Azərbaycan Türk dünyasının birliyinə davamlı töhfələr verir
8-10-2025, 10:22

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda bu gün dünya türk dövlətlərinin birliyinin, həmrəyliyinin şahidinə çevrilir. Azərbaycan daim Türk dünyasının birliyinə davamlı töhfələr verir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ildən etibarən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də Azərbaycanın bu birliyin möhkəmlənməsində nə qədər maraqlı olduğunu təsdiqləyir. Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və bu tədbirdə qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha sübut etdi. Ümumilkdə Prezident İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində qurum formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.
Bü gün Türk dünyasının birliyinə paytaxt Bakı ilə yanaşı, bölgələrimizin, o cümlədən azad Qarabağın da töhfələr verməsi qürurvericidir. Bu baxımdan oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə görüşü böyük əhəmiyyət kəsb edir.
Əminliklə deyə bilərik ki, bu Zirvə görüşü Türk dünyasının ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisə olmuşdur. Zirvə görüşü çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək sonuncu görüşdən indiyədək həyata keçirilmiş işləri dəyərləndirərək, əldə olunmuş nailiyyətləri müzakirə etmiş və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmişlər. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçmişdir. Bu da, ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olmuşdur.
Azərbaycan, həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, həmçinin Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa edilən orta məktəb də bu dəstəyin bariz nümunəsidir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasına qardaş ölkələrin dəstəyini qeyd edərək öz təşəkkürünü bildirib: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Oktyabrın 7-də isə Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Bu da işğaldan azad edilən torpaqların bərpası istiqamətində TDT-na daxil olan dövlətlərin növbəti töhfəsidir.
Zirvə görüşü çərçivəsində, ikitərəfli görüşlərlə yanaşı, Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. Bu, yalnız protokol xarakterli görüşlər deyil, eyni zamanda, yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkandır.
Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirir.
Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi TDT-ni getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya miqyasında TDT regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edilir.
Türkan Cümşüdova – YAP üzvü

