“Kitabi Dədə Qorqud” necə bəraət aldı?

Bu gün, 08:04           
“Kitabi Dədə Qorqud” necə bəraət aldı?
1956-cı ilin avqustunda dövlət dili haqqında Azərbaycan Konstitusiyasına xüsusi maddə əlavə edildikdən sonra türk dilinin ən böyük ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanına təbii bir maraq yarandı. Azərbaycan Dövlət Universitetində, Azərbaycan SSR Elmlər Akademiyasında, Yazıçılar İttifaqında və digər təşkilatlarda keçirilən yığıncaq və toplantılarda, habelə ayrı-ayrı alimlərin və yazıçıların çıxışlarında bir vaxtlar qadağan olunmuş kitablar siyahısına salınan “Kitabi-Dədə Qorqud” dastanına qayıdılması, bu böyük ədəbi abidənin Azərbaycan xalqına qaytarılması məsələsi qaldırılmağa başlanmışdı.
50-ci illərin əvvəllərində Mir Cəfər Bağırov Dədə Qorqud dastanına qarşı amansız bir kampaniya başlamışdı və dastan qadağan edilmiş onun nüsxələri kitabxanalardan və satışdan yığışdırılmışdı. “Dədə Qorqud”a qarşı “şübhələr” 1950-ci il iyul ayının 14-də Filarmoniyanın yay salonunda Mir Cəfər Bağırovun Bakı ziyalılarının müşavirəsindəki məruzəsi ilə başlamışdı. O, keçmişə münasibətdə “yeni” konseptual yanaşma irəli sürmüşdü. Bağırov qeyd edirdi ki, “bu və ya digər ictimai hərəkatın və bu hərəkatda iştirak edən xadimlərin rol və əhəmiyyətinə bəzək vermək cəhdləri marksizm-leninizmə ziddir, düşmənlərimizə kömək edir”.
Bu məruzədən sonra 1951-ci ilin aprel ayında Mərkəzi Komitədən Akademiyanın vitse-prezidenti Səməd Vurğuna və Yazıçılar İttifaqının sədri Mirzə İbrahimova göstəriş gəldi ki, “Dədə Qorqud” dastanı ilə bağlı ciddi tədbirlər görsünlər. Bu tapşırığa uyğun olaraq 1951-ci ilin aprel ayının 27–28-də Azərbaycan Yazıçılar İttifaqında iki günlük ümumi yığıncaq keçirildi və Dədə Qorqud dastanı, onun təbliğatçıları və araşdırıcıları sərt şəkildə tənqid edildi. Dastan pan-türkist, burjua-millətçi ədəbiyyat elan edildi. Bu kampaniyada dastanın tədqiqatçıları kimi ədəbiyyatşünaslar Həmid Araslı, Məmməd Arif Dadaşzadə, dilçilər Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Məmmədağa Şirəliyev, dastanı Azərbaycan xalqının qəhrəmanlıq dastanı hesab edən Mikayıl Rəfili, yazıçı Mikayıl Rzaquluzadə və digərləri sərt ittiham olundular.
