SON DƏQİQƏ! ABŞ İrana qarşı hücuma keçdi - Toqquşmalar başladı
8-05-2026, 11:28

Dünya ABŞ və İran arasında imzalanması gözlənilən tarixi sülh sazişinə kilidləndiyi bir vaxtda, Hürmüz boğazı və ətraf bölgələrdə vəziyyəti müharibə həddinə çatdıran qanlı toqquşmalar baş verib.
Mayın 7-dən 8-nə keçən gecə baş verən hadisələr bölgədəki kövrək atəşkəsi ciddi şəkildə sarsıdıb və diplomatik prosesi sual altına qoyub. Gərginlik İran donanmasının Hürmüz boğazından keçən üç ABŞ hərbi gəmisini hədəf alması ilə başlayıb. İran tərəfi ABŞ-ın bir neft tankerini və başqa bir gəmini vuraraq atəşkəsi pozduğunu iddia edərək, bu hücumun cavab xarakterli olduğunu bəyan edib. Buna qarşılıq olaraq, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "özünümüdafiə" çərçivəsində İranın hərbi obyektlərinə qarşı irimiqyaslı əməliyyata start verib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın cavab zərbələri nəticəsində İranın Bəndər-Abbas, Minab şəhərlərində və strateji əhəmiyyətli Keşm adasında güclü partlayış səsləri eşidilib, eyni zamanda BƏƏ-nin Dubay şəhərində də səs dalğaları hiss olunub. CENTCOM-un rəsmi bəyanatına görə, USS Truxtun, USS Rafael Peralta və USS Mason esminsetlərinə raket, PUA və sürətli qayıqlarla edilən hücumlar uğurla dəf edilib və ABŞ ordusu buna cavab olaraq İranın raket buraxılış sahələrini, komanda-nəzarət mərkəzlərini və kəşfiyyat nöqtələrini darmadağın edib. İran mətbuatı isə Keşm adasındakı hərbi infrastrukturun və ticarət limanının bir hissəsinin vurulduğunu, Bəndər-Abbas üzərində iki dronun düşürüldüyünü təsdiqləyib.
ABŞ Prezidenti Donald Tramp hadisədən sonra verdiyi açıqlamada hərbi müdaxiləni "hafifcə bir sillə" kimi xarakterizə edərək bildirib ki, ABŞ gəmilərinə heç bir zərər dəyməyib, lakin hücumda iştirak edən İran qayıqları sürətlə batırılıb. Tramp İranı "dəlilərin idarə etdiyini" vurğulasa da, hələ də danışıqlar masasında olduqlarını və sazişin hər an imzalana biləcəyini qeyd edib.
O, həmçinin xəbərdarlıq edib ki, əgər Tehran tərəfi müqaviləni dərhal imzalamasa, daha ağır hərbi zərbələrlə üzləşəcək. Ekspertlərin "batmaz aviadaşıyıcı" adlandırdığı Keşm adasının hədəf alınması İranın hərbi logistikasına böyük zərbə vursa da, Tehran hər hansı yeni bir hücuma daha sərt qarşılıq verəcəyini bəyan edərək geri çəkilməyəcəyini nümayiş etdirir. Hazırda bölgədə silahlar susmasa da, diplomatik kanalların hələ də açıq qalması sülh ümidlərini tamamilə söndürməyib.

