Venesuelada zəlzələdə ölənlərin sayı 100 minə çata bilər
Bu gün, 00:04

ABŞ Geoloji Xidməti (USGS) Venesuelada baş verən güclü zəlzələnin ağır humanitar nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirməsinə əsasən, Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 10 min ilə 100 min nəfər arasında ola bilər.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Qurumun açıqlamasında qeyd olunub ki, ölənlərin sayının 100 min nəfəri keçməsi ehtimalı təxminən 30 faiz təşkil edir.
Məlumata görə, çərşənbə günü Venesuelanın şimal sahillərində baş verən güclü zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olub. Bir sıra binaların zərər gördüyü, həmçinin Karakasdakı Simón Bolivar Beynəlxalq Hava Limanında da dağıntıların qeydə alındığı bildirilir.
Zəlzələnin episentri ölkənin ən iri neft emalı müəssisələrinin yerləşdiyi bölgələrdən birinin yaxınlığında – Montalban şəhərindən təxminən 30 kilometr şimal-qərbdə yerləşib. ABŞ Geoloji Xidmətinin son məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 olub. Daha əvvəl bu göstəricinin 7,1 olduğu bildirilmişdi.
Venesuelanın daxili işlər naziri Diosdado Kabello mümkün təkrar yeraltı təkanlar təhlükəsini nəzərə alaraq vətəndaşlara evlərini tərk etməyi və açıq ərazilərdə qalmağı tövsiyə edib.
Xilasetmə və qiymətləndirmə işləri davam edir. Hakimiyyət orqanları zərərçəkənlərin dəqiq sayı və infrastruktur itkiləri ilə bağlı məlumatların dəqiqləşdirildiyini bildirir. ABŞ Geoloji Xidmətinin təqdim etdiyi rəqəmlər isə hazırda yalnız ehtimal xarakterli proqnoz hesab olunur.