Bu müzakirədən üç həftə sonra – 1951-ci il may ayının 24-də Azərbaycan Kommunist Partiyasının XVIII qurultayı işə başladı. Bağırov Mərkəzi Komitənin qurultaya hesabat məruzəsində “Dədə Qorqud” dastanı haqqımda kəskin ifadələr səsləndirdi və dedi: “Bu yaxınlarda Azərbaycan Sovet Yazıçıları İttifaqı öz növbəti məsələlərini müzakirə etdiyi zaman “Dədə Qorqud” kitabının qiymətləndirilməsinə tamamilə düzgün yanaşmışdır. Bəzi ədəbiyyatşünaslar və yazıçılar siyasi sayıqlığını və məsuliyyət hissini itirərək uzun illər ərzində bu zərərli, xalqa zidd kitabı Azərbaycan eposu adı ilə təbliğ etmişlər. “Dədə Qorqud” xalq eposu deyildir. Bu kitab başdan-başa soyğunçuluq və qırğın məqsədi ilə Azərbaycana gələn oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmişdir. Bu kitab tamamilə milliyyətçilik zəhəri ilə doludur, müsəlman olmayan başqa xalqlara, əsasən qardaş gürcü və erməni xalqlarına qarşı yazılmışdır. Bu kitabın nəşr olunması Azərbaycan SSR Elmlər Akademiyası rəhbərliyinin və Ədəbiyyat institutunun kobud bir siyasi səhvi hesab edilməlidir.” Bununla da Dədə Qorqudun kitabı bağlanmışdı
Lakin 1956-cı ilin payızında Azərbaycan rəhbərliyi Dədə Qorqud dastanı ilə bağlı məsələyə yenidən qayıtdı. Azərbaycan KP MK bürosu Mirzə İbrahimovun təklifi ilə MK-nın elm və mədəniyyət şöbəsinə tapşırdı ki, dastanla bağlı məsələni hazırlayıb büronun müzakirəsinə təqdim etsin. Şübhəsiz ki, bu məsələdə Mərkəzi Komitənin birinci katibi İmam Mustafayevin razılığı mühüm rol oynadı. Bundan sonra professor Həmid Araslı, Əbdüləzəl Dəmir¬çizadə, Məmmədağa Şirəliyev, dosent Mirzağa Quluzadə və Məmmədhüseyn Təhmasibdən ibarət olan alimlər qrupuna tapşırılmışdı ki, “Kitabi-Dədə Qorqud” dastanı haqqında öz mülahizələrini bildirsinlər.
Qeyd edilən alimlər qrupu 1956-cı ilin noyabrında “Kitabi-Dədə Qorqud” dastanı haqqında 18 səhifəlik geniş rəy hazırladı. Onlar yazırdılar ki, “Kitabi-Dədə Qorqud” dastanının ilk nüsxəsinə XIX əsrin əvvəllərində Almaniyanın Drezden şəhərindəki kral kitabxanasında təsadüf edilmişdir. Həmin kitabxananın kataloqunu tərtib etmiş Fleyşer əlyazmanın üstündə olan bir qeydə əsaslanaraq dastanı XVI əsr kataloquna daxil etmişdi. 1815-ci ildə şərqşünas Dits həmin əlyazmanın surətini çıxararaq onu Berlin kitabxanasına gətirmiş və “Təpəgöz” boyunu alman dilinə tərcüməsi ilə birlikdə nəşr etmişdi. Alimlər qrupu tərəfindən hazırlanmış arayışda göstərilirdi ki, Dits həmin nəşrlə bağlı yazdığı məqalədə “Təpəgöz” boyunu Homerin “Odisseya”sı ilə müqayisə etmiş, hətta “Odisseya”nın yaradılmasında bu boydan istifadə olunduğunu söyləməklə dastanın çox qədim olması ideyasını irəli sürmüşdü.
Arayışda qeyd olu¬nurdu ki, dastanın əlyazması daha sonra şərqşünas Heldekin diqqətini cəlb etmiş və ondan sonra böyük rus şərqşünası Bartold abidəyə maraq göstərmişdi. O, 1894-cü ildə “İmperator rus cəmiyyətinin şərq şöbəsinin əsərləri”nin VIII cildində bu əsər haqqında ümumi məlumat ver¬miş və dastanın “Doxa Qoca oğlu Dəli Domrul” boyunu rusca tərcüməsi ilə birlikdə nəşr etmişdir. Arayışda deyilirdi ki, akademik Bartoldun bu təşəbbüsü rus şərqşünasları içərisində böyük maraq doğurmuş, həmin məcmuənin növbəti nömrələrində Tumanski, Divayev, İnastransev və bir sıra digər alimlər dastan haqqında ciddi elmi-tədqiqat məqalələri yazmışlar. Sonrakı illərdə Bartold əsərin daha bir neçə boyunu rus dilinə tərcüməsi ilə birlikdə nəşr etmiş, vəfat etdikdən sonra isə dastanın bütün mətni çapa hazırlanmış bir şəkildə onun arxivindən tapılmışdır.
Akademik Bartoldun həmin tərcüməsi 1950-ci ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən nəşr edilmişdi. Arayışda Türkiyə alimlərinin də bu tarixi abidə haqqında geniş tədqiqatlar apardıqları göstərilirdi. İlk dəfə olaraq 1916-cı ildə əsərin Berlin nüsxəsi əsasında ərəb əlifbası ilə nəşrinin Kilisli Rifat tərəfindən həyata keçirildiyi, 1938-ci ildə isə türk alimi Orhan Şaiq Gökyayın dastanı yeni türk əlifbası ilə nəşr etdirdiyi qeyd olunurdu. Maraqlıdır ki, eyni ildə “Kitabi-Dədə Qorqud” Həmid Araslı tərəfindən Bakıda da latın əlifbası ilə nəşr edilmişdi. Azərbaycan alimləri hazırladıqları arayışda məlumat verirdilər ki, son illərdə İtaliya şərqşünası Rossi bu abidənin başqa bir variantını tapıb və onu 1952-ci ildə Vatikanda böyük bir müqəddimə ilə birlikdə nəşr etdirib.
Azərbaycan alimləri arayışda “Kitabi-Dədə Qorqud” dastanı haqqında akademik Bartoldun fikirlərinə daha çox əhəmiyyət verərək yazırdılar ki, “rusca tərcüməsi ilə birlikdə çapa hazırlanmış olduğu nüsxəyə yazdığı geniş müqəddiməsində akademik Bartold bir daha qəti surətdə elan etmişdir ki, bu dastanların Qafqaz mühitindən başqa, ayrı bir yerdə yaranmış olduğunu ehtimal etmək mümkün deyildir”. Onlar yazırdılar: “Məlum olduğu üzrə bu dastanda təsvir edilən hadisələr doğrudan da Azər-baycanda cərəyan edir. Burada Gəncənin, Bərdənin, Dərbəndin, Şərurun, Əlincə çayı və Əlincə qalasının, Dərşam, Göyçə gölü və sairə yerlərin adları çəkilməkdədir. Daha doğru deyilsə, hadisələr bu mühitdə cərəyan edir... “Dədə Qorqud”un Azərbaycanla bağlı olduğunu vaxtı ilə müxtəlif məqsədlə Qafqaza gəlmiş alimlər, səyyahlar da dəfələrlə qeyd etmişlər. Adam Oleari hələ 1638-ci ildə Dərbənddə olduğu zaman azərbaycanlılardan Dədə Qorqud hekayələrini eşitdiyini, Qazan xanın və xanımı Burla xatunun, eləcə də Dədə Qorqudun özünün burada qəbirlərinin olduğunu qeyd etmişdir. XVII əsrin ortalarında Şamaxıya gəlmiş səyyah Övliya Çələbi isə öz səyahətnaməsində Dərbənddə Dədə Qorqudun qəbri olduğunu və şirvanlıların bu qəbirə böyük ehtiram bəslədiklərini, hətta, etiqad etdiklərini yazır”. Arayış müəllifləri dastandan ayrı-ayrı nümunələr gətirməklə “Kitabi-Dədə Qorqud”un şəriksiz olaraq Azərbaycan xalqına məxsus olduğunu əsaslandırırdılar.
Dastanın dilinə gəldikdə isə arayış müəllifləri 50-ci illərin əvvəllərində onun dilinin Azərbaycan dili olmaması haqqında dövriyyəyə verilən fikri yanlış hesab edərək yazırdılar: “Bu əsərin dili türk dilində danışan bir sıra xalqlar üçün də qismən anlaşıqlı olsa da, öz lüğət tərkibi, frazeoloji ifadələri və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamısından daha çox Azərbaycan dili ilə bağlıdır... Əsərdə çox az da olsa, hər halda, bəzən indiki dilimizdə işlədilməyən sözlərə də təsadüf edilir ki, bunlar dilimizin tarixini bilməyən adamlara “yabançı” sözlər kimi görünür. Belə adamlar bəzi hallarda bu tipli sözlərin müasir dilimizdə işlənmədiyinə əsaslanaraq qeyri-elmi, yüngül mülahizələr irəli sürmək təşəbbüsündə olurlar. Halbuki, istər klassiklərimizdə, istərsə də canlı dilimizdə, şivələrdə belə sözlərin doğrudan-doğruya ya özlərinə, ya da törəmə sözlərinə istənilən qədər təsadüf etmək mümkündür”. Nəhayət, arayış müəllifləri belə bir fikrə gəlirdilər ki, Azərbaycan dilinin inkişaf tarixini dəqiq müəyyənləşdirmək üçün “Kitabi-Dədə Qorqud” ən yaxşı, ən qədim abidələrdən biridir... Bu dastan Azərbaycan xalqının məişətini, etnoqrafiyasını, dilini, folklorunu, ədəbiyyatını, tarixini öyrənmək üçün zəngin material verən qiymətli bir abidədir”.
