Zülfüqar Əli Bhutto "Hətta ot yeməli olsaq belə, öz nüvə bombamızı düzəldəcəyik!" VİDEO

2-05-2026, 11:34           
Zülfüqar Əli Bhutto "Hətta ot yeməli olsaq belə, öz nüvə bombamızı düzəldəcəyik!"  VİDEO
Pakistanın xarici işlər naziri Zülfüqar Əli Bhuttonun BMT Təhlükəsizlik Şurasındakı 1971-ci il çıxışı dünya diplomatiya tarixinə ən kəskin bəyanatlardan biri kimi düşüb.
Bhutto BMT-ni fəaliyyətsizlikdə və Pakistanın parçalanmasına seyrçi qalmaqda ittiham edirdi. Şuranın təqdim etdiyi sənədləri "Hindistana təslimçilik aktı" adlandıraraq cırıb atan Bhutto: "Mənim ölkəm qan içindədir, mən isə burada boş kağızlar üzərində mübahisə edirəm!" — deyərək zalı nümayişkaranə şəkildə tərk etdi.
Bu çıxışdan cəmi bir neçə gün sonra Pakistanın Şərqi Pakistandakı hərbi komandanlığı təslim oldu. Nəticədə Hindistan qalib gəldi və Banqladeş müstəqilliyini elan etdi. Parçalanmış və ruhdan düşmüş ölkəni ayağa qaldırmaq üçün hərbçilər hakimiyyəti Bhuttoya təhvil verdilər.
Hakimiyyətə gəldikdən dərhal sonra, 1972-ci ilin yanvarında Bhutto Multan şəhərində ölkənin aparıcı alimləri ilə gizli görüş keçirdi. O, alimlərə üç il ərzində nüvə bombası hazırlamaq tapşırığı verdi və bütün xarici təzyiqləri, eləcə də maliyyə yükünü öz üzərinə götürəcəyini bildirdi. Məhz həmin vaxt onun tarixin yaddaşına həkk olunan o məşhur cümləsi səsləndi: "Hətta ot yeməli olsaq belə, öz nüvə bombamızı düzəldəcəyik!"
Bhutto bu layihəni təkcə Pakistanın deyil, bütün İslam dünyasının maraqlarını qoruyacaq "İslam bombası" kimi təqdim edirdi. Bu strategiya ona Liviya və Səudiyyə Ərəbistanı kimi ölkələrdən ciddi maliyyə dəstəyi qazandırdı.
Daxili siyasətdə Bhutto iri sənaye müəssisələrini, bankları və təhsil ocaqlarını milliləşdirdi. Onun xalq arasında sürətlə artan nüfuzu və ordudan müstəqil güc mərkəzinə çevrilməsi hərbi elitada qısqanclıq və narahatlıq yaratdı. Nəticədə, 1977-ci ildə baş verən hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Zülfüqar Əli Bhutto, 1979-cu ildə mübahisəli məhkəmə qərarı ilə edam edildi.
Orxan Atabəy
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru