Xocalıda soyqırımı qurbanlarının anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir
27-02-2026, 11:48

Artıq Xocalı soyqırımının törədilməsindən 34 il ötür. XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb, insanlıq adına qara ləkə kimi tarixə həkk olunub. Zaman keçdikcə Xocalı həqiqətləri daha aydın dərk olunur, bu hadisənin insanlığa qarşı törədilmiş ağır cinayət olduğu tarixi və hüquqi müstəvidə daha da möhkəmlənir.
Xocalı soyqırımına ilk siyasi və hüquqi qiymətin verilməsi müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz əbədiyaşar liderimizin prinsipial mövqeyi nəticəsində bu faciəyə obyektiv hüquqi-siyasi qiymət verilib, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün möhkəm təməl yaradılıb.
Sonrakı dövrlərdə Azərbaycan dövlətinin ardıcıl siyasəti, eləcə də Heydər Əliyev Fondunun təşəbbüs və fəaliyyəti sayəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində misilsiz işlər görülüb. Müxtəlif ölkələrdə təşkil olunan konfranslar, anım tədbirləri, sərgilər və informasiya kampaniyaları bu həqiqətlərin qlobal miqyasda yayılmasına əhəmiyyətli töhfə verib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımız, o cümlədən doğma Xocalımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu Zəfər, eyni zamanda, Xocalı qurbanları da daxil olmaqla, bütün şəhidlərimizin qisasının alındığını bütün dünyaya nümayiş etdirdi. Soyqırımı cinayətlərində iştirak etmiş bir qrup erməni separatçısının Azərbaycanda məhkəmə qarşısına çıxarılması isə ədalətin bərpasının və dövlət iradəsinin təntənəsidir.
Bu gün Xocalıda soyqırımı qurbanlarının əziz xatirəsinin ehtiramla anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir. Bu, eyni zamanda, hər birimizə Xocalı soyqırımına fərqli yanaşma ilə, tarixi Zəfərə aparan yolda sınmaz iradə və milli qürur nümayiş etdirmiş xalqın mənəvi dirənişinin simvolu kimi baxmaq imkanı yaradır.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev həmçinin bildirib ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Dövlətimizin başçısı qeyd edib: “Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”.
Tarixən xalqımıza qarşı törədilmiş qanlı cinayətlər, o cümlədən Xocalı soyqırımı heç zaman unudulmayacaq. Bu yaddaş milli kimliyimizin ayrılmaz hissəsinə və gələcək nəsillər qarşısında mənəvi məsuliyyətimizə çevrilib.
Bir daha Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, uca Allahdan onlara rəhmət diləyirik.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

