədi eyni olmalıdır — dövlətin və xalqın mənafeyi.
Biz isə hələ də müzakirələri futbol oyunu kimi izləyirik. Arqumentləri yox, tərəfləri alqışlayırıq. Halbuki dövləti gücləndirən alqış yox, həqiqətdir. Həqiqət isə yalnız hamıya eyni ölçü tətbiq olunanda dəyər qazanır. Xaricdən ölkəsinə böhtan atan da, kabinetdə dövlətin sərvətini talayan da eyni vicdan və eyni ədalət qarşısında cavab verməlidir. Yalnız o zaman vətən sevgisi şüar olmaqdan çıxıb dəyərə çevrilər.
Gunel Musa

