İtaliyada Coca-Colanın "əcdadı" ola biləcək sirli bir iksir tapıldı

Bu gün, 00:11           
İtaliyada Coca-Colanın "əcdadı" ola biləcək sirli bir iksir tapıldı
İtaliyada bir monastırın arxivində Boliviya koka yarpaqları və kola qozu əsasında hazırlanmış qədim müalicəvi eliksirin resepti aşkar edilib.

Qaynarinfo xəbər verir ki, "The Guardian"ın məlumatına görə, tapıntı məşhur "Coca-Cola" içkisinin mənşəyi ilə bağlı yeni müzakirələrə səbəb olub.

Florensiyadakı San-Marko monastırının rəhbəri ata Manuel Russo bildirib ki, o, monastırın qədim aptekinə aid arxivləri araşdırarkən saralmış reklam vərəqəsinə bənzər sənəd aşkarlayıb.

Sənəddə "bərpaedici şərab-eliksiri"nin (elisir vinoso ricostituente) resepti yer alır. Reseptə əsasən, 10 qram Boliviya koka yarpağı və 30 qram kola qozu şərabla qarışdırılırdı. Rahiblər bu içkini xəstəlik və ya qocalıqdan sonra bədən və zehni gücü bərpa edən tonik kimi satırdılar.

Sənəddə tarix göstərilməsə də, onun XIX əsrin sonlarına aid olduğu güman edilir. Həmin dövrdə missionerlərin Boliviyadan gətirdiyi koka yarpaqları İtaliyada geniş istifadə olunurdu. Bu, koka yarpaqlarının tərkibindəki alkaloid səbəbindən 1961-ci ildə beynəlxalq səviyyədə qadağan edilməsindən xeyli əvvəlki dövrə təsadüf edir.

Mütəxəssislər qeyd edirlər ki, resept 1886-cı ildə amerikalı əczaçı Con Pembertonun hazırladığı ilk "Coca-Cola" formuluna bənzəyir. Pemberton koka yarpağı və kola qozu ekstraktından şirin şərbət hazırlamışdı. ABŞ-da alkoqollu içkilərlə bağlı qanunvericilik səbəbindən o, reseptdə şərab əvəzinə qazlı sudan istifadə etmiş və sonradan bu içki "Coca-Cola"ya çevrilmişdi.

Tapıntıdan sonra bəzi İtaliya KİV-ləri məşhur içkinin əsl mənşəyinin ABŞ deyil, Florensiya ola biləcəyini irəli sürsələr də, ata Manuel Russo bu iddialara ehtiyatla yanaşır.

O bildirib ki, Con Pemberton özünəməxsus resept hazırlayıb və onun tərkibində alkoqol olmayıb. Russonun sözlərinə görə, həmin dövrdə İtaliya və Fransada koka yarpağı əsasında hazırlanan oxşar müalicəvi vasitələr kifayət qədər geniş yayılmışdı. O əlavə edib ki, San-Marko aptekinin sadəcə özünəməxsus resepti olub.

Məqalədə qeyd olunur ki, "Coca-Cola"nın mümkün sələfi hesab edilən digər məhsullardan biri də 1885-ci ildə İspaniyanın Valensiya şəhərində istehsal edilən "Kola Coca" adlı alkoqollu şərbətdir.

Arxivdə aşkar olunan digər sənədlər göstərir ki, Florensiyalı rahiblərin hazırladığı eliksir dövrünün ən populyar məhsullarından biri olub və qiyməti 2–6 İtaliya liri arasında dəyişib.

1436-cı ildə əsası qoyulan San-Marko monastırının apteki isə 1460-cı ildən fəaliyyət göstərir. Əvvəlcə ətraf ərazilərdə yaşayan aztəminatlı əhaliyə xidmət göstərən aptek 1995-ci ildə şəhərin başqa hissəsinə köçürülsə də, tarixi binası qorunub saxlanılıb.

Keçmiş aptek binasında XVII əsrdən qalan, tavandan asılmış timsah müqəvvası da bu günədək qalır. XIX əsrdə Avropa əczaçıları nadir və ekzotik maddələrə çıxışlarını nümayiş etdirmək üçün mağazalarında timsah və digər sürünənlərin müqəvvalarını asırdılar.

Russo arxivlərdə həmçinin təmiz oksigen, konyak və rektifikasiya olunmuş neft spirti ilə bağlı etiketlər də aşkar etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru