İzmir vilayətinin Menemen şəhərində “Şehit Kubilay anıtı”.
4-02-2026, 10:14

1930-cu il dekabrın 23-də sübh tezdən Manisadan Menemenə gələn kiçik bir qrup əhalini xilafəti və şəriəti bərpa etmək üçün üsyana çağırdı. Onlar deyirdilər ki, 70 minlik xilafət ordusu hərəkətə keçib və tezliklə bölgəyə yetişəcək. Həmin qrupdan Dərviş Mehmet özünün Mehdi olduğunu iddia edirdi.
Cümhuriyyət hökumətinin həyata keçirdiyi bir çox tədbirlər əsasən mühafizəkar olan xalqın zatən ürəyincə deyildi, o cümlədən “şapka inqilabı” adını alan qanun. Fəsin şapka ilə dəyişdirilməsi “din əldən gedir, bizi gavur etmək istəyirlər” kimi reaksiya doğururdu. Buna görə də menemenlilərin çoxu “Mehdi”yə rəğbətlə yanaşdılar, amma tərəfinə keçənlər elə də çox deyildilər.
Şəhərin mərkəzində baş verənlər haqqında xəbər tutan asteğmen (leytenant) Mustafa Fehmi Kubilay (peşəkar hərbçi deyildi, həqiqi hərbi xidmətə çağrılmış müəllim idi) hərbi hissənin ərazisində təlim keçən 20 əsgəri özü ilə götürərək hadisə yerinə getdi. O, təkbaşına üsyançılara yaxınlaşıb təslim olmalarını tələb etdi, Dərviş Mehmetin ya sinəsindən vurub itələdi, ya da qolundan tutub çəkdi. Açılan atəş nəticəsində Kubilay yaralandı.
Bu zaman hadisələrin gedişini tamamilə dəyişən bir hadisə baş verdi. Kubilayla gələn əsgərlər üsyançılara atəş açdılar. Amma onlar təlim keçdikləri üçün silahlarında boş (xolostoy) patron vardı və təbii, heç kəs xəsarət almadı. Dərviş Mehmet bunun ardınca “Görürsünüz, Mehdi olduğum üçün güllə təsir etmir” söylədi. Bəlkə özü də inandı mehdiliyinə. Bu hadisə menemenlilərdə böyük təəssürat yaratdı. Az qala hamısı təkbir gətirərək Dərviş Mehmetin tərəfinə keçdi. “Şapka geyən kafirdir. Yaxında yenə şəriət bərpa olacaq” dedilər. Qaçıb qurtulmağa çalışan Kubilayı tutdular, diri-diri başını kəsib bədənindən ayırdılar. Sonra da qaldırdıqları yaşıl bayrağın başına baqqaldan aldıqları iplə bağladılar. Hadisələr zamanı Hasan və Şevki adlı iki mühafizəçi də öldürüldü.
Menemenə çağrılan hərbi birliklər təslim təklifini qəbul etməyən əhalini top və pulemyotdan atəşə tutdu. Üsyan yatırıldı. “Mehdi”yə bu dəfə güllə təsir etdi və o, yaralı halda ələ keçirildi. Manisadan onunla gələnlərdən ikisi öldürüldü, qalanları tutuldu.
Menemen hadisəsi Atatürkdə böyük qəzəb doğurdu. 1919-cu ildə yunanlar Menemendə böyük qətliam törətmişdilər. Müxtəlif qiymətləndirmələrə görə, 200-dən 1000 nəfərə qədər adam öldürmüşdülər. Yəqin ki, Mustafa Kamala təsir edən bir cəhət də bu idi ki, zabitini öldürdüyünüz ordu sizə o yunanlardan qurtarmışdı.
“Bu ne haldir, mürteciler hükümet meydanında ordunun subayını din adına boğazlayabiliyorlar. Binlerce Menemenliden kimse çıkıp mani olmuyor, bilakis tekbirlerle teşvik ediyorlar. Yunan idaresi altındayken bu hainler neredeydiler? Onların namusunu ve dinini kurtaran ordunun bir subayına reva gördükleri bu saldırının cezasını yalnız hain katiller değil, hepsi en ağır şekilde çekmelidir. Bu Cumhuriyet'i ve bizim başımızı kesmektir. Bundan bütün Menemen sorumludur. Bu kasaba 'Vilmodit' ilan edilmeye müstahak olmuştur”.
Vilmodit (fransızca yazılışı - ville maudite) “lənətlənmiş şəhər” deməkdir. Bu, o demək idi ki, Menemenlə Fransa inqilabı zamanı Konventə qarşı üsyan edən Lion şəhəri ilə olduğu kimi davranılmalıdır, daş üstdə daş qalmamalıdır. Amma hirsi soyuyandan sonra daha bu barədə danışmadı.
Hərbi məhkəmə çox ağır hökmlər çıxardı. 37 nəfər edama məhkum edildi (aralarında Kubilayın başını bağlamaq üçün ip satan baqqal da vardı). Onlardan 8 nəfərin cəzası 24 il həbsə dəyişdirildi, 29 nəfər 1931-ci il fevralın 3-də edam olundu. Bundan əlavə, 41 nəfər həbs cəzası aldı.
Dərviş Mehmet Nəqşibəndi təriqətindən Şeyx Esat Ərbillinin müridi olduğuna görə şeyx və oğlu Mehmet Ali də məsuliyyətə cəlb olundular. İkisi haqqında da ölüm hökmü çıxarıldı. Şeyx yaşlı olduğundan cəzası həbslə əvəzləndi (amma tezliklə öldü), oğlu isə edam edildi. Məşhur aktyor və şoumen Mehmet Ali Erbil Şeyx Esatın nəticəsi, adaşı Mehmet Alinin isə nəvəsidir.
Atatürkün sonrakı bir sıra radikal qərarlarının, o cümlədən, azanın türkcə oxudulmasının arxasında Menemen hadisəsinin durduğu ehtimal olunur.
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli

