İran 2026: Etirazları tətikləyən iqtisadi-siyasi faktorlar və mümkün ssenarilər İİ hissə
5-01-2026, 15:38

Siyasi determinant: 12 günlük müharibənin təsirləri və artan konsolidasiya
İran və İsrail arasında onilliklər boyu davam edən "kölgə müharibəsi"nin 13-24 iyun tarixlərində baş vermiş 12 günlük birbaşa hərbi qarşıdurma ilə əvəzlənməsi ilə İranın daxili idarəetmə strukturunda, ideoloji əsaslarında və regional strateji planlarında köklü dəyişikliklər yaratdı. Bu dəyişikliklər o qədər güclü oldu ki, İran dövləti öz təhlükəsizlik paradiqmasını yenidən inşa edərək "Proaktiv Təhlükəsizlik Doktrinası"na keçid etdi (Toğa 2025).
İsrailin “Mitva Am ke-Lavi” (“Aslan kimi xalqın hakimiyyəti”) əməliyyatı İranın ən həssas nöqtələrinə - nüvə infrastrukturuna, komanda-nəzarət mərkəzlərinə və elit hərbi heyətinə ağır zərbə vurdu. İsrailin müttəfiqi kimi konfrontasiyaya qoşulan ABŞ-ın həyata keçirdiyi hava zərbələri Nətənz və Fürdovdakı yeraltı obyektləri, habelə raket anbarlarını sıradan çıxardı (Golkar 2025) (Xəritə 1). İran rəsmiləri bəzi hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini və onların yerli sistemlərlə əvəzləndiyini daha sonra etiraf etdilər (Toğa 2025) (Xəritə 2).
Xəritə 1. İranın bəzi nüvə obyektləri.

Sıradan çıxmış texniki infrastrukturla yanaşı İran hərbi rəhbərliyi önəmli simalarını da itirdi. Baş Qərargah rəisi Məhəmməd Bağıri, SEPAH-ın baş komandanı Hüseyn Salami və kəşfiyyat təşkilatının rəhbərliyi də daxil olmaqla 30-dan çox yüksək rütbəli komandir, onlarla nüvə alimi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüzlərlə personalı öldürüldü (Golkar 2025). Bu miqyasda kadr itkisinin baş verməsi rejimin komanda-nəzarət zəncirində ciddi çətinliklər yaratdı, dövlət aparatını "potensialın bərpası” dövrünə girməyə məcbur etdi (Toğa 2025).
İranın 900-ə yaxın ballistik raket və 1000-dən çox dronla həyata keçirdiyi ən böyük hücum kampaniyası İsrailin texnoloji üstünlüyü qarşısında boşluqlarını ortaya çıxardı və Tehranı raket/PUA istehsal-paylama sistemini yenidən qurmağa sövq etdi (Golkar 2025; Toğa 2025). Qarşıdurmanın “daxili cəbhədəki” əks-sədası isə özünü daha sərt idarəetmə, institusional mərkəzləşmə və cəmiyyətin total nəzarət altına alınması şəklində büruzə verdi (Toğa 2025).
Təkcə 12 günlük müharibə zamanı İran hakimiyyəti 21 000-ə yaxın insanı "şübhəli" qismində həbs edib və çoxunu İsrailə kəşfiyyat məlumatları ötürməkdə ittiham edib (Al Jazeera 2025, 3). Yeddi nəfər casusluq ittihamı ilə edam olunub (Al Jazeera 2025).
Müharibə zamanı qərar qəbulu mexanizmlərinin dağınıqlığı ortaya çıxdı və bu Tehranı idarəetmədə mərkəzləşməyə getməyə məcbur etdi. Ali rəhbər Xameneinin təsdiqi ilə prezidentin rəhbərliyi altında hərbi, siyasi və iqtisadi potensialı sinxronlaşdırmaq məqsədi daşıyan “Müdafiə Şurası” təsis edildi (Toğa 2025). Eyni zamanda, mərkəzi komandanlığın iflası ilə ortaya çıxa biləcək fors-major halında icraedici səlahiyyətlər əyalət qubernatorlarına və SEPAH-ın yerli bölmələrinə ötürüldü (Golkar 2025).
Xəritə 2. İranın bilinən müdafiə infrastrukturu.

Postmüharibə dövrü həmçinin əfqan miqrantlara qarşı kütləvi kampaniya ilə yadda qalıb. Yarım milyona yaxın əfqan sürətli şəkildə deportasiya edildi (Al Jazeera 2025). Polisin apardığı yoxlamalar zamanı miqrantların telefonlarında kəşfiyyat xarakterli məlumatların aşkar olunduğu iddia edilsə də (Al Jazeera 2025), bu iddiaları doğrulamaq qeyri-mümkündür. Bu kampaniya həmçinin iqtisadi böhran yükünün azaldılması, Tehranın Suriya planlarının alt-üst olması ilə də bağlı ola bilər.
Prezident Məsud Pezeşkian hökuməti müharibədən sonra cəmiyyəti sakitləşdirmək üçün bəzi sosial yumşalmalar təklif etsə də, SEPAH və sərt xətt tərəfdarları buna kəskin müqavimət göstərməkdədirlər (Motamedi 2025). Beləliklə, dövlət daxilində "islahat" tərəfdarları ilə "mühafizəkarlıq" tərəfdarları arasında dərin konfrontasiya qalmaqdadır (Motamedi 2025).
İran müharibədən sonra yalnız müdafiədə qalan deyil, həm də təhdidləri kənarda qarşılayan bir xəttə keçid etmək istəyir (Toğa 2025). “Hizbullah” və HƏMAS-ın ağır zərbələr alması İranın vəkalət strategiyasının kövrəkliyini üzə çıxardı ki, bunun müqabilində 2025-ci ilin iyulunda Bağdadda “Hizbullah”, HƏMAS, husilər və “Həşdi Şabi” nümayəndələrinin iştirakı ilə koordinasiya toplantıları keçirildi (Toğa 2025). Məqsəd, kritik lojistik arteriyaları mümkün qədər bərpa etməkdir (Toğa 2025).
Müharibə zamanı Qərb texnologiyalarından asılılığın risklərini görən İran, Çin və Rusiya ilə münasibətlərini inkişaf etdirir. Xüsusilə, ABŞ-ın idarə etdiyi GPS sisteminə alternativ olaraq Çinin "BeiDou" naviqasiya sisteminə keçid prosesi sürətləndirilib (Toğa 2025). Eyni zamanda yeni hava hücumundan müdafiə sistemlərinin (HQ-9B iddiaları daxil olmaqla) tədarükü və hərbi təlimlər gündəmə gəlib (Toğa 2025).
Rejim inqilabi legitimliyinin sarsılmasını kompensasiya etmək üçün dini ritorika ilə İran millətçiliyinə müraciət etməyə başladı. Araş Kamangir kimi qədim miflərin raket proqramı ilə əlaqələndirilməsi cəmiyyəti xarici düşmənə qarşı birləşdirmək üçün millətçi narrativ yaratmaq məqsədi daşıyır (Golkar 2025). Narrativin bu cür qurulması, beynəlxalq mediada üzə çıxarılmasına baxmayaraq yerli ictimai rəydə birmənalı qarşılanmayan, “Pəhləvi” soyadı götürmüş hərbi-uzurpator rejimin davamçılarının fars millətçiləri arasında nüfuz qazanmasına qarşı da əks-strategiya kimi düşünülə bilər.
Növbədə nə var?
Bir neçə gündür davam edən, ölüm və həbslərlə müşayiət olunan İran etirazlarını tətikləyən faktorların davamlı qalacağını gözləmək olar, aksiyaların davam edib-etməyəcəyindən asılı olmayaraq. İran dərin maliyyə, su və bu su böhranından qaynaqlanan enerji böhranı yaşamaqdadır. İranın maliyyə böhranı, həm daxildəki siyasi etibarlılıq, həm də beynəlxalq siyasi mövqeyi ilə sıx bağlıdır. Praktika siyasi determinantların İran iqtisadiyyatına nəhəng təsir göstərdiyini deməyə əsas verir. Hətta neft gəlirlərinin artması belə İran rialını qurtara bilmir, çünki rejim məzənnəni tənzimləmək imkanlarından məhrumdur. Bununla yanaşı, İran-İsrail və İran-ABŞ münasibətləri kəskin olaraq qalır və yeni qarşıdurmanın baş verməsi mümkündür. Belə olan təqdirdə növbədə nəyin olduğunu bir neçə ssenaridə nəzərdən keçirə bilərik. Bundan öncə isə qeyd etməliyik ki, istənilən ssenari İran rejimi üçün yüksək risk vəd edir:
1. Yeni konfrontasiya olarsa. Baş verəcək yeni konfrontasiya İranı daha dərin böhrana sürükləyə bilər. 12 günlük müharibə sonrası Çinlə əməkdaşlıq hesabına İranın hərbi potensialını artırmaq cəhdlərini görsək də, raket/PUA sisteminin nə dərəcədə bərpa olunduğunu söyləmək çətindir. Bundan əlavə, 12 günlük müharibə İranın hava hücumundan müdafiə sisteminin olduqca geri qaldığını açıq şəkildə göstərdi. Rəqiblərin aqibətindən asılı olmadan, bu ssenari hazırki mərhələdə İran üçün geridönməz proses başlada bilər.
Lakin, bu cür konfrontasiya halında dərinləşə biləcək iqtisadi böhranın sosioloji tərcüməsinin necə olacağını demək çətindir. Bu ssenaridə rejim şiə məzhəbinin narrativlərinə əsasən özünün məzlum imicini çox rahatlıqla möhkəmləndirə, ictimai dəstəyini artıra da bilər.
2. Yeni konfrontasiya olmazsa: Trampın “etirazçılara dəstək” açıqlamasına rəğmən ABŞ müttəfiqi İsrailin yeni münaqişəyə hazır olub olmadığı da mübahisələndirilə bilər. İranın 12 günlük müharibədə İsrailə təsirləri minimum olsa da, bu hücumlar İsrail cəmiyyətində qorxu mühiti yarada bildi. Yeni konfrontasiya olmazsa, İran rejiminin məzlum imicini möhkəmləndirə bilməcəyini demək olar, əksinə, onun proksilərinə dəstəyinin etirazçılar tərəfindən tənqidə tuş gəldiyini görmək mümkündür. Buna rəğmən, artan avtoritar konsolidasiya və nəzarətin müqabilində etirazların təşkilati quruluşunun zəif olması inqilab ssenarisinə mənfi təsir göstərə bilər.
3. Qərblə diplomatiyanın bərpası: Bu ssenari İran üçün ən arzuolunan ssenaridir. Belə ki, hazırki şərtlərdə İranın həm təhlükəsizlik qayğılarını azaltmaq, həm də iqtisadi böhranını yumşaltmaq yalnız bu cür mümkündür. Lakin, bu ssenari hazırda həm daxili, həm də xarici faktorlara əsasən ən az real olanıdır. Avtoritar konsolidasiyanın baş verdiyi, idarəçilikdə mühafizəkar hərbi elitanın nüfuzunun artdığı halda İranın diplomatiyaya açıla biləcəyi ehtimalı azdır. Həmçinin, buraya İsrailin İrana qarşı daha sərt mövqedə dayandığını da əlavə etmək lazımdır.
4. Regional əməkdaşlıq: Müharibə sonrası İranın qonşu dövlətlərlə əlaqələri yaxşılaşdırmaq cəhdlərini gördük. Bu, həm iqtisadi dayanıqlılıq üçün cəhd kimi, həm də mümkün yeni konfrontasiya halında rəqiblərin manevr imkanlarını azaltmaq məqsədi daşıya bilər. Bu ssenari hazırda baş versə də, İrana böhran vəziyyətindən çıxmaq üçün təcili həllər verməyəcək.
Nəticə
Analiz “İranda narazılıqları tətikləyəcək siyasi və iqtisadi faktorlar nələrdir? Bu siyasi və iqtisadi parametrlərlə İranın davamiyyət ssenariləri nələrdir?” suallarını cavablayaraq müəyyən nəticələrə gəldi. Yazıda etirazları birbaşa motivasiya edən rəsmi valyutanın dəyər itirməsinin xarici siyasi faktorların əlaqəli olduğu təsvir olundu. Belə ki, hətta neft gəlirlərinin artdığı vəziyyətdə belə İranın daxili iqtisadiyyatı tənzimləmək imkanları məhduddur. İllərlə formalaşan vətəndaş etimadsızlığı struktural səbəblərlə yanaşı İran böhranını biraz daha dərinləşdirir.
İsraillə konfrontasiyanın davam edən nəticələrinin böhrana təsiri danılmazdır. Bunun üzərinə, E3 qrupu tərəfindən işə salınan “snapback” mexanizminin təsirlərinin də əndazəsiz olacağını təxmin etmək mümkündür. Yuxarıda qeyd olunan struktural məhdudiyyətlərin fonunda İranın böhranın təsirlərini azalda biləcəyinin mümkünlüyü olduqca azdır. Qısacası, ceteris paribus hər şey daha çox pisə doğru gedəcək. Dəyişən iqlim, su və enerji böhranı iqtisadi böhrana əlavə dəyər qatacaq.
Böyüyəcək böhranın humanitar nəticələrinin ağır olacağını və bunun kollaps ssenarisi də daxil olmaqla siyasi nəticələr vermək ehtimalı var. Dərinləşən böhranın humanitar, siyasi və qonşu regionlara təsirini qavramaq temporal müşahidə tələb edir.
İstinadlar:
Aksüt, Fahri. 2020. “Timeline: US-Iran Tension Since Collapse of Nuke Deal.” Anadolu Agency, January 8, 2020. https://www.aa.com.tr/en/middle-east/timeline-us-iran-tension-since-collapse-of-nuke-deal/1697001.
Al Jazeera. 2025. “Iran Says It Arrested 21,000 ‘Suspects’ During 12-Day War With Israel-US.” Al Jazeera, August 12, 2025. https://www.aljazeera.com/news/2025/8/12/iran-says-it-arrested-21000-suspects-during-12-day-war-with-israel-us.
BBC. 2019. “Six Charts That Show How Hard US Sanctions Have Hit Iran.” BBC News, December 9, 2019.https://www.bbc.com/news/world-middle-east-48119109.
BBC. 2026. “Deadly clashes between protesters and security forces as Iran unrest grows
” BBC News, January 2026. https://www.bbc.com/news/articles/c36810pkz96o.
Bonbast. 2026. “(USD/IRR) US Dollar to Rial Rate – Graph/Chart.” Bonbast.com. Accessed January 2026. https://bonbast.com/graph. Bonbast provides live and historical free-market exchange rates for the Iranian rial (in tomans) and charts showing sell, buy, average, maximum, and minimum values.
Council of the European Union. 2025a. Timeline of Measures Targeting Nuclear Proliferation Activities — Sanctions Against Iran. Accessed December 2025. https://www.consilium.europa.eu/en/policies/sanctions-against-iran/timeline-measures-targeting-nuclear-proliferation-activities/#:~:text=Council%20Regulation%20(EU)%202015/,Plan%20of%20Action%20(JCPOA).
Council of the European Union. 2025b. “Iran Sanctions Snapback: Council Reimposes Restrictive Measures.” Press release, September 29, 2025. https://www.consilium.europa.eu/en/press/press-releases/2025/09/29/iran-sanctions-snapback-council-reimposes-restrictive-measures/.
Golkar, Saeid. 2025. “Humiliation and Transformation: The Islamic Republic After the 12-Day War.” Foreign Policy Research Institute, October 30, 2025. https://www.fpri.org/article/2025/10/humiliation-and-transformation-the-islamic-republic-after-the-12-day-war/.
Hanna, Andrew. 2021. “Sanctions 5: Trump’s ‘Maximum Pressure’ Targets.” The Iran Primer (United States Institute of Peace), March 3, 2021. https://iranprimer.usip.org/blog/2021/mar/03/sanctions-5-trumps-maximum-pressure-targets.
Motamedi, Maziar. 2025. “Iran Grapples Over Social Freedoms After War With Israel.” Al Jazeera, November 1, 2025. https://www.aljazeera.com/news/2025/11/1/iran-grapples-over-social-freedoms-after-war-with-israel.
Tasnim News Agency. 2026. قالیباف: مراکز و نیروهای آمریکا در منطقه هدف مشروع ما هستند [Qalibaf: U.S. Centers and Forces in the Region Are a Legitimate Target]. Tasnim News, January 2, 2026. https://www.tasnimnews.com/fa/news/1404/10/12/3486369/%D9%82%D8%A7%D9%84%DB%8C%D8%A8%D8%A7%D9%81-%D9%85%D8%B1%D8%A7%DA%A9%D8%B2-%D9%88-%D9%86%DB%8C%D8%B1%D9%88%D9%87%D8%A7%DB%8C-%D8%A2%D9%85%D8%B1%DB%8C%DA%A9%D8%A7-%D8%AF%D8%B1-%D9%85%D9%86%D8%B7%D9%82%D9%87-%D9%87%D8%AF%D9%81-%D9%85%D8%B4%D8%B1%D9%88%D8%B9-%D9%85%D8%A7%D8%B3%D8%AA.
Toğa, Oral. 2025. 12 Günlük Çatışma Sonrası İran: Proaktif Güvenlik Doktrinine Geçiş. İRAM Center, September 12, 2025. https://www.iramcenter.org/uploads/files/12_Gu%CC%88nlu%CC%88k_C%CC%A7atis%CC%A7ma_Sonrasi_I%CC%87ran_Proaktif_Gu%CC%88venlik_Doktrinine_Gec%CC%A7is%CC%A7.pdf.
TradeIMEX. 2025. Iran Oil Export Data by Country and Production Stats. TradeIMEX blog. Accessed January 2026. https://www.tradeimex.in/blogs/iran-oil-export-data-by-country-and-production-stats.
Trump, Donald J. 2026. Truth Social, January 2, 2026. In this post, Trump warned that if Iranian authorities “shoot and violently kill peaceful protesters, which is their custom,” the “United States of America will come to their rescue” and asserted the U.S. was “locked and loaded and ready to go. https://truthsocial.com/@realDonaldTrump/115824439366264186.
Iran Intl. 2026. “ادامه بازداشتها در ایران؛ ههنگاو: هویت بیش از ۹۰ نفر را شناسایی کردهایم [Continued Arrests in Iran; Hengaw: Identities of More Than 90 People Identified].” Iran Intl, January 2, 2026. https://www.iranintl.com/202601020751.
Islamic Republic News Agency (IRNA). 2026a. “سخنگوی پلیس: اعتراضات اخیر ماهیت اقتصادی و مدنی داشت/ اجازه سوءاستفاده و ناامنی داده نشد [Police Spokesperson: Recent Protests Were Economic and Civil in Nature; No Permission for Exploitation and Insecurity].” IRNA, January 2, 2026. https://www.irna.ir/news/86043034/%D8%B3%D8%AE%D9%86%DA%AF%D9%88%DB%8C-%D9%BE%D9%84%DB%8C%D8%B3-%D8%A7%D8%B9%D8%AA%D8%B1%D8%A7%D8%B6%D8%A7%D8%AA-%D8%A7%D8%AE%DB%8C%D8%B1-%D9%85%D8%A7%D9%87%DB%8C%D8%AA-%D8%A7%D9%82%D8%AA%D8%B5%D8%A7%D8%AF%DB%8C-%D9%88-%D9%85%D8%AF%D9%86%DB%8C-%D8%AF%D8%A7%D8%B4%D8%AA-%D8%A7%D8%AC%D8%A7%D8%B2%D9%87-%D8%B3%D9%88%D8%A1%D8%A7%D8%B3%D8%AA%D9%81%D8%A7%D8%AF%D9%87.
Islamic Republic News Agency (IRNA). 2026b. “Iran Arrests 14 Members of an Organized Explosives Production Network in Alborz Province.” IRNA English, January 2, 2026. https://en.irna.ir/news/86042590/Iran-arrests-14-members-of-an-organized-explosives-production.
UK Government. 2025. E3 Joint Statement on Iran: Activation of the Snapback. GOV.UK, September 29, 2025. https://www.gov.uk/government/news/e3-joint-statement-on-iran-activation-of-the-snapback.
Yildiz, Guney. 2026. “Iran Rial Crashes to 1.44 Million; First Death Confirmed in Kuhdasht as Bazaar Breaks with the Regime.” Forbes, January 1, 2026. https://www.forbes.com/sites/guneyyildiz/2026/01/01/iran-rial-crashes-to-144-million-first-death-confirmed-in-kuhdasht-as-bazaar-breaks-with-the-regime/.
SON
kharcenter.com
TEREF

