Füzuli şəhərində aparılan bərpa işləri
11-10-2025, 16:37

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzuli rayonu azad edilməmiş həm də müzəffər ordumuzun gücü bütün dünyaya bəyan olmuşdur. Belə ki, ordumuz düşmənin 30 il ərzində təmas xəttində qurduğu istehkamları darmadağın etməklə mümkünsüzü mümkünə çevirdi.
Rayon azad edildikdən sonra gördüklərimiz kədər hissləri doğurdu. Erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymamışdılar. Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Hər şey dağıdılıb, talan edilib. Mənfur düşmən azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla bizim bu ərazidəki mədəni kimliyimizin itirilməsi məqsədini güdüb.
“Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik”, - Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı dediyi bu sözlər gələcəyə nikbin nəzərlərlə baxmağa əsas yaradır.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Ali Baş Komandan Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən Zəfər yolu adlandırılıb.
Füzuli rayonunda ən müasir standartlara cavab verən hava limanının tikintisi davam etməkdədir. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək.
Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. 2023-cü ildə ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox keçməz ki, bu diyarımız cənnət məkana çevrilər. Artıq ölkəmizin müxtəlif yerlərində məskunlaşmış məcburu köçkünlərin Füzuliyə qayıdışına başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. 2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur.
Bu il keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş zamanı isə Prezident İlham Əliyev görüşün yekunlarına dair bəyanatında bildirib ki, Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək.
Cavid Fərhadov –ehtiyatda olan polkovnik-leytenant,
Vətən Müharibəsi qazisi

