İran 2026: Etirazları tətikləyən iqtisadi-siyasi faktorlar və mümkün ssenarilər İ hissə
5-01-2026, 15:18

Giriş
2025-ci ilin son günlərindən etibarən başlayan və böyüməyə doğru gedən İran etirazları, 2022-ci ildə baş vermiş “Qadın, Həyat, Azadlıq!” hərəkatından sonra ümumölkə xarakteri alan növbəti hərəkata çevrilməkdədir. Tehran Böyük Bazarının və Ələddin bazarının tacirlərinin İran rialının dəyər itirməsinə etiraz olaraq tətil elan etməsi ilə başlayan çıxışlar bir neçə gün ərzində həm bütün ölkəni bürüdü, həm də beynəlxalq diskussiyalara təkan verdi. Hadisələrin ilk həftəsində etirazın miqyası İranın 31 ostanının 21-ni əhatə edir. Tehran və Təbriz universitetlərində təhsil alan tələbələr də daxil olmaqla 10 böyük şəhərdə tələbələrin hərəkata qoşulduğu bildirilir (Yildiz 2026). Etirazlar kütləvi həbslərlə müşahidə olunur. Müxtəlif insan hüquqları müdafiə qurumlarının bəyənatlarına əsasən, hazırda həbs edilən 90 nəfərin kimliyini müəyyənləşdirmək mümkün olub, 15 nəfərin isə Evin həbsxanasına köçürüldüyü bildirilir (Iran Intl. 2026). 6 nəfərin öldüyü deyilsə də, ölüm faktlarını təsdiqləmək və bu faktların miqyasını öyrənmək qeyri-mümkündür (BBC 2026). Həmçinin, İsraillə konfrontasiya sonrası İranda geniş tətbiq olunan presedent halını almış məhkəməsiz mühakimə halları saxlanılan şəxslərin taleyi ilə bağlı narahatlıq doğurur.
İranın rejimyönlü “Təsnim”, “Mehr”, IRNA kimi agentliklərinin xəbər lentinə nəzər yetirdikdə, ölkədə baş verən iğtişaşlarla bağlı verilən məlumatların olduqca məhdud olduğunu müşahidə etmək olur. IRNA-nın 2 yanvarda verdiyi xəbərdə etirazların “sivil” və “iqtisadi” xarakter daşıdığı və olub bitdiyi söylənilir (IRNA 2026a). Rəsmi xəbər agentliyinin digər məlumatında isə, Əlbürz əyalətində 14 nəfər “təlim görmüş və təşkilatlanmış terrorçu”nun Molotov kokteylləri və digər partlayıcıları hazırlayarkən yaxalandığı bildirilir (IRNA 2026b). Məhdud etiraz xəbərlərinin müqavilində bütün diqqətin ABŞ prezidenti Donald Trampın İran hökümətinin “etirazçılara atəş açacağı”, onları “öldürəcəyi” halda ABŞ-ın müdaxilə edəcəyinə dair “Truth Social” şəbəkəsində verdiyi açıqlamaya (Trump 2026) yönəldiyini müşahidə etmək olur. ABŞ-ın müdaxiləsinin baş verəcəyi təqdirdə regiondakı ABŞ bazalarının hədəf alınması da daxil olmaqla (Tasnim 2026) İranın potensial hərbi cavabları diqqət mərkəzinə gətirilir.
2026-cı il çıxışları İsraillə 12 günlük müharibə sonrası güclənən avtoritar konsolidasiya və iqtisadi böhranın birgə yaratdığı mənzərədə baş verir. Ona görə də, üsyanın arxasındakı hərəkətverici səbəbləri araşdırmaq üçün bu iki faktora müraciət etmək lazımdır.
Khar Center bu analizində hazırki etirazları doğuran mümkün determinantları incələyir. Həm İsraillə konfrontasiya sonrası İranda nələrin dəyişdiyini, həm də bu konfrontasiyanın motivasiya etdiyi “snapback” (“sanksiyaların bərpası”) mexanizminin və sanksiyaların İran iqtisadiyyatına təsirini tədqiq edir.
Analizin sualı: İranda narazılıqları tətikləyən siyasi və iqtisadi faktorlar nələrdir? Bu siyasi və iqtisadi parametrlərlə İranın gələcək inkişaf ssenariləri nələrdir?
Etirazların iqtisadi vəziyyətlə əlaqəsi
Pəhləvi rejiminə qarşı istifadə ilə populyarlaşmış, klassik “Mərg bər diktator” (“Diktatora ölüm”) şüarı ilə yanaşı işlənən indiki şüarlara baxdığımızda onların açıq iqtisadi tələblərə əsaslandığını görmək olar. İranın rəsmi valyutası rialın ABŞ dolları ilə müqayisədə real mübadilə dəyərinin son 8 ildəki göstəricilərinə baxsaq, onun 21 dəfədən çox dəyər itirdiyini müşahidə edə bilərik (Qrafik 1). Rialın İran bazarındakı həqiqi dəyərini göstərən “Bonbast” portalına nəzər yetirdiyimizdə görərik ki, əgər 2018-ci ilin mayın 8-də 1 ABŞ dolları 64 500 rial təşkil edirdisə, hazırda bu göstərici 1350500-dür (Bonbast 2026).
