Ölkəmizdə bütün ailələrin banklara istehlak borcu var
22-02-2026, 09:47

Ölkəmizdə əhalinin sosial vəziyyəti və gəlir səviyyəsi ilə bağlı 2 mühüm hesabatları təqdim edəcəm. Hər iki sahə ilə bağlı hesabatlar ölkə iqtisadiyyatı üçün islahatların nə qədər mühüm olduğunu göstərir. Bunun biri Dünya Bankının, digəri isə Mərkəzi Bankın hesabatıdır.
Dünya Bankının hesabatında yazılır: “Azərbaycanda 10 faiz əhali qrupu ölkədəki sərvətlərin 58 faizinə sahibdir. Əhalinin yarısının, yəni 50 faizinin ümumi sərvətdə payı cəmi 5 faizdir. Əhalinin 1 faizi (100 min nəfərin) ölkədəki ümumi sərvətin 23 faizinə sahibdir. Varlıların sərvəti kasıbların sərvətindən 120 dəfə çoxdur. Azərbaycanda insanların son 20 ildə pul toplamaq imkanları kəskin şəkildə zəifləyib. Belə ki, 2005-cü ildə adambaşına orta illik yığım səviyyəsi 475 dollar təşkil etmişdisə, 2024-cü ildə isə bu rəqəm -88 dollara düşüb. Yəni son illərdə insanlar nəinki yığım edə bilmirlər, hətta adambaşına 88 dollar borclanırlar.”
TEREF yazır ki, bunu iqtisadçı ekspert Məmməd Talıblı yazır. Məmməd Talıblı daha sonra davam edərək yazır:
Bunun başqa bir görsənişini də kommersiya banklarında istehlak kreditlərinin həcminin sürətlə artmasında görmək olur. Mərkəzi Bankın hesabatına görə, ötən il 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankda istehlak kreditləri ümumi kredit portfelinin, təxminən 1\3 və ya 31 faizini təşkil edib. 2023-cü illə müqayisə 2024-cü ildə istehlak kreditlərinin həcmi təxminən 1,5 mlrd. manat artıb.
Həmin tendensiya ötən ildə də bir az da yüksələrək əhalinin daha çox hissəsinin istehlak krediti götürməsinə gətirib çıxarıb. Hazırda ölkəmizdə 3 milyondan çox vətəndaşlarımız banklardan istehlak krediti üzrə borclanıblar. Ölkədə ortalama olaraq ailələrin 4,4 nəfər olduğunu nəzərə alanda, məlum olur ki, ölkəmizdə bütün ailələrin banklara istehlak borcu var. İstehlak borcu olmayanın isə ya biznes, yaxud da ipoteka borcu var.
Bu zaman iqtisadi islahatlar üçün 2 mühüm həlqə nəzərə alınmalıdır. Bir tərəfdən ölkəmizə gələn resurs pullarının yaratdığı gəlir bərabərsizliyi nisbətinin kəskin bazar aktorları üzrə bölgüsü üzrə dövlətin iqtisadi alətlərdən istifadəsi ilə bağlıdır.
İqtisadi nəzəriyyədən bildiyimiz kimi, dövlətin əsas iqtisadi funksiyalarından biri gəlir bərabərsizliyini yumşaldılması üçün effektiv tənzimləmə alətlərindən istifadə etməsi ilə bağlıdır.
Digəri əhali gəlirlərinin artması fonunda borclanmanın səbətinin dəyişməsinə dair siyasət alətlərini yaxşılaşdırılmasıdır.
Başqa sözlə istehlak kreditlərinin azalması hesabına biznes kreditləri üzrə borclanmanın optimallaşdırılmasıdır. Bildiyimiz kimi istehlak kreditləri insanların gəlirlərinin və yığımlarının dinamikasının real vəziyyətinin hansı yerdə olmasını aydın göstərir.
Buna görə, iqtisadi islahatlar üçün zəif bəndləri və onların diaqnostikasını dəqiq müəyyənləşdirməliyik.
Məmməd Talıblı
TEREF

