10 fevral 1258-ci il, Hülakü xanın monqol ordusu Bağdadı tutaraq Abbasi xilafətinə faktiki son qoyur.
11-02-2026, 17:53

Çingizin kiçik oğlu Toluyun oğlu olan Münke 1251-ci ildə böyük monqol xaqanı oldu. O, iki il sonra qardaşı Hülakünü Yaxın Şərqi tam fəth etmək üçün göndərdi.
Ləng hərəkət edən 130 minlik monqol qoşunu 1255-ci ilin payızında İrana yetişdi və əvvəlcə ismaililərlə mübarizəyə başladı. İranın xeyli hissəsinə səpələnmiş ismaili qalalarının alınması bir il çəkdi. Nəhayət, 1256-cı ilin dekabrında alınmaz Ələmut qalası da təslim oldu. Həmin il Hülakü paytaxtı Marağa olan dövlətinin əsasını qoydu.
1257-ci ildə Hülakü xan həm regiondakı kiçik hakimləri ram etdi, həm də monqollardan vassal asılılığında olan səlcuqlardan, gürcülərdən, ermənilərdən qüvvələr topladı.
Hülakü xəlifə Müstəsimə məktub yazaraq tabe olmasını istədi. Müstəsimin cavab məktubu çox yekəxana idi. O, bütün müsəlman ölkələrindən qoşun toplaya biləcəyini yazırdı, halbuki belə real hakimiyyətə malik deyildi. Xanı gənc və təcrübəsiz adlandırırdı. Üstəlik, monqol elçilərlə Bağdadda heç də hörmətcil davranmadılar.
Buna baxmayaraq, Hülakü daha bir neçə məktub göndərdi, amma onlar da faydasız oldu. Xan 1258-ci ilin yanvarında Bağdad üzərinə yürüdü. Yanvarın 16-da monqol dəstələrindən biri xəlifənin 20 minlik qoşunu ilə toqquşdu və məğlub olaraq geri çəkildi. Müsəlmanlar qələbəni bayram edərkən monqollar Dəclədən çəkilən Düceyl kanalının bəndlərini dağıtdılar və müsəlmanların düşərgəsini su basdı. Onların çoxu boğularaq öldü, qalanlarını monqollar qılıncdan keçirdilər, yalnız kiçik bir hissə qurtularaq Bağdada qayıtdı.
Yanvarın sonlarında Bağdad mühasirəyə alındı. Şəhərə ilk hücum yanvarın 29-da və ya 30-da oldu. Fevralın 4-də monqollar qala divarlarının şərq hissəsinə nəzarəti ələ keçirdilər. İndi xəlifə Müstəsim Hülakünün yanına elçi göndərdi, amma xan danışıqları rədd etdi. Fevralın 10-da Bağdad təslim oldu.
Monqollar yalnız 3 gün sonra şəhərə daxil oldular. Hülakü öz qoşununa bir həftə Bağdadı talamaq ixtiyarı verdi. Xilafət paytaxtında qan su yerinə axdı. Onminlərlə, hətta bəzi iddialara görə, yüzminlərlə adam öldürüldü. Şəhərin elmi mərkəzləri dağıdıldı. Hikmətlər evi adlanan kitabxanadakı saysız-hesabsız elmi mətnlər məhv edildi.
Əsir alınan xəlifə Müstəsim təbəələrinin, tamaşa etmək məcburiyyətində qaldı. Onun oğullarını xalçaya bükərək üzərilərindən atlarla keçdilər. Çünki monqol adətinə görə hökmdar nəslinin qanı axıdılmamalı idi. Talanın sonuncu günü, fevralın 20-də sonuncu xəlifə ilə də eyni cür davrandılar. Xəlifənin qızları isə monqol sərkərdələrinə verildi.
Beləliklə, Abbasilərin Bağdad xəlifəliyi sona çatdı. Tənəzzül edən Bağdad Hülakülər dövlətinin əyalət şəhərinə çevrildi. O, sonralar qismən bərpa edilsə də, əvvəlki əzəmətinə daha heç vaxt malik olmadı.
Abbasi soyundan bir nəfər, 1225-1226-cı illərdə xəlifə olmuş Zahirin oğlu olduğu iddia edilən Abbas Misirə qaça bildi və burada məmlük sultanı Bəybars tərəfindən xəlifə elan olundu. Lakin XVI əsrin əvvəllərinə qədər davam edən Qahirə xəlifəliyi formal xarakter daşıyırdı. 1517-ci ildə Misiri işğal edən Osmanlı sultanı I Səlim Qahirə xilafətinə son verdi və özünü xəlifə elan etdi. Osmanlı xilafəti 1924-cü ilə qədər sürdü.
Bağdadın süqutu İslamın Qızıl dövrünün sonu sayılır. Hülakünün 1265-ci ildə ölümündən sonra taxta çıxan Abaqa xan dövlətin paytaxtını Təbrizə köçürdü. Beləcə, Təbriz Yaxın Şərqin əsas şəhəri oldu.
Bağdadın mühasirəsini təsvir edən miniatür Rəşidəddinin “Cəmi ət-Təvarix” kitabında yer alıb.
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli
Yadigar Sadıqlı
TEREF

