Tıxac, basabas olub, amma "get gips al" olmayıb - Buna da şükür...

Bu gün, 00:10           
Tıxac, basabas olub, amma "get gips al" olmayıb - Buna da şükür...
Sovetlər dağılandan sonra müstəqil Azərbaycanda, ölkəmizdə, vətənimizdə, canımız gözümüz olan məmləkətimizdə tetraskilinin belə pulla alındığı xəstəxanalarda, ayağı qırılmış birinə "gips üçün bint almaq lazımdır" deyə biləcək səhiyyə sistemimizdə hər şey inkişafa doğru sürətlə irəliləyir.
Təsəvvür edin ki, ayağınız qırılıb, ağrı içində xəstəxanaya yollanıb gips qoyulmasını istəyirsiniz... Həmşirə xanım da sizə deyir - "Gedin bint və gips alıb gəlin".
Ayağı qırıq birinə bunu necə demək olar? Bu, sadəcə məntiqin əlahəzrət yalanıdır - sizcə, ayağı qırıq birinə hansı həmşirə "gedin gips alın" deyər?
Mümkün deyil, Azərbaycanda heç deyil.
Ötən gün bir vətəndaşın ayağı qırılıb və tək ayağı ilə gedib Sabunçu Tibb Mərkəzinin Təcili Tibbi Yardım şöbəsinə ki, gipsə saldırsın.
Bir qədər haşiyəyə çıxım ki, onun ayağı qırılmaqla yanaşı, evi də yıxılıb. Aylarla oturacaq evdə, ayaqlar göydə, susuz, çörəksiz gözləyəcək ki, qırılmış ayağı sağalsın, çıxıb balalarına bir tikə əppək tapsın. Hələ ayaq tam sağalacaq, gips düz qoyulub, yoxsa yox - bu, sonra bilinəcək.
Sabunçu Tibb Mərkəzinin Təcili Tibbi Yardım şöbəsində deyiblər ki, "gips, bint yoxdur, get al gətir". Bu da şikayət edib mətbuata, ora-bura ki, qoymayın mənə gips aldırırlar. Hələ videoya çəkib paylaşıb... Bir növ o sınıq ayağı ilə, ağrı içində ictimai qınaq yaratmağa cəhd edib.
Uzun sözün qısası, görüblər alınmır, ordan-burdan bint, palçıq-filan tapıb bir təhər yola veriblər.
Bu video yayılandan sonra əlahəzrət TƏBİB-dən açıqlama verilib. Deyiblər ki, "həmin tarixdə şöbəyə daxil olan çox sayda müraciət səbəbindən bəzi tibbi ləvazimatların ehtiyatında müvəqqəti məhdudiyyət yaranıb. Pasiyentin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ona göstəriləcək zəruri tibbi xidmətin operativ şəkildə həyata keçirilməsi vacib olduğu üçün tibbi ləvazimatların bir hissəsi digər şöbədən təmin olunub. Bu zaman zərfində tibbi xidmətin təmin olunmasında fasilə yaransa da, vətəndaşa tələb olunan tibbi xidmət tam şəkildə icra olunub".
Yəni, tıxac, basabas olub, amma "get gips al" olmayıb, deyə TƏBİB-dən ərz ediblər.
Buna deyirlər- Şükür Allaha. Yaxşı ki, bir ayağı qırıq vətəndaşı aptekə göndərməyiblər, dəyib o biri ayağını da qırardı...
TƏBİB-dən verilən açıqlamanı bir neçə dəfə oxudum ki, bəlkə başqa məna, bir yüngülləşdirici hal və haqq qazandıra biləcək bir yer tapdım. Alınmadı, çünki açıqlamadan "vətəndaş düz deyir, gipsi, binti digərləri kimi özü almalı idi, amma bu, bir az cəld tərpənib şikayət edib, çıxış yolumuz qalmayıb" iyi gəlir.
Amma belə deməyiblər, deyiblər ki, "həmin tarixdə şöbəyə daxil olan çox sayda müraciət səbəbindən bəzi tibbi ləvazimatların ehtiyatında müvəqqəti məhdudiyyət yaranıb".
Tərslikdən həmin günü Bakıda onminlərlə adamın ayağı qırılıb, hamını da aparıblar Sabunçu Tibb Mərkəzinə gipsə salmağa... Buna inanmaq istəyirəm...
Bu, əvvəlki TƏBİB şefi Vüqar Qurbanovun, ondan əvvəlki Ramin Bayramlının və onlardan fərqli olaraq xəstəxanalarda baş həkim qoymayıb tum kimi çırtlayan, təp-təzə TƏBİB şefi Anar Bayramovun böyük uğurunun nəticəsidir.
Əvvəllər belə olmayıb, ayağın qırıq olsa da, "get gips al" deyirdilər. Anar Bayramov gələndən sonra həmin əlahəzrət söz dəyişib- hamısını al demirlər, yarısını al. Bu, böyük inkişafdır... Yavaş-yavaş inkişafa doğru gedirik. Əvvəllər deyirdilər hamısını al, indi deyirlər yarısı bizdən, yarısı da sizdən...
Bu, məncə, yeni TƏBİB şefi Anar Bayramovun apardığı təmizlik işlərinin böyük və fundamental nəticəsi sayılmalıdır. Alqışlamaq lazımdır...
Hələ bir məqam da var - Anar Bayramov Sabunçu Tibb Mərkəzinin baş həkimini də dəyişib, öz adamını qoyub və bu da məlum fərqə təsir göstərən amil sayılmalıdır. Yeni baş həkimi də alqışlayıram, yarı-yarı prinsipi yaxşı qırardı.
Biz inkişaf mərhələsində, inkişafın qapısının qarşısındayıq. Bir az dözməliyik, yəqin ki, bu dəyişiklik faizi 4-5 ildən sonra, Anar Bayramov yola salınandan, onu əvəzləyən yeni TƏBİB şefi zamanında bir qədər də artıb 50-60 faizə qalxacaq.
O da yəqin ki, bizim nəsil bunu görməyəcək, ölüb gedəcəyik o vaxta kimi... Yenə də yeni nəslin TƏBİB-dəki inkişaflardan dolayı gips, tetraskilin, pambıq almaq kimi məcburiyyətləri olmayacaq. Nəvələrimizin yerinə sevinirəm...
Bir də ki, ayağınızın altına baxın, hara gəldi özünüzü vurub ayağınızı qırmayın ki, TƏBİB-in xəstəxanalarında probka yaranmasın. İmkan verin, adamlar işlərini görsünlər. Bu qədər xəstələnmək olar? Yoldan keçən gedib ürəyini anju etdirir, ayağı sınan gipsə cumur, şəkəri olan dövlətdən dərman istəyir, təzyiqi olan Təcili Yardım çağırır..
TƏBİB şefi Anar Bayramov bu qədər işin öhdəsindən necə gəlsin?
Özünüzü idarə edin, adam hər şey üçün həkimə getməz, adam hər kiçik məqamda TƏBİB-ə müraciət etməz. Sizin TƏBİB-lə nə işiniz var axı? Ayağınız qırılıbsa taxta bağlayın, qarnınız ağrıyır çarfla bağlayın, ürəyiniz ağrıyırsa bu bir az çətin məsələdir - qəbiristanlıqda özünüzə yer tapın. Aydın oldu?
Müəllif
Ədil Hüseynov













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru