Pezeşkian “müharibədəyik” dedi, 40 il əvvəli xatırlatdı – “Hələ beləsi olmayıb”

30-12-2025, 12:34           
Pezeşkian “müharibədəyik” dedi, 40 il əvvəli xatırlatdı – “Hələ beləsi olmayıb”
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ, İsrail və Avropa ilə tam müharibə şəraitində olduğunu açıqlayıb. Pezeşkian bu qarşıdurmanın 1980-ci illərdəki İran-İraq müharibəsindən daha mürəkkəb və çoxölçülü olduğunu vurğulayıb.

Bu bəyanat regional və qlobal geosiyasi gərginliyin artması kimi dəyərləndirilir. İranın mövqeyi həm daxili siyasi göstəriş, həm də xarici tərəflərə güc nümayişi kimi şərh olunur. Analitiklər bildirirlər ki, belə açıqlamalar yalnız hərbi qarşıdurmaya işarə etmir, eyni zamanda İranın diplomatik və iqtisadi təzyiq mexanizmlərini gücləndirməyə çalışdığını göstərir.

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, 1980-ci illərdə, yəni İran-İraq müharibəsi zamanı dünyada vəziyyət bugünkü kimi deyildi:

“Ən önəmlisi, SSRİ mövcud idi və dünyada ikiqütblülük vardı. Dövlətlərin maraqları daha aydın idi. İrandakı hakimiyyət iç üzünü bu qədər açmamışdı, Tehranda indiki kimi proksi qüvvələr yaradılmamışdı. O dövrdə İranın dəstəklədiyi qrupların fəaliyyəti ifşa olunmamışdı, bu səbəbdən ona münasibət bir mənalı idi.

Bundan başqa, beynəlxalq aləmdə ziddiyyətlər bu qədər kəskin deyildi. İranın nüvə proqramı o dövrdə bu səviyyədə inkişaf etməmişdi. Proqram Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə başlamış, inqilab zamanı dayandırılmış, lakin İran-İraq müharibəsindən sonra bərpa olunmuşdu. Buna görə son illərdə ABŞ, Avropa İttifaqı (Aİ) və İsrailin İranla münasibətləri kəskinləşib.

İran İsrailin məhv edilməsi məqsədilə müxtəlif silahlı qruplar yaradıb və ABŞ-a yaxın ölkələrdə də, məsələn, “Hizbullah” vasitəsilə fəaliyyət göstərib. Argentina nümunəsində, yəhudi mədəniyyət mərkəzi səfirliyində terakt planlaşdırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Yəni 1980–1990-cı illərdə İran bu qədər mürəkkəb və çətin beynəlxalq prosesin içində deyildi.

Bundan əlavə, Çin, Rusiya və Qərb arasındakı qarşıdurmalar o dövrdə bu həddə deyildi. 1980-ci illərdə Ukrayna problemi yox idi, SSRİ zəifləyirdi və çökməkdə idi. Rusiya yeni güc nümayiş etdirirdi, Çin isə Moskvayla birgə problemlər yaratmaq istəyirdi. İran da bu blok daxilində yer alırdı. Bu baxımdan Məsud Pezeşkianın müqayisəsi o qədər də düzgün deyil, çünki 40 il öncəki hadisələr ilə bugünkü geopolitik situasiya fərqlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru