"Anthropic" öz çipini hazırlayır, "Nvidia"dan asılılığı azadldır
Bu gün, 16:44

Süni intellekt şirkəti “Anthropic” öz çiplərini hazırlamaq üçün yeni komanda yaratmağa başlayıb. Şirkət “Claude” süni intellekt modelinin daha sürətli və səmərəli işləməsi üçün xüsusi avadanlıq hazırlamağı planlaşdırır.
“Business Insider” tərəfindən yayılan məlumatı daha sonra “Anthropic” şirkəti “TechCrunch”a da təsdiqləyib.
Məqsəd daha sürətli və səmərəli süni intellektdir
“Anthropic” proqram təminatı ilə avadanlığı birlikdə inkişaf etdirərək süni intellekt modellərinin performansını artırmağı hədəfləyir. Bu yanaşma həm hesablama sürətini yüksəltməyi, həm də resurslardan daha səmərəli istifadəni təmin etməyi nəzərdə tutur.
Ötən ay yayılan xəbərlərdə şirkətin bu çiplərin istehsalı üçün “Samsung” ilə mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi bildirilmişdi.
Artan tələbat yeni investisiyalara səbəb olub
“Claude” modelinə marağın artması “Anthropic”i infrastruktur yatırımlarını genişləndirməyə sövq edib. Şirkət indiyədək süni intellekt avadanlıqlarına çıxış əldə etmək üçün “AWS”, “Google”, “Nvidia” və “AMD” ilə razılaşmalar imzalayıb.
Lakin artan tələbatı qarşılamaq üçün yalnız xarici tərəfdaşlara güvənməyin kifayət etmədiyi görünür. Buna görə də “Anthropic” öz avadanlığını hazırlayaraq proseslər üzərində daha çox nəzarət əldə etməyi planlaşdırır.
Rəqibləri də eyni yolu seçir
“Anthropic” bu istiqamətdə addım atan ilk şirkət deyil. “OpenAI” iyun ayında “Broadcom” ilə birlikdə hazırladığı “Jalapeño” adlı süni intellekt çipini təqdim edib. “Google DeepMind” uzun müddətdir “Alphabet” şirkətinin “TPU” prosessorlarından istifadə edir, “Meta” isə süni intellekt tapşırıqları üçün öz “MTIA” sürətləndiricilərini inkişaf etdirir.
“Anthropic” tərəfindən yayımlanan vakansiyalar da şirkətin planlarını təsdiqləyir. Elanlarda “xüsusi silikon komandası” üçün çip dizaynı sahəsində təcrübəli mühəndislər axtarıldığı qeyd olunur.
Bu komanda şirkətin yeni nəsil süni intellekt prosessorlarının hazırlanmasında iştirak edəcək.