Müqayisə üçün 8 may 2018-ci il tarixini seçməyimiz təsadüfi deyil. Belə ki, məhz həmin ərəfədə ABŞ birtərəfli qaydada İranın nüvə proqramının müzakirə olunduğu diplomatik çərçivəni - Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) tərk etdiyini açıqladı və İrana qarşı “maksimum təzyiq” kampaniyasına başladı (Aksüt 2020). 7 avqust 2018-ci ildə sanksiya paketinin birinci mərhələsi həyata keçirildi: İranın dəyərli metallar və qızıl ticarəti, nəqliyyat vasitələri sektoru, İran rialı ilə həyata keçirilən tranzaksiyalar hədəfə alındı. Paketin ikinci mərhələsi isə 5 noyabr 2018-ci ildə qüvvəyə mindi: Zərbə enerji və neft sektoru, dəniz yolu ilə daşmalara və bank sektoruna dəydi (Hannah 2021). Neft sektoruna tətbiq olunan sanksiyalar dərhal effekt verdi. 2018-ci ilin əvvəllərində həcmi təqribən 50.82 milyard ABŞ dolları olan İran neft ixracı 1 ildə dramatik şəkildə təqribən 16.85 milyarda, iki ildə isə 6.01 milyarda düşdü (TradeIMEX 2025) (Qrafik 2).
Qrafik 1. İran rialının ABŞ dollarına nisbətdə daxili bazar qiyməti. (İllər üzrə) ( © Bonbast.com)

Sonrakı illərdə Çinə ixracatın artırılması səbəbilə göstərici artan pozitiv trend nümayiş etdirsə də (Qrafik 2), “maksimum təzyiq” davam edən digər daxili və xarici faktorlarla kompleks şəkildə İran valyutasının etibar itirməsinə səbəb olan amillərdən birinə çevrildi. Rialın etibarsızlaşmasının digər xarici faktoru yuxarıda qeyd olunan Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) tarixi dinamikasıdır. Müxtəlif periodlarda diplomatik danışıqların gedişatının yaratdığı alqılar İran rialına dramatik təsir göstərmişdir.
İranın nüvə proqramı ilə bağlı 2013-cü ildə bərpa olunan danışıqlar 2014-cü ilin iyulun 14-də Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və İranın iştirakı, İran nüvə proqramı üzrə diplomatik danışıqların moderatorluğuna üstlənmiş E3 qrupunun (Böyük Britaniya, Almaniya və Fransa) mediasiyası ilə nəticəyə gəldi: Birgə Hərtərərli Fəaliyyət Planı (BHFP) imzalandı (Council of the European Union 2025a). Fəaliyyət Planı tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə paralel olaraq İran üzərinə qoyulmuş sanksiyaların aradan qaldırılmasını hədəfləyirdi. 2025-ci ildə İsraillə qarşıdurma və ABŞ-ın İranın nüvə müəssisələrini hədəf almasından sonra İranın Beynəlxalq Nüvə Agentliyi ilə əməkdaşlığı dayandırması E3 ölkələrinin “snapback” mexanizmini işə salması ilə nəticələndi (UK Government 2025). Beləliklə, 2025-ci ilin sentyabrından etibarən, 2006-2010-cu illərdə tətbiq olunmuş bütün BMT sanksiyaları yenidən işlək oldu. BHFP-in iflası və “snapback” mexanizminin işə düşməsi ilə bütün BMT sanksiyalarının bərpası İran rialının dirçələ biləcəyi ilə bağlı ümidləri öldürür.
Bunun ardınca, Avropa İttifaqı Şurası 29 sentyabrda yaydığı press-relizdə, İran üzərinə əlavə məhdudlaşdırıcı tədbirlərin həyata keçiriləcəyini bildirdi (Council of the European Union 2025b). Məhdudlaşdırıcı tədbirlər aşağıdakılardır:
Fərdlərə qarşı səyahət qadağaları, fərdlər və qurumlar üzrə aktivlərin dondurulması, habelə bu çərçivədə siyahıya alınmış şəxslərə və qurumlara vəsaitin və ya iqtisadi resursların təqdim edilməsinə qadağa;
İqtisadi və maliyyə sanksiyaları, o cümlədən ticarət, maliyyə və nəqliyyat sektorlarını əhatə edən məhdudiyyətlər;
Xam neft, təbii qaz, neft-kimya və neft məhsullarının idxalı, alınması və daşınması, eləcə də bu fəaliyyətlərlə bağlı xidmətlərin göstərilməsinə qoyulan qadağa;
Enerji sektorunda istifadə olunan əsas avadanlıqların satışı və ya təchizatının dayandırılması;
Qızıl, digər qiymətli metallar və almazların satışı və ya təchizatının dayandırılması;
Müəyyən dəniz (hərbi) avadanlıqlarının satışına qoyulan qadağa;
Müəyyən proqram təminatlarının satışına və ya təchizatına qadağa;
İran Mərkəzi Bankının və iri İran kommersiya banklarının aktivlərinin yenidən dondurulması;
İran yük reyslərinin Aİ hava limanlarına girişinin qarşısının alınması;
Qadağan edilmiş material və ya malları daşıyan İran yük təyyarələrinə və gəmilərinə texniki xidmət və servis göstərilməsinə qadağa.
Neft hasilatından gələn gəlirlərin, neft dollarlarının pozitiv trend göstərməsinə baxmayaraq, İran rialı zəifləməyə davam edir. Belə ki, ixrac olunan neftin böyük hissəsi bazar qiymətindən aşağı, endirimlərlə satılır və ya barter edilir, ödənişlər isə tez-tez gecikir, xaricdəki nəzarətli hesablarda dondurulur. Üstəlik, bu gəlirlər İranın bank sisteminə sərbəst şəkildə daxil olmur və ölkə daxilində likvid sərt valyuta təklifi yaratmır.
Hətta İran neft satışından gəlir əldə etdikdə belə, bu vəsait üzərində sərbəst maliyyə nəzarəti təmin edə bilmir. Pulların əhəmiyyətli hissəsi Çin, İraq və digər ölkələrdə eskrou və ya məhdud istifadə rejimli hesablarda saxlanılır. Bu vəsaitlər yalnız əvvəlcədən təsdiqlənmiş idxal əməliyyatları üçün istifadə oluna bilir və açıq valyuta bazarına yönləndirilmir. İran Mərkəzi Bankı bu ehtiyatlardan rialın müdafiəsı, bazara müdaxilə və ya valyuta gözləntilərini stabilləşdirmək üçün istifadə imkanından məhrumdur. Beləliklə, rial faktiki olaraq davamlı valyuta qıtlığı şəraitində “üzən” vəziyyətdə qalır.
Qrafik 2. İranın neft ixracı dəyəri (illər üzrə) (ABŞ dolları ilə) (dаta: TradeIMEX)

Dövlət xərclərinin maliyyələşdirilməsi əsasən pul emissiyası, daxili borclanma və müxtəlif kvazi-fiskal institutlar vasitəsilə həyata keçirilir ki, bu da öz növbəsində inflyasiyanı dərinləşdirir və rialın alıcılıq qabiliyyətini zəiflədir. İnflyasiyanın yüksəlməsi isə açıq bazarda xarici valyutaya tələbi artıraraq milli valyuta üzərində təzyiq yaradır.
İranda tətbiq olunan çoxsəviyyəli məzənnə sistemi də maliyyə etimadını ciddi şəkildə zədələməkdədir. Paralel mövcud olan rəsmi, yarırəsmi və azad bazar məzənnələri arbitraj imkanlarını genişləndirir, müəyyən qruplara qeyri-rəsmi üstünlüklər qazandırır, əhalini isə milli valyutada yığım aparmaqdan çəkindirir. Həm ailələr, həm də biznes subyektləri əmanətlərini dollara, qızıla və ya daşınmaz əmlaka yönəltməyə üstünlük verir. Bu halda rial dəyər saxlayan vasitə kimi deyil, riskli və tez dəyər itirən aktiv kimi qəbul olunur.
Valyuta məzənnələri həm də gələcəyə dair gözləntilərlə formalaşır. Maliyyə bazarları sanksiyaların uzunmüddətli qalacağını, siyasi qeyri-müəyyənliyin davam edəcəyini, regional eskalasiya risklərini və inandırıcı iqtisadi islahat yolunun olmamasını “düşünür”. Bu səbəbdən, neft hasilatı və ixracı ilə bağlı müsbət xəbərlər belə gözləntiləri dəyişmir və rial üzərindəki təzyiqi aradan qaldırmır.
2000-ci illərdə neft gəlirləri İran üçün milli valyutanın sabitliyini qoruyan əsas amillərdən biri idi. Həmin dövrdə ölkə beynəlxalq bank sisteminə çıxışa malik idi, valyuta ehtiyatlarını hərəkət etdirə bilir və fiskal tamponlardan yararlanırdı. Bu gün isə vəziyyət köklü surətdə fərqlidir. İranın nefti var, lakin bu neftdən əldə olunan gəlirlər üzərində monetar suverenliyi yoxdur. Sanksiyalar valyuta dövriyyəsini blokladığı müddətcə neft hasilatı qrafiklərdə sabit görünə bilər, lakin rialın dəyərdən düşməsi struktur xarakter daşımağa davam edəcək.
kharcenter.com
ardı var

