Əfşarlar sülaləsindən sonuncu hökmdar Şahrux şah
6-02-2026, 09:54

O, həm Əfşarlar, həm Səfəvilər soyunun davamçısı idi. Atası Rzaqulu xan Nadirin böyük oğlu idi. Anası Fatimə sultan bəyim isə Səfəvi şahı Sultan Hüseynin qızı idi.
Adil şahın Nadirin oğullarına və nəvələrinə qarşı etdiyi qətliamda yalnız 13 yaşlı Şahrux sağ qaldı. Şah onu Məşhəddə zindana saldı. Niyə öldürməməsi ilə bağlı müxtəlif səbəblər irəli sürülür. Hətta romantik versiya da mövcuddur: guya qızı Şahruxu sevirmiş. Amma mənə başqa versiya inandırıcı gəlir: Adil şah əhalinin onu hökmdar kimi qəbul edəcəyindən arxayın olmadığından Şahruxu öldürmədi ki, ehtiyac olsa, onu şah elan edib adından ölkəni idarə etsin. Hakimiyyətini möhkəmləndirəcəyi halda öldürəcəkdi.
Adil şahın öz qardaşı İbrahim şah tərəfindən devrilməsindən və kor edilməsindən sonra tərəfdarları 1748-ci ilin oktyabrında Şahruxu həbsdən çıxardılar və şah elan etdilər. İbrahim şah 1749-cu ilin yayında Məşhədə yürüş etdi, amma qoşunu Şahruxun tərəfinə keçdi. Qaçmağa çalışan İbrahim, bir qədər sonra da Adil şah Məşhədə gətirildilər, Şahruxun əmri ilə öldürüldülər. Beləcə, Şahrux babasından qalan imperiyanın qalıqlarının hakimi oldu.
Amma bu, çox çəkmədi. Anası Səfəvi şahı I Süleymanın qızı olan Mir Seyid Məhəmməd adlı şəxs Qumda üsyan qaldırdı. Dekabrda Məşhədi tutdu, Şahrux devrildi və kor edildi (iddiaya görə, Mir Seyiddən xəbərsiz). 1750-ci ilin yanvarında Mir Seyid özünü II Süleyman adı ilə şah elan etdi. Amma cəmi iki ay sonra o da devrildi, kor edildi və yenə Şahrux taxta çıxdı.
O yenidən İran şahənşahı titulunu daşısa da, gerçək hakimiyyəti Xorasanla məhdudlaşırdı. Dövlətin qalan hissəsi isə “vəkil əd-dövlə” (regent) kimi kürd Kərim xan Zəndin nəzarətində idi. O, Sultan Hüseynin başqa bir qızının oğlunu - yəni Şahruxun xalaoğlusunu, - Əbu Turabı III İsmayıl adı ilə taxta çıxararaq onun adından idarə edirdi.
1754-cü ildə əfqan hökmdarı Əhməd şah Dürrani Məşhədi tutdu. Şahrux alçaldıcı müqaviləyə imza ataraq özünü əfqan şahının vassalı elan etdi. Bir ara öz oğlu Nəsrullah mirzə atasını taxtdan salıb özü çıxdı, amma az sonra Şahrux revanş götürdü və hakimiyyətini bərpa etdi. Belə qeyri-sabitlik bir zamanlar qüdrətli Nadir imperiyasının paytaxtı olan Məşhədin tənəzzülünə, əhalisinin tamamilə azalmasına səbəb oldu.
Kərim xanın 1779-cü ildə ölümündən sonra Zəndlər zəiflədi və azərbaycanlı Qacarlarla mübarizədə məğlub oldular. 1789-cu ildə İranda yeni sülalənin - Qacarlar sülaləsinin əsası qoyuldu.
1796-cı ilin martında tacqoyma mərasimi keçirən Ağa Məhəmməd şah Qacar yayda Xorasana yürüş etdi. Müqavimət göstərmək üçün qüvvəsi olmayan Şahrux təslim oldu və şahın tələbi ilə xəzinəsini təhvil verdi. Lakin Qacar xəzinənin bundan ibarət olduğuna inanmadı və digər sərvətlərin yerini demək üçün Şahruxa işgəncə verdirdi. Dözməyən keçmiş Əfşar şahı qara gün üçün gizlətdiyi daş-qaşın hamısını təhvil verdi. Qacarın əmri ilə Şahrux Mazandarana sürgün oldu, amma gördüyü işgəncələr üzündən mənzilbaşına çatmadan Damğanda vəfat etdi.
Yadigar Sadıqlı
TEREF

