Hesablama Palatası benzinlə bağlı tenderi niyə keçirə bilmir? - Maraqlı detallar
9-02-2026, 16:39

Hesablama Palatasının 2026-cı il üçün avtomobillərin yanacaq təminatı ilə bağlı elan etdiyi tender ikinci dəfə ləğv olunub.
Bizimesr.az açıq mənbələrə istinadən xəbər verir ki, Palata istifadəsində olan nəqliyyat vasitələri üçün Aİ-95 markalı benzin alınması məqsədilə tender elan etsə də, satınalma baş tutmayıb.
Məlumata görə, 31 min 605 litr benzin alınması üçün Hesablama Palatası 50 min 568 manat məbləğində vəsait ayırmağa hazır olduğunu bəyan edib. Lakin həm yanvar ayında, həm də sonuncu dəfə elan edilən tenderlərdə iştirakçı sayının üçdən az olması səbəbindən satınalma proseduru ləğv edilib. Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanunvericiliyə əsasən, tenderin baş tutması üçün minimum üç təchizatçının iştirakı tələb olunur.
Bu vəziyyət Hesablama Palatası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi arasında müəyyən gərginliyin mövcud ola biləcəyi ehtimalını gündəmə gətirir. Xüsusilə nəzərə alsaq ki, son vaxtlar Hesablama Palatası bir sıra dövlət qurumlarının tender və satınalma proseslərində vəsaitlərin səmərəsiz xərclənməsi və tenderlərin sistemsiz keçirilməsi ilə bağlı tənqidi hesabatlar açıqlayıb.
Bəzi ehtimallara görə, məhz bu cür hesabatlar tenderlərə nəzarət edən qurumlarla münasibətlərdə gərginlik yarada bilər.

