Azərbaycanın regionda Çin üçün prioritet tərəfdaşdır
6-01-2026, 12:26

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti öz müsahibəsində ABŞ ilə münasibətlərlə yanaşı şərqdəki strateji tərəfdaşımız olan Çin Xalq Respublikası ilə olan əlaqələrə də geniş yer ayıraraq bu əlaqələri yeksək qiymətləndirib. Qeyd edilib ki, keçən il Prezident İlham Əliyevin Çinə səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb və bu da çox böyük uğurdur. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.
Prezident İlham Əliyev yerli TV-lərə müsahibəsində bildirib ki, Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib.
Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlətimizin başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını qeyd edib. “Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkə başçısı Azərbaycanın D-8 təşkilatına üzv seçilməsini böyük nailiyyət kimi qiymətlndirib. 30 il əvvəl yaradılan bu təşkilata bu vaxt ərzində yeni üzv qəbul edilməmişdi və təşkilatın yeganə yeni üzvü Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanın bura dəvət edilməsi böyük uğurdur. Təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Prezident İlham Əliyevin müsahibəsində dediyi kimi: “Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik”.
Azərbaycanın xarici siyasətlə bağlı digər önəmli nailiyyəti Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. Bu nadir hadisədir. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən Azərbaycan Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır”
Hazırda Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Ölkə ərazisindən keçən yüklərin sayı artır. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Hazırda Azərbaycan öz nəqliyyat infrastrukturunu genişləndirmək üçün fəal işlər görür.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