Bu arayışla bağlı Azərbaycan KP MK-nın məsul işçisi Teymur Əliyev MK katibi Abdulla Bayramova 1956-cı il noyabr ayının 19-da göndərdiyi mə¬lumatda təklif edirdi ki, dastan haqqında arayış hazırlamış alimlər qrupuna və respublikanın tanınmış yazıçılarına tapşırmaq lazımdır ki, təqdim olunan arayışın ruhuna uyğun “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Kommunist” qəzetində məqalələrlə çıxış etsinlər. Teymur Əliyevin ikinci təklifində isə Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutu tərəfindən 1957-ci ildə aydın olmayan sözlərin şərhi də daxil olmaqla “Kitabi-Dədə Qorqud” dastanının kütləvi tirajla nəşr edilməsi zəruri sayılırdı. Bu təkliflər əsasında İmam Mustafayev başda olmaqla Azərbaycan KP MK bürosunun 1957-ci il yanvarın 29-da keçirilən iclasında “Kitabi-Dədə Qorqud” dastanı haqqında yekdilliklə qərar qəbul edildi. Orada deyilirdi: “Kitabi-Dədə Qorqud” dastanının qadağan edilməsi səhv hesab edilsin. Azərbaycan SSR Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutuna tapşırılsın ki, iki ay müddətinə “Kitabi-Dədə Qorqud” dastanının geniş müzakirəsini təşkil etsin və 1957-ci ildə aydın olmayan sözlərin izahını verməklə, geniş ön sözlə birlikdə dastanın 10 min tirajla nəşrini təmin etsin. Eyni zamanda qərarda göstərilirdi ki, yaxın zamanlarda “Kommunist” qəzetində tanınmış alimlər qrupunun və yazıçıların “Kitabi-Dədə Qorqud” dastanı haqqında elmi cəhətdən əsaslandırılmış məqalələri dərc edilsin.
Yanvarın 29-da qəbul olunmuş qərara uyğun olaraq 1957-ci ilin mart ayının 16-da professor Həmid Araslı, professor Əbdüləzəl Dəmirçizadə, professor Məmməd Arif və dosent Məmmədhüseyn Təhmasibin “Kommunist” qəzetində “Dədə Qorqud dastanları” adlı birgə məqaləsi dərc olundu. Onlar yazırdılar: “Xalq düşməni Bağırov 1951-ci ildə “Dədə Qorqud” dastanlarını millətçilik təbliğ edən pantürkist, panislamist bir abidə adlandıraraq, bu dastanların Azərbaycanla heç bir əlaqəsi olmadığını iddia edirdi. Bu iddia tamamilə əsassızdır. Məlum olduğu üzrə, Vladimir İliç Leninin qeyd etdiyi kimi panislamizm XIX əsrin sənədlərində, pantürkizm isə birinci dünya müharibəsi ərəfəsində ortaya çıxmış cərəyanlardır. X–XI əsr şifahi ədəbiyyat abidəsini pantürkizm, panislamizm abidəsi kimi qiymətləndirmək marksizm-leninizmə ziddir. Bağırov bu əsərin dilinin də həyasızcasına Azərbaycan dili olmadığını iddia edirdi. Bu iddia da tamamilə əsassızdır”. “Dədə Qurqud” dastanına bəraət verildikdən sonra dastanla bağlı başı bəlalar çəkmiş professor Həmid Araslı 1962-ci ildə eposun yeni nəşrini hazırlayıb geniş ön sözlə çap etdirdi.
Cəmil Həsənli
Mən lli Şuranın sədri, tarixçi alim












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru