Füzulilərin yaddaşına həkk olunan tarixi gün

11-10-2025, 16:19           
Füzulilərin yaddaşına həkk olunan tarixi gün
Füzuli yaşı minilliklərə dayanan ən qədim insan məskənlərindən biri olmaqla yanaşı, bərəkətli torpaqlara, bol sulu çaylara və güclü kadr potensialına malik, yüksək intellektli ziyalılar, görkəmli alim və mədəniyyət xadimləri yetişdirmiş rayonlarımızdan biridir. Əməyə bağlılıq və halal zəhmət füzulilərin həyat tərzinin xarakterik xüsusiyyətləridir.
Harada yaxşı nə varsa hiyləgərliklə sahiblənməyə çalışan və mayası haramla yoğrulmuş miskin ermənilər isə Füzuliyə də, göz dikmişdilər. Məhdud imkanlar hesabına uzun müddət müdafiə edilməsinə baxmayaraq, Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edidi.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.
Erməniər günahsız insanları qətlə yetirməklə yanaşı, işğal etdikləri torpaqlarda ekoloji terror törətmiş, rayonun qədim tarixi olan qəbristanlıq, türbə, məscid və körpüləri darmadağın edərək müharibə cinayətləri törətmişlər.
Füzuli rayonunun işğaldan azad edilməsi tarixi xronologiyası və hərbi əməliyyatların xarakteri baxımından Böyük Zəfərin əldə edilməsində xüsusi əhəmiyyətə malikdir. Biz azərbaycanlılar, hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Füzuli rayonu ərazisində qazanılmış ilk Qələbəni unuda bilmərik. Azərbaycan Silahlı Qüvvələrinin hücumu ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni işğalından azad edilmişdir. Füzuli rayonunun əhalisinin yarıya qədəri həmin işğaldan azad edilmiş ərazilərdə yaşayırdı. Qazanılmış ilk uğurlar eyni zamanda işğal altında olan bütün torpaqlarımızın düşməndən geri alınacağına olan inancımızın artmasına səbəb oldu.
Elə həmin inam da 44 günlük Vətən Müharibəsində qələbənin əldə edilməsinə kömək edən mənəvi gücə çevrildi. Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 17-də Füzuli rayonunun bir neçə kəndi ilə birlikdə Füzuli şəhərini işğaldan azad etdi. Füzulinin azad edilməsi uğrunda döyüşlər Vətən Müharibəsinin çətin oduğu qədər də xüsusi əhəmiyyətə malik döyüşlərindən biri kimi hərb tariximizin şərəfli səhifələrindəndir.
Məlum olduğu kimi, 30 il ərzində düşmən bir neçə xəttdən ibarət müdafiə zolağı yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt yarıldı və Füzuli qısa müddətdə işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi. Ermənilər və bütün dünya artıq Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qaldı.
İşğaldan azad edilən Füzuli rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Rayon ərazisi böyük bir tikinti meydanına çevrilib. Füzuli rayonu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səfərləri və səfərlər çərçivəsində müxtəlif təyinatlı layihələrin təməlqoyma və açılış mərasimləri məkanı olmuşdur. Azad edildikdən sonra cəmi 8 ay müddətinə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi idi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. 2023-cü ildə ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox keçməz ki, bu diyarımız cənnət məkana çevrilər. Artıq ölkəmizin müxtəlif yerlərində məskunlaşmış məcburu köçkünlərin Füzuliyə qayıdışına başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur.
Bu il keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş zamanı isə Prezident İlham Əliyev görüşün yekunlarına dair bəyanatında bildirib ki, Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.
17 oktyabr Füzulinin işğaldan azad edildiyi, füzulilərin isə yurd həsrətinə son qoyulduğu gün kimi Azərbaycan tarixində əbədi qalacaqdır.


Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]