İran mediasının qərəzi bitmir: İndi də “Azərbaycan Cəbhəsi” “yaradıblar”
8-12-2025, 12:48

İranda SEPAH-a bağlı medianın Azərbaycana qarşı qərəzi dayanmır.
Tribuna.az xəbər verir ki, bu dəfə İLNA Agentliyi “ön plana” çıxıb.
Agentlik “İsrail-Azərbaycan hərbi əməkdaşlığı artıb; İrana qarşı yeni cəbhə yaranıbmı?” başlıqlı yazı dərc edib.
Yazıda iddia olunur ki, İsrail və Azərbaycan arasında münasibətlər Xəzər dənizində İrana qarşı yeni cəbhə yarada və regionda İran və Rusiya donanmalarına qarşı güc balansını dəyişə biləcək bir mərhələyə çatıb.
Bu azmış kimi, İLNA bir qədər də “irəli” gedərək bu münasibətləri “Azərbaycan Cəbhəsi” adlandırıb. “Bu cəbhə lazım gələrsə İrana qarşı hərbi əməliyyatlara hazırdır və İsraillə Bakı arasında strateji müttəfiqlik yeni səviyyəyə qaldırılıb”.
Agentliyin iddiasına görə, hadisələr İsrail Müdafiə Araşdırmaları və İnkişafı Agentliyinin rəhbəri, istefada olan polkovnik Daniel Quldun rəhbərlik etdiyi yüksək səviyyəli İsrail təhlükəsizlik nümayəndə heyətinin Azərbaycana nadir və gizli səfərindən sonra baş qaldırıb.
P.S. İran tərəfinin bu qərəzi dayanmaq bilmir. Hər vəchlə çalışırlar ki, rəsmi Bakını hədəfə alıb, onun haqqında mənfi rəy yaratsınlar. Bu da onlardan biridir.

