KİV: "Vaqner" muzdluları Afrikada tramadol ticarəti şəbəkəsi qurublar
Bu gün, 16:38

Mərkəzi Afrika Respublikasında (MAR) qalan Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin muzdluları tramadol dərman vasitəsinin qaçaqmalçılığı və satışı ilə məşğul olan geniş şəbəkə yaradıblar.
Bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Tramadol sintetik opioid ağrıkəsicisidir və tibbdə ağrıların aradan qaldırılması üçün istifadə olunur. Nəşrin qeydinə görə, yüksək dozalarda stimullaşdırıcı təsir göstərdiyi üçün onu "kasıbların kokaini" də adlandırırlar. Tibbdə adətən 50-100 mq dozada istifadə olunan preparat MAR-da qanunsuz olaraq tərkibində 200 mq tramadol olan həblər şəklində satılır.
WSJ yazır ki, opioid analgetik Hindistanda istehsal olunur, oradan Konqo Demokratik Respublikasına göndərilir, daha sonra isə Ubangi çayı vasitəsilə MAR-a çatdırılır. Burada isə onun yayılmasına "Vaqner" muzdluları nəzarət edirlər.
Mədənçilər tramadolu qızıl mədənlərində saatlarla işləmək üçün alırlar. Həmin qızıl yataqlarına da "Vaqner" nəzarət edir.
Nəşrin yazdığına görə, preparatdan silahlı qruplaşmaların üzvləri də qorxunu azaltmaq və aqressiyanı artırmaq məqsədilə istifadə edirlər. Qeyd olunub ki, MAR-da tramadol istifadəsinin artması ölkənin müxtəlif bölgələrinə nəzarət uğrunda döyüşlərdə həlak olanların sayının təxminən 20 faiz artması ilə üst-üstə düşüb.
Narkotik vasitələrin satışı təkcə qrupa gəlir gətirmir, həm də MAR-da qızıl hasilatına nəzarəti saxlamağa kömək edir. Ekspertlərin qiymətləndirməsinə görə, "Vaqner" MAR-da qızıl hasilatından ildə təxminən 180 milyon dollar gəlir əldə edir.
WSJ-nin məlumatına görə, hazırda MAR-da təxminən 500 "Vaqner" muzdlusuna Yevgeni Priqojinin oğlu Pavel Priqojin rəhbərlik edir.
2023-cü ildə "Vaqner"in qiyamından və qurucusu Yevgeni Priqojinin ölümündən sonra özəl hərbi şirkətin rəsmi olaraq ləğv edildiyi bildirilmişdi. Məlumatlara görə, şirkətin Afrika və Yaxın Şərqdəki fəaliyyətinin Rusiya Müdafiə Nazirliyinə verilməsi planlaşdırılırdı. Lakin BBC-nin rusdilli xidməti 2024-cü ilin yayında MAR-da "Vaqner"in əvvəlki formatda fəaliyyətini davam etdirdiyini yazmışdı.

