Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi
Bu gün, 17:38

Dünyanın ən nadir tutuquşu növlərindən biri olan Yeni Zelandiya kakariki-karaka quşlarının bir cütü növün məhv olmaq təhlükəsindən xilasına böyük töhfə verib.
"France24"xəbər verir ki, Naço və Trixi adlı tutuquşular son iki ildə 55 bala çıxarıblar.
Bu, növün ümumi dünya populyasiyasının 10 faizindən çoxunu təşkil edir.
Narıncısinəli kakariki-karakalar hazırda dünyanın ən nadir quş növlərindən hesab olunur. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, təbiətdə və xüsusi mərkəzlərdə cəmi 450-yə yaxın fərd qalıb. Növ əsasən yırtıcılar və yaşayış mühitinin məhv olması səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.
Naço və Trixi 2024-cü ildə Yeni Zelandiyadakı "Isaac Conservation and Wildlife Trust" təbiəti mühafizə mərkəzində cütləşdirilib. Həmin vaxtdan onlar çoxalma üzrə rekord göstərici nümayiş etdiriblər. Təkcə bu il onların 33 balası dünyaya gəlib.
Vəhşi təbiətin qorunması üzrə menecer Li Perkaski Trixini "superana" adlandırıb. Onun sözlərinə görə, çoxalma mövsümü başa çatsa da, dişi quş yumurta qoymağa və balalarını bəsləməyə davam edir. Son yuvada daha yeddi bala var.
Mütəxəssislər bildirirlər ki, bu qədər yüksək çoxalma göstəricisi növün qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mərkəzin əməkdaşları ümid edirlər ki, son yuvadan sonra Naço və Trixi bir qədər dincələ biləcəklər. Lakin quşlar hələ də aktiv şəkildə çoxalmağa davam edir və planetin ən nadir tutuquşu növlərindən birinin xilası üçün əsas ümid hesab olunurlar.

