ABŞ tarixinin ikinci ən böyük lotereya cekpotunu qazanan şəxsin kimliyi açıqlanıb
Bu gün, 11:58

ABŞ tarixində ikinci ən böyük "Powerball" cekpotu - 1.82 milyard dolların sahibi məlum olub. Məlumata görə, qalib Arkanzas ştatının Nort-Litl-Rok şəhərinin meri Terri Hartvikin kiçik qardaşıdır.
"Arkansas Democrat-Gazette" qəzeti xəbər verir ki, bu barədə məlumatı qalibin digər qardaşı Treysi Hartvik təsdiqləyib.
Qalib lotereya biletini 2025-ci il dekabrın 24-də Arkanzasın Kabot şəhərindəki yanacaqdoldurma məntəqələrindən birindən 30 dollara alıb. O, 10 rəqəm kombinasiyası üzrə mərc etsə də, uğuru ona ilk sıra gətirib.
Mükafatı yanvarın 5-də alan qalib adının açıqlanmamasını xahiş edib və 834.9 milyon dollarlıq birdəfəlik ödəniş variantını seçib. Vergilər çıxıldıqdan sonra o, ümumilikdə 565 milyon dollar əldə edib, 219 milyon dollar isə ABŞ Vergi Xidmətinə və Arkanzas Maliyyə Departamentinə ödənilib. Arkanzas qanunvericiliyinə görə, seçkili vəzifə tutan şəxsin qohumu olduğu üçün onun adının gizli saxlanılması müddəti altı ay ilə məhdudlaşdırılıb.
Qalibiyyətdən sonra əldə edilən mükafatın 18.1 milyon dollarının 3 faizi digər qardaşı Timotiyə, qalan hissəsi isə kənar şəxsə verilib.
Qeyd edək ki, 77 yaşlı mer Terri Hartvik son dövrlər adı ilə bağlı qalmaqallarla gündəmə gəlmişdi. O, Milad çıxışından sonra iki yeniyetməyə uyğun olmayan şəkildə toxunmaqda ittiham olunsa da, istintaq orqanları kifayət qədər sübut tapmadığı üçün ona qarşı cinayət işi açılmayıb. İttihamların məhz qardaşının lotereyada qalib gəldiyi dövrə təsadüf etməsi diqqət çəkib. 1985-1988-ci illərdə də mer olmuş Hartvik 2020-ci ildə yenidən, 2024-cü ildə isə rəqibsiz şəkildə üçüncü müddətə bu vəzifəyə seçilib.

