İran “Qafqaz Hizbullahı”nı yaradır - Ocaq Nejatla Hacı Zülfüqarı Moskvada nə birləşdirir?
15-02-2026, 09:42

İran uzun illərdir regionda “şiə hilalı” adlandırılan geosiyasi-ideoloji xətti genişləndirməyə çalışır. Bu strategiya təkcə dini bağlılıq üzərində qurulmur, həm də siyasi təsir, ictimai rəyin formalaşdırılması və paralel şəbəkələrin yaradılması üzərindən inkişaf etdirilir.
Yaxın Şərqdən başlayaraq İraq, Suriya və Livan xətti ilə davam edən bu model Cənubi Qafqazda da özünə dayaq nöqtələri axtarır. Azərbaycan isə həm coğrafi, həm də ideoloji baxımdan bu planın həssas həlqələrindən biridir.
Birbaşa təsir imkanları zəiflədikcə, Tehran alternativ marşrutlara üstünlük verir. Son aylarda müşahidə olunan proseslər göstərir ki, Azərbaycan istiqamətində ideoloji təxribat xətti artıq Rusiyanın üzərindən davam etdirilir. Moskva mərkəzli dini fəallığın artması və azərbaycanlı icma daxilində radikal ritorikanın güclənməsi bu kontekstdə dəyərləndirilir.
Ön planda Zülfüqar, arxa planda Ocaq Necat
Hazırkı mərhələdə ən çox diqqət çəkən fiqur Hacı Zülfüqar Mikayılzadədir. Onun çıxışlarında sərt ittihamlar, dini emosiyalar üzərindən qurulan çağırışlar və qarşı tərəfi “xəyanətdə” suçlayan ritorika əsas xətti təşkil edir. Azərbaycanda fəaliyyət göstərən Möhsün Səmədov və Abgül Süleymanov kimi keçmişdə onunla eyni yolda olanlara qarşı yönələn ittihamlar, “susmaq müqavimətə xəyanətdir” tezisi Hacı Zülfüqarın Azərbaycanla bağlı maraqlarından xəbər verir.
Hacı Zülfüqar əvvəllər hakimiyyətə qarşı radikal mövqe tutmuş şəxslərin indi susmasını, fərqli mövqe tutmasını dini və mənəvi xəyanət kimi təqdim edir. Bütün imtiyazlarla təmin olunan Hacı Zülfüqarın Moskvadakı azərbaycanlılar arasında parlaması bir çoxlarının diqqətini çəkib. Lakin prosesin arxa planında daha sistemli fiqurun adı çəkilir – Ocaq Nejat. Uzun illər Azərbaycanda fəaliyyət göstərmiş, sonradan deportasiya olunmuş bu şəxs açıq şəkildə görünməsə də, ideoloji koordinasiyada rol oynadığı iddia edilir. Səhnədə danışan Zülfüqardır, amma xəttin formalaşmasında Ocaq Nejatın təsiri hiss olunur.
Deportasiya və revanş mərhələsi
Ocaq Necat illərlə Azərbaycanda İranın dini-mədəni platformasına rəhbərlik edib. Formal olaraq mədəniyyət mərkəzi rəhbəri olsa da, fəaliyyəti sırf mədəni çərçivəni aşmışdı. Gənclərin ideoloji yönləndirilməsi, dini təhsil adı altında xarici təsir kanallarının qurulması və sistemli təbliğat bu fəaliyyətin əsas istiqamətləri idi.
Onun deportasiyası İran üçün ciddi zərbə sayılırdı. Çünki bu, Bakının açıq şəkildə “paralel dini-siyasi struktur” modelini qəbul etmədiyini göstərirdi. İndi isə həmin xəttin Moskva üzərindən yenidən qurulduğu barədə iddialar var. Bu mərhələ artıq revanş xarakteri daşıyır.
