"Blue Origin" orbitdə data mərkəzləri quracaq
24-03-2026, 15:44

Ceff Bezos tərəfindən qurulan Blue Origin kosmosda məlumat emalı bazarına daxil olmaq üçün yeni planlarını açıqlayıb.
Şirkət Yer orbitində iri həcmli data emalı və saxlanması mərkəzləri qurmağı hədəfləyir. Bu yanaşma peyklərdən toplanan məlumatların əvvəlcə Yerə ötürülməsi əvəzinə birbaşa orbitdə emal olunmasına imkan verəcək.
Mövcud sistemlərdə məlumatların yer stansiyalarına ötürülməsi vaxt itkisinə səbəb olduğu halda, yeni model gecikmələri aradan qaldıraraq yalnız zəruri nəticələrin Yerə göndərilməsini təmin edəcək. Bu isə həm sürəti artıracaq, həm də infrastruktur xərclərini azaldacaq.
Layihənin reallaşması şirkətin hazırladığı New Glenn raketlərindən asılıdır. Bu raketlər orbitə böyük həcmli avadanlıqların daşınmasına imkan verir və yenidən istifadə oluna bildiyi üçün xərcləri aşağı salır.
Qeyd edək ki, son illərdə kosmosda məlumat emalı sektoru sürətlə inkişaf edir və Blue Origin bu addımı ilə bu sahədə digər böyük şirkətlərlə rəqabətə qoşulur. Şirkət layihənin tam istifadəyə verilməsi ilə bağlı hələlik konkret tarix açıqlamayıb.

