Dərin tarixi əlaqələrə əsaslanan dostluq

7-10-2025, 16:49           
Dərin tarixi əlaqələrə əsaslanan dostluq
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət sahəsində öz uğurlarını davam etdirir. Xarici siyasətin bir istiqaməti kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Oktyabrın 6-7-də Azərbaycanın qədim Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşü də bunun tərkib hissəsidir.
Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının geniş perspektivləri var. Türk Dövlətləri dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində bu ölkələr arasında münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə ölkələrin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayır. Qeyd edilməlidir ki, Azərbaycan təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb.
Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Zirvə görüşündə vurğulanıb ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.
“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirib.
Öz çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.
Prezident İlham Əliyev çıxışının sonunda qeyd edib ki, “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]