Pis nümunə dövləti zəiflədir...

Bu gün, 00:04           
Pis nümunə dövləti zəiflədir...
Bir neçə gün əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun zərərçəkmiş qismində tanındığı məhkəmə prosesi ilə bağlı məlumatlar yayılıb. Məhkəmə materiallarında Taleh Heydərov iş adamı kimi göstərilir. İttihama görə, vaxtilə Kəmaləddin Heydərova məxsus olduğu bildirilən biznes holdinqində yüksək vəzifədə çalışmış İslam Səfərəliyev və digər təqsirləndirilən şəxslər "AzeriSteel Company" ASC-nin səhmlərinin alınması üçün köçürülmüş 16 milyon manatı mənimsəməkdə ittiham olunurlar.
Bu məhkəmə prosesi bir daha yüksək vəzifəli məmurların ailə üzvlərinin böyük biznes strukturlarına sahib olması məsələsini gündəmə gətirib. T.Heydərovun böyük sərvətə sahib olması atası Kəmaləddin Heydərovun uzun illər tutduğu dövlət vəzifəsi fonunda istər-istəməz suallar doğurur.
Büdcə vəsaiti hesabına maliyyələşən dövlət qurumuna rəhbərlik edən yüksək vəzifəli şəxsin övladının hansı resurslar və imkanlar hesabına iri biznes strukturları yaratması və nəhəng iş adamına çevrilməsi ictimai maraq doğuran məsələdir.
Təcrübə göstərir ki, əvvəlcə yüksək vəzifəli məmurların özləri böyük iqtisadi güc əldə edir, sonradan isə bu iqtisadi imkanlar ailə üzvlərinə ötürülür. Nəticədə formalaşan iqtisadi təsir onların siyasi və inzibati mövqelərini daha da möhkəmləndirən amillərdən birinə çevrilir.
Bu cür hallar dövlət idarəçiliyi üçün ciddi təhlükə yaradır. Yüksək dövlət postunun biznes imperiyasının formalaşdırılması vasitəsinə çevrilməsi cəmiyyətdə ədalət prinsipinə inamı sarsıdır, sağlam rəqabət mühitini pozur və dövlət institutlarına etimadı zəiflədir.
Bu hallar gənc nəsil üçün də son dərəcə yanlış nümunə yaradıb. Artıq belə bir təsəvvür formalaşıb ki, karyera qurmağın əsas yolu bilik, zəhmət və bacarıqdan deyil, hakimiyyətə yaxınlıq və inzibati resurslardan keçir.
Ən maraqlı məqamlardan biri isə odur ki, əvvəllər yüksək vəzifəli məmurlar övladlarının biznes fəaliyyəti ilə bağlı məlumatların mətbuatda yayılmaması üçün müxtəlif vasitələrə əl atır, bu məlumatların ictimailəşməsinin qarşısını almağa çalışırdılar. İndi isə belə bir həssaslıq demək olar ki, müşahidə olunmur. Əksinə, məmur ailələrinin nəhəng biznes layihələrində iştirak etməsi gizlədilməyən və açıq şəkildə nümayiş etdirilən bir reallığa çevrilib.
Müəllif: Samir Feyruzov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru