İt cəzalandırıldıqdan sonra sahibindən küsür? - Mütəxəssisdən maraqlı açıqlamalar

Bu gün, 16:34           
İt cəzalandırıldıqdan sonra sahibindən küsür? - Mütəxəssisdən maraqlı açıqlamalar
"Bir çox it sahibi ev heyvanını cəzalandırdıqdan sonra onun davranışını küsmək kimi qiymətləndirir. Lakin mütəxəssislərin sözlərinə görə, əslində it bu şəkildə stresə reaksiya verir və münaqişədən yayınmağa çalışır".

Bu barədə Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev "RIA Novosti"yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu, heyvanlara insana xas xüsusiyyətlərin aid edilməsi, yəni antropomorfizmin klassik nümunəsidir.

"İnsanlar əsəbiləşəndə ünsiyyətdən qaçır, otağı tərk edir və göz təmasından yayınırlar. Buna görə də bəziləri düşünür ki, itlər də eyni səbəbdən belə davranırlar. Halbuki onların davranışını insan davranışı ilə eyniləşdirmək düzgün deyil", - deyə Vladimir Qolubev bildirib.

Kinoloqun sözlərinə görə, itlər insanlar kimi inciklik hiss etmir, ədalətsizlik anlayışına malik olmur və qisas almağı planlaşdırmırlar. Sahiblərin "küsmək" kimi qəbul etdikləri davranış isə əslində qorxu və ya stresin əlamətidir.

Mütəxəssis bildirib ki, itin göz təmasından yayınması münaqişədən qaçmaq istədiyini göstərir. Çünki itlər birbaşa göz təmasını təhlükə kimi qəbul edə bilirlər. Əsnəmək, dodaqlarını yalamaq və başqa otağa keçmək cəhdləri də heyvanın gərginlik keçirdiyini və narahat vəziyyətdən uzaqlaşmaq istədiyini göstərən siqnallardır.

Vladimir Qolubev sahiblərin tez-tez yol verdiyi başqa bir səhvə də diqqət çəkib. Onun sözlərinə görə, arzuolunmaz davranış baş verdikdən xeyli sonra iti cəzalandırmaq düzgün deyil. Belə halda heyvan sahibinin narazılığını öz hərəkəti ilə əlaqələndirmir, sadəcə mənfi emosiyanı hiss edir. Bu isə itlə sahibi arasında etimadın zəifləməsinə və heyvanın insandan uzaqlaşmasına səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, arzuolunmaz davranışı düzəltməyin ən düzgün yolu cəza deyil. Bunun əvəzinə, düzgün davranış təşviq edilməli, it üçün təhlükəsiz, sabit və proqnozlaşdırıla bilən mühit yaradılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru