İranda nə baş verir? (II YAZI)

8-01-2026, 09:16           
İranda nə baş verir? (II YAZI)
Birinci yazımızda İranda baş verən hadisələrin təməl səbəblərini sıraladıq. Bu yazımızda isə İrandakı hadisələrin hara qədər inkişaf edəcəyi ilə bağlı olacaq.

Hazırda İran keçirilən aksiyalar iri meqapolisləri əhatə etmir. Təbriz, Tehran və İsfahan kimi üç strateji şəhərdə nisbi sakitlikdir. Lakin bunun uzun zaman davam edəcəyi də gözlənilmir.

Kiçik şəhərlərdə baş verən aksiyaların mahiyyətində isə yeni bir format diqqəti çəkir. Məsələn, İlam və Kərəc şəhərlərində etiraz aksiyaları zamanı dövlət qurumlarının ələ keçirilməsi yeni tendensiyadır. Eyni zamanda, bu, İranda etirazların təməlində təkcə sosial və iqtisadi deyil, siyasi məsələnin də dayandığını isbatlayır.

Bu gün hadisələrin yayılma arealına diqqət etsək, bunun əsasən cənub, cənubi qərb əyalətlərini əhatə etdiyini görə bilərik. Bu bölgələrdə daha çox etniklər yaşayır. Məsələn, İlam vilayətində kürdlər üstünlük təşkil edir. Şiraz və Məşhəddə isə farslar dominant olsa da, türkəmənlərin də varlığı sirr deyil. Yəni, bu gedişatın daha çox etnikləri əhatə etməsi onların daha çox siyasi mövzulardan əziyyət çəkməsinin təsirləridir.

Amma hadisələrin iri şəhərlərə, xüsusən üç böyük mərkəzə sıçrama ehtimalları böyükdür. Tehran hələlik mərkəz funksiyasını üzərinə götürməyib. Düzdür, aksiyalar olur, lakin bunlar lokal formadadır. Güman ki, paytaxt yaxın günlərdə daha böyük güclə etirazlara başlayacaq.

İsfahanda da adda-budda etirazlar diqqəti çəksə də, əvvəlkilərdən xeyli zəifdir. Amma ocaq var və o tüstülənir. Şübhəsiz ki, onun alovlanması da müəyyən qədər vaxt alacaq.

Təbrizdə isə sakitlikdir. Düzdür, şəhərə SEPAH-ın bir neçə qarnizonu yerləşdirilib. Əlavə Bəsic qüvvələri də gətirilib. Lakin şəhərdə indiyə qədər hər hansı etiraz aksiyası baş verməyib. Azərbaycan şəhərlərindən yalnız Urmiyədə etiraz aksiyası olub. Onun da təşəbbüskarı Urmiyə Universitetinin tələbələridir.

Son günlər Rza Pəhləvinin fəallaşması və iddia ilə çıxış etməsi də müzakirə mövzusudur. Bəs, keçmiş şahın oğlunun şansı nə qədərdir? Əvvəla bildirək ki, aksiyalarda ara-sıra Pəhləvilərin adının çəkilməsi onun heç də İran cəmiyyətində böyük nüfuza malik olması anlamı daşımır. Əksinə, Rza Pəhləvinin reputasiyası o qədər pisdir ki, onun tərəfdarları daha çox tənqidə məruz qalırlar.

Digər tərəfdən, Azərbaycan və Talış şəhərləri birmənalı olaraq Pəhləvilərə qarşıdırlar. Elə İran cəmiyyətinin böyük qismi də hesab edir ki, İran şahlıq dövrünə qayıtmamalı və demokratik bir ölkə olmalıdır.

Yəni, sabah İranda hər hansı dəyişiklik olarsa, Pəhləvilərin seçilmə ehtimalları xeyli aşağı olacaq. Hətta şansının olmadığını deyən analitiklər də az deyil.

Bir digər məsələ də molla rejimindən sonrakı İranın hansı quruluşu seçəcəyidir. Bununla bağlı versiyalar çoxdur. Əsasən iki forma üzərində dayanılır. Birincisi, Respublikadır. Bunu istəyənlərin sayı az deyil.

İkincisi, Federativ Respublikadır. Bu məsələdə etniklər daha çox maraqlıdırlar. Onlar federasiyanın bir hissəsi olaraq, öz problemlərini özləri həll etmək istəyirlər. Həmçinin Tehrandan asılı olmaq fikrində deyillər. Bunu da onunla əsaslandırırlar ki, indiyə qədər Tehran onların problemlərini təməlli şəkildə həll etməyib.

Amma İrandan ayrılaraq müstəqil dövlət olmaq fikrində olanlar da var. Məsələn, bəluclar və kürdlər ayrılaraq, dövlət olmaq iddialarını gizlətmirlər. Eyni şeyi Güney Azərbaycan haqqında demək mümkün deyil. Çünki bu bölgədə çoxluq Respublika tərəfdarı kimi çıxış edir.

Analoji yanaşma türkmənlər, qaşqaylar, lorlar və talışlar üçün də keçərlidir. Onlar da ayrılaraq, İranın parçalanmasına tərəfdar deyillər.

Bəs, İranda vətəndaş müharibəsi ehtimalı varmı? Bəli, var. Həmədanda dəfn mərasiminə insanların silahla qatılması göstərdi ki, İranda etirazçılar lazım olarsa, silahdan da istifadə edə bilərlər. Bundan başqa, Tehran yaxınlığında etirazçılara divan tutan polis rəsininin maşındaca güllələnməsi onu deməyə əsas verir ki, molla rejimi sərtləşdikcə, onun qarşısına silahlı etirazçıların çıxma ehtimalı böyükdür.

Bundan başqa, nəzərə alaq ki, İrandan Bəlucistan və Kürdistanda rəsmi olaraq silahlı dəstələr var. Məsələn, Bəlucistanda “Xalq Müqavimət Hərəkatı” bölgədəki bütün silahlı dəstələri özündə birləşdirərək, silahlı müxalifət olduğunu bəyan edib. İndiyə qədər bölgədə 20-yə yaxın SEPAH zabitini öldürdükləri də rəsmi olaraq təsdiqlənib.

Kürdistanda isə PEJAK (PKK-nın İran qolu) mövcuddur. Onlar da silahlıdırlar. Bu təşkilata dəstək verənlərdən biri də Komili Partiyasıdır. Onlar da yarımhərbi təşkilat hesab olunurlar.

Bu sıraya “Əhvaz pələngləri” və digər bölgələrdəki müqavimət təşkilatlarını da əlavə etmək mümkündür. Eyni zamanda, xaricdə fəaliyyət göstərən Xalq Mücahidləri Hərəkatı da mövcuddur ki, onların mollalara qarşı silahlı müqavimət göstərmələri sahəsində ciddi təcrübələri var.

Bir sözlə, İranı ağır və ağrılı bir dövr gözləyir. Bu gün baş verənlər isə həmin ağrının ilkin sancılarıdır.

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]