İpoteka evində qeydiyyat üçün borcun bitməsi şərtdir?
Bu gün, 15:58

Azərbaycanda ipoteka krediti ilə mənzil alan şəxsləri maraqlandıran əsas məsələlərdən biri də həmin evə qeydiyyata düşmə prosesidir. Cəmiyyətdə belə bir fikir var ki, ipoteka ilə alınan mənzilə qeydiyyata düşmək qısa müddətdə mümkün olmur və bunun üçün müəyyən müddət gözləmək lazımdır.
Maraqlıdır, ipoteka krediti ilə alınmış mənzilə mülkiyyət rəsmiləşdirildikdən sonra nə vaxt qeydiyyata düşmək mümkündür?
Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, istər nağd pulla alınmış çıxarışlı mənzil olsun, istərsə də ipoteka krediti ilə alınmış mənzil olsun, əgər mənzilin çıxarışı varsa, hüquqi baxımdan vətəndaş üçün ciddi fərq yoxdur:
“Fərq ondan ibarətdir ki, nağd alınmış mənzil tam şəkildə mülkiyyətçiyə məxsus olur, ipoteka ilə alınmış mənzil isə vətəndaşın adına rəsmiləşdirilsə də, kredit tam ödənilənədək bankın yüklülüyündə, yəni girovunda saxlanılır. Bu proses belə həyata keçirilir ki, vətəndaş satıcı ilə alqı-satqı barədə razılığa gəlir və tərəflər arasında müqavilə bağlanılır. Vətəndaş ipoteka krediti üçün müraciət etdikdən sonra girov predmeti olacaq mənzil müəyyən edilir və qiymətləndirilir. Bank həmin əmlakı ipoteka üçün yararlı hesab edərsə, kredit təsdiqlənir. Qiymətləndirmə zamanı mənzilin bazar dəyəri müəyyən olunur və banka təqdim edilir. Əgər qiymətləndirilmiş dəyər ayrılacaq ipoteka məbləğindən aşağı olarsa, bank krediti təsdiqləməyə bilər. Əksinə, əmlakın dəyəri ipoteka məbləğinə uyğun və ya ondan yüksək olarsa, həmin mənzil ipoteka predmeti kimi qəbul edilir”.
Ekspert əlavə edib ki, bundan sonra əmlak sahibindən tələb olunan sənədlər toplanaraq banka təqdim edilir:
“Bank alıcının kreditini təsdiqlədikdən sonra vəsait alıcının bank hesabına köçürülür və notariat qaydasında alqı-satqı rəsmiləşdirilir. Bu baxımdan satıcı üçün vəsaitin nağd şəkildə ödənilməsi ilə bank tərəfindən köçürülməsi arasında heç bir hüquqi fərq yoxdur. Çünki alqı-satqı zamanı vəsait birbaşa alıcının kredit hesabından satıcının bank hesabına köçürülür və bütün razılıq ərizələri notariat qaydasında təsdiqləndikdən sonra alqı-satqı başa çatır. Daha sonra satıcının adına olan əvvəlki çıxarış ləğv edilir. Alıcı alqı-satqı müqaviləsini təqdim etməklə öz adına yeni çıxarış alır. Çıxarış verildikdən sonra həmin mənzil vətəndaşın xüsusi mülkiyyətinə çevrilir. Lakin burada bir nüans var. Mənzil xüsusi mülkiyyət olsa da, kredit tam ödənilənədək bankın girovunda qalır. Buna görə də vətəndaş bankın razılığı olmadan həmin mənzili sata, bağışlaya və ya başqa şəxsə pay verə bilməz. Yalnız banka olan borc son qəpiyinədək ödənildikdən sonra əmlak üzərindəki yüklülük götürülür və mülkiyyətçi mənzil üzərində sərbəst şəkildə sərəncam vermək hüququ əldə edir. Bununla yanaşı, vətəndaş alqı-satqı müqaviləsi əsasında öz adına çıxarışı aldıqdan sonra həmin mənzilə özünü və ailə üzvlərini qeydiyyata salmaq hüququna malikdir. Bunun üçün bankın girovu hər hansı maneə yaratmır və əlavə hüquqi əsas tələb olunmur. Vətəndaş çıxarışla müvafiq dövlət qurumuna, o cümlədən ASAN Xidmət mərkəzlərinə müraciət etməklə özünü və ailə üzvlərini həmin mənzildə qeydiyyata sala bilər. Hüquqi baxımdan bu, tam mümkündür və ipoteka ilə alınmış mənzilə qeydiyyatın aparılması üçün kreditin tam bağlanmasını gözləməyə ehtiyac yoxdur”.
Beləliklə, ipoteka ilə alınan mənzilə qeydiyyata düşmək üçün kreditin bitməsini gözləmədən, çıxarış əsasında dərhal müraciət etmək tam qanunidir.
Fidan Hacızadə

