Ukrayna Kupyanskı ehtiyatla azad edir
16-12-2025, 09:34

Ukrayna hərbçiləri itkiləri minimuma endirmək üçün Xarkov vilayətinin Kupyansk şəhərini çox ehtiyatla azad edirlər.
Tribuna.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Qrupunun Kommunikasiya İdarəsinin rəisi Viktor Trequbov bildirib. Onun sözlərinə görə, şəhərdə təxminən 200-ə yaxın Rusiya hərbçisi mühasirədə qalıb.
Trequbov qeyd edib ki, kəşfiyyatın ilkin qiymətləndirmələrinə əsasən, ötən həftənin sonuna olan vəziyyətə görə radioəlaqədə 40 aktiv çağırış siqnalı qeydə alınıb. Bu isə 40 fərqli istifadəçinin aktiv şəkildə rabitə vasitəsindən istifadə etdiyini göstərir.
Onun sözlərinə görə, adətən bir radioəlaqə vasitəsindən 3–4 hərbçi istifadə edir. Bu hesablamaya əsasən, şəhərdəki Rusiya hərbçilərinin sayının 100–200 arasında olduğu, daha çox isə 200 nəfərə yaxın olduğu ehtimal edilir.
“Təhlükəsizlik vəziyyəti inkişaf edir, çünki hazırda rus hərbçiləri faktiki olaraq şəhərdə blokadadadır və onların tədricən sıxışdırılıb çıxarılması prosesi gedir. Yalnız onların mövqelərinə zərbələr endirmək daha asan olardı, lakin bu, mülki itkilərə və əlavə dağıntılara səbəb ola bilərdi ki, buna yol vermək istəmirik”, – deyə Trequbov əlavə edib.
O, həmçinin bildirib ki, Rusiya ordusu Volçansk ətrafında hücum cəhdləri göstərir, Ukrayna Silahlı Qüvvələri isə Volçya çayı boyunca müdafiəni qoruyur.
Eyni zamanda Liman istiqamətində, xüsusilə Liman şəhəri istiqamətində Rusiya qüvvələrinin fəal hücumu qeydə alınır. Velikoburluk istiqamətində vəziyyət nisbətən sabitdir. Borovaya yaxınlığında da Rusiya qoşunlarının irəliləmək cəhdləri müşahidə olunur, lakin bu cəhdlər nəticəsiz qalır.