Həbs prosesi və Moskvanın mövqeyi
Hacı Zülfüqar 15 noyabr 2024-cü ildə Moskvada saxlanıldı. Azərbaycan tərəfi onu dini ayrı-seçkilik yayma və ixtişaşa təhrik ittihamları ilə ekstradisiya etmək istəyirdi. Azərbaycan tərəfinin təqdim etdiyi materiallar sırf Ocaq Nejatın prossesə müdaxiləsindən sonra “yetərli” sayılmadı və nəticədə ittihamlar rədd edildi, ekstradisiya baş tutmadı.
Bu qərar sırf hüquqi məsələ kimi təqdim olunsa da, siyasi çalarlar daşıdığı barədə fikirlər səslənir. Çünki saxlanıldıqdan sonra azadlığa buraxılan Zülfüqarın ritorikası daha da sərtləşdi və fəaliyyəti daha sistemli xarakter aldı. Bu isə Ocaq Nejat faktorunun prosesdə rolunu aktuallaşdırır.
Xüms və maliyyə mərkəzləşməsi
Ən ciddi müzakirə mövzularından biri xüms məsələsidir. Ənənəvi qaydaya görə xüms ali dini rəhbərliyə və ya ayətullahlara təqdim olunur. Lakin konkret şəxsin adına xüsusi fətva verilməsi və vəsaitlərin onun ətrafında cəmlənməsi iddiaları ciddi suallar doğurur.
Məlumatlara görə, Rusiyada xüms artıq Hacı Zülfüqarın başçılığı toplanır və müəyyən istiqamətlər üzrə yönləndirilir. Bu mexanizm dini öhdəlikdən çox təşkilati-maliyyə strukturuna bənzəyir. İdeoloji legitimlik Tehrandan, əməli koordinasiya isə Rusiyadan təmin olunur. Bu model təsadüfi təşəbbüs yox, planlı şəbəkə görüntüsü yaradır. Xüms məsələsi ilə bağlı da Ocaq Nejatın ayətullahdan fətva aldığı və bu şəkildə Hacı Zülfüqarın heç də az olmayan, milyonlarla dollarlıq sərvətə nəzarət imkanı tanıdığı vurğulanır.
“Qafqaz Hizbullahı” iddiası
Buradakı məqsəd isə sadəcə Azərbaycan deyil. Azərbaycan, Dağıstan, Gürcüstan və digər Qafqaz respublikalarından olan dindarlardan “Qafqaz Hizbullahı”nı yaratmaqdır. İddialara görə, Azərbaycan, Dağıstan, xüsusilə Dərbənd və Gürcüstan istiqamətində fəaliyyət planlaşdırılıb. Əsas kontingentin Rusiyada yaşayan azərbaycanlılardan ibarət olduğu bildirilir.
Məlumatlara əsasən, Rusiyada bu xəttə qarşı çıxan şəxslər təcrid olunur, nüfuzdan salınır və kənarlaşdırılır. Məqsəd Hacı Zülfüqarın liderliyində vahid radikal mərkəz formalaşdırmaqdır. Mövqeyini dəyişən və ya neytral qalmağa çalışan din xadimləri “müqavimətə xəyanət” etiketi ilə damğalanır.
Geosiyasi nəticələr
Bütün bu proseslər göstərir ki, məsələ təkcə dini mübahisə deyil. İranın “şiə hilalı” strategiyası çərçivəsində Azərbaycan istiqamətində yeni mərhələ başlayıb. Birbaşa təsir imkanları məhdudlaşdıqca, Moskva üzərindən dolayısı mexanizmlər işə salınır. Məsələ burasındadır ki, Ocaq Nejatın pərdəarxasından idarə etdiyi, Hacı Zülfüqarın baş rolda olduğu “Qafqaz Hizbullahı” modelindən Rusiya xüsusi-xidmət orqanlarının da xəbəri var və Qumda keçirilən silahlı təlimlərin podMoskva adlanan yerdə təkrarlanmasına göz yumurlar.
Əgər iddialar təsdiqlənərsə, bu, həm Azərbaycan-Rusiya münasibətlərinə, həm də regiondakı dini balanslara təsir göstərə bilər. Azərbaycan üçün əsas çağırış dini azadlıqla milli təhlükəsizlik arasında həssas balansı qorumaqdır.
“Yeni Çağ”

